Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Heydər Əliyev Muzeyində olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, ötən ildən başlayaraq keçirilən muzey bələdçiləri üçün seminar-treninqlərin əsas məqsədi muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Bu tədbirlər zamanı bələdçilər vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında da ətraflı məlumat alıblar. Eyni zamanda seminar-treninqlər muzey işçilərinin qədim diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmasına şərait yaratmaq baxımından da əhəmiyyətlidir.
Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Diqqətə çatdırılıb ki, muzey bələdçiləri muzey işi və muxtar respublikada gedən yeniliklərdən xəbərdar olmalı, sualları elmi əsaslarla cavablandırmalıdırlar. Bu gün muxtar respublikamıza gələn turistlərə qədim diyarımız haqqında ətraflı məlumat vermək üçün muzey bələdçisi daim öz üzərində çalışmalı, tariximizi və mədəniyyətimizi dərindən bilməlidir. 2017-ci ilin birinci yarımilində muzeylərimizdə 217 mindən çox ziyarətçi olmuşdur ki, bunun da 45 minə yaxını xarici ölkə vətəndaşıdır. Ötən yarımildə muzeylərimizə 800-ə yaxın eksponat daxil olmuşdur. Vətəndaşlar tərəfindən muzeylərimizə təqdim edilən eksponatlar bu sahədə müsbət nəticələrin olduğunu göstərir.
Sonra Heydər Əliyev Muzeyinin bələdçisinin təqdimatında ekspozisiyaya baxış olub.
Sonda ekskursiya mətni müzakirə edilib, metodik tövsiyələr verilib.
Qeyd edək ki, muzeylərdə seminar-treninqlər ilin sonunadək davam etdiriləcəkdir.
Əli RZAYEV