Dünən Kəngərli Rayon Mədəniyyət Evində Milli Musiqi Günü ilə bağlı dahi bəstəkarımız Üzeyir Hacıbəyovun ömür yolundan bəhs edən ikiseriyalı “Uzun ömrün akkordları” filmi nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək böyük bəstəkarımızın həyat və fəaliyyətinə həsr olunmuş bu filmin 1981-ci ildə çəkildiyini bildirib. Qeyd edib ki, filmin ssenari müəllifi və rejissoru Xalq yazıçısı Anardır. Ekran əsərində bəstəkarın “Leyli və Məcnun”, “Arşın mal alan”, “Koroğlu” kimi əbədiyaşar əsərlərinin yaranma tarixindən söhbət açılır. Filmin maraqlı cəhətlərindən biri də burada bəstəkarın müasirlərinin – H.Zərdabi, Ə.Haqverdiyev, M.Maqomayev, H.Sarabski, C.Qaryağdıoğlu və başqalarının obrazlarının yaradılmasıdır. Filmdə bəstəkarın musiqisindən də geniş istifadə edilmişdir.
Sonra Qıvraq qəsəbə Uşaq Musiqi Məktəbinin müəllimi Nigar İbrahimova “Azərbaycan musiqi mədəniyyəti tarixindən” mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycan musiqi mədəniyyəti çox qədim və zəngin ənənələrə malikdir. Muğamlar, musiqi folkloru, aşıq musiqisi və XX əsrdə formalaşmış və inkişaf etmiş Azərbaycan bəstəkarlıq məktəbi ecazkar və sehrli sənətimizin əzəmətini və möhtəşəmliyini aydın göstərir. Dərin məzmunu, yüksək milliliyi və bəşəriliyi ilə seçilən Azərbaycan musiqisi iftixar mənbəyimizdir.
“Uzun ömrün akkordları” bədii filmi tamaşaçılar tərəfindən maraqla izlənib.
Əli RZAYEV