23 Dekabr 2024, Bazar ertəsi

 

 

 

El-el gəzib, dildən-dilə düşüb, könüllərə su səpib, ruhu qanadlandırıb, elimizdə, ulusumuzda yaranan mahnı-oyunlar. Qanad açıb, işıq saçıb, yer üzünə səs-soraq salan bu mahnıların hər birinin öz rəngi, öz ahəngi var. Hər kəlməsi ürəklər fəth edən, könüllər oxşayan həmin mahnı-oyunlar dildə-dodaqda gəzib, sazda-sözdə ötüb, nəğmə olub dilləri bəzəyib: 

Arazda seçim gördüm,
Çəkdikcə üzüm gördüm.
Elə nəğmə oxudum,
Sözlərin gücün gördüm.

Mahnı-oyunlarımız el sorağı, məclislər yaraşığıdır. Hicrandır, vüsaldır, qəmə qəmxardır, sevincə yardır. Gülümeylər isə bu mahnı-oyunların yaraşığıdır.

Əzizinəm sırası,
Ürəyimin parası
Baxanı heyran qoyar
Bizim gülümey havası.

Söz ki gülümeylərdən düşdü, elə Kəngərli obasına məxsus olan “Gülümey” mahnı-oyunundan bəhs edək. Buna “dilyallısı” da deyirlər. “Gülümey”in, adətən, 12 nəfər qızdan ibarət üzvü olur. Əvvəl həzin nağara ritminin sədaları altında əsas hissəni ifa edən qız milli geyimdə ortaya çıxır və: “Ay qızlar, ay qızlar, gülümeyə gəlin, gülümeyə”, – deyə qızları gülümeyə çağırır.

Sağdan və soldan iki dəstəyə bölünmüş qızlar barmaq-barmağa tutaraq meydana çıxar və gülümey gedərlər. Qızları gülümeyə səsləyən başçı ortada dayanıb oxuyar, dəstələr gülümey gedə-gedə nəqərat hissəni təkrar edərlər:

Ay gülümey, ey gülümey,
Kəngərliyə gələn qız,
Ay gülümey, ey gülümey,
Böyük, kiçik bilməli.

Ay gülümey, ey gülümey,
Kəngərlidən gedən qız,
Ay gülümey, ey gülümey,
Göz yaşını tökməli.

Qeyd edək ki, gülümeylər, əsasən, xınayaxma məclislərində, toy və el şənliklərində gedilər. Gülümey gedə-gedə sözlər arasına haxıştalar da əlavə edərlər. Onu da qeyd edək ki, gülümeylər bir variantda deyil, bir neçə variantda gedilər. Gülümeylərdə bayatılar daha böyük təkamül yolu keçib. Bayatı öz məcrasından çıxır, bəzən də musiqiyə görə bölgülərin sayı artır, tamamilə yeni bir forma alınır:

Ağababam ağ olaydı,
Ay gülümey, ay gülümey.
Dörd yanı bağ olaydı,
Ay gülümey, ay gülümey.
Kaş mən sevən oğlanın,
Ay gülümey, ay gülümey.
Anası sağ olaydı,
Ay gülümey, ay gülümey.

Naxçıvan üçün səciyyəvi olan “Gülümey” oyunu başqa oyunlardan bayatıların oxunması baxımından seçilir. Gülümeylərin yaranma tarixinə getsək, ən əvvəl onu qeyd etməliyik ki, qədim insanlar bu oyunları icra etməklə, avazla bu nəğməni oxumaqla təbiətə təsir göstərmək, torpağın bərəkətliliyini artırmaq istəyiblər.
Qədim el mahnı-oyunu olan gülümey gedən dəstənin geyimləri fərqlənər, əsasən, xına, toy məclislərinə uyğun geyimlər olarmış. Kəngərli bölgəsinə aid olan el şənliklərində, xınayaxma mərasimlərində ifa olunan gülümey oxunuş və oynamaq qaydasına görə də fərqlənir. Hər bəndi dörd misralı olan və bütün misralarının sonunda “gülümey” sözü təkrarlanan mahnı-oyunda qızlar nəqəratı əl hərəkətləri vasitəsilə təkrarlayaraq çatdırırlar.
Naxçıvan özünün rəngarəng folklor nümunələri ilə həmişə fərqlənib. Bu qədim diyarda rast gəlinən nümunələr məhz regionu­muz üçün xarakterikdir:

Qızılgülü dərərlər,
Gülə qulluq edərlər,
Bir qardaş toyunda
Bu güldən çələng hörərlər.

Söz yüklü folklorumuz bizə çox şeydən söz açır. Onun yaddaşında yaşayan və onu yaşadan həqiqət tarixindən danışır. Hər qaya parçasında, hər dağında, daşında bir mahnıya dönmüş həqiqətdən danışılır. Bəzən son dərəcə adi görünən bir xalq deyimində o qədər böyük həqiqətlər çatdırılır ki, onları dinlədikcə könlünə nə qədər məlhəm olduğunu hiss edirsən. Bəli, ilkinlikdən – mifik başlanğıcdan adi məişət görüntülərinəcən nə varsa, poetik dünyanın predmetinə çevrilib, illərdən-illərə, nəsillərdən-nəsillərə ərməğan edilib.
Hər bir mahnı-oyunda göstərilən ünvan folklor yurdudur. İllər ötüb, nəsillər dəyişib, köhnələr təzələnib, ancaq bu yurdun nümunələri, folklor xəzinəsi olduğu kimi qalıb. Zaman keçdikcə unudulan belə gülümeylərimizdən çoxu bu günümüzə gəlib çatmayıb. Hazırda əgər “Gülümey”in üç variantı Naxçıvanda yaşadılırsa, bəlkə də, sonrakı tədqiqatlar bunun daha çox variantlarını aşkara çıxaracaq.
Folklorun düzgün dərki xalqı özünə tanıtdırır. Folkloru tədqiq etmək, şifahi xalq ədəbiyyatı nümunələrinə dair fikir söyləmək klassik irsin, zəngin ənənənin öyrənilməsi deməkdir. Bəli, bu gün folklor nümunələrimizi öyrənməklə biz bu irsin davamçılarına çevrilirik.

Şölə QADİRQIZI
Azərbaycan Respublikasının Əməkdar jurnalisti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR