Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış və nazirliyin sisteminə daxil olan kitabxanalarda müvafiq kitab guşələri yaradılmışdır.
Avqust ayında muzey bələdçilərinin peşə biliklərinin artırılması məqsədilə Hüseyn Cavidin ev-muzeyində, Heydər Əliyev Muzeyində muzey bələdçiləri üçün seminar-treninqlər keçirilmiş, muzeylərin fond mühafizlərinin Naxçıvan Dövlət Tarix Muzeyində təcrübə məşğələləri davam etdirilmişdir. Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi də diqqət mərkəzində saxlanılmış, muzeylərə 76 yeni eksponat daxil olmuşdur. Naxçıvan Dövlət Xalça Muzeyində muzey fondlarının zənginləşdirilməsində səmərəli fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevlə görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmişdir. Ötən ay muzeyləri 41 mindən çox tamaşaçı ziyarət etmişdir ki, onun da 11 mindən çoxu xarici ölkə vətəndaşı olmuşdur.
Avqust ayında kitabxanalarda “Kitabxanaçı günü”, “Nağıl günləri”, “Mütaliə günləri” ilə bağlı tədbirlər davam etdirilmişdir. Ümumilikdə, 47 mədəni kütləvi tədbir keçirilmiş, 20 sərgi təşkil olunmuşdur. Kitabxanalara 13 mindən çox oxucu gəlmişdir ki, onun da 287-si yeni üzv olanlardır.
Muxtar respublikanın turizm potensialının təbliği də diqqətdə saxlanılmış, Turizm İnformasiya Mərkəzinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində 106, “Youtube” videoportalındakı kanalında 22 məlumat-videoçarx yerləşdirilmişdir. Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə muxtar respublikanın turizm imkanları ilə bağlı materialların göndərilməsi də diqqət mərkəzində saxlanılmış, 10-dan çox xarici ölkəyə, Azərbaycanda fəaliyyət göstərən 183-dən çox turizm şirkətinə və bölgələrdə yerləşən 13 turizm informasiya mərkəzinə, ümumilikdə, 225 məlumat göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti