Bir xalqın, ölkənin tarixinin öyrənilməsində maddi-mədəniyyət nümunələrinin tədqiqi əhəmiyyətli rol oynayır. Tarixi abidələr məxsus olduqları dövrün xüsusiyyətlərini özlərində əks etdirirlər. Onların tədqiq edilməsi ilə müxtəlif dövrlərdə xalqların məşğuliyyəti, həyat tərzləri, mədəniyyətləri haqda ətraflı fikir formalaşdırmaq mümkündür.
Azərbaycan tarixi abidələrlə zəngin olan ölkələrdən biridir. Aparılmış arxeoloji qazıntılar və elmi tədqiqatlar nəticəsində ölkəmizin ərazisində aşkar olunmuş qədim dövrlərə məxsus abidələr, yaşayış məskənləri və digər maddi-mədəniyyət nümunələri bu ərazidə yaşamış insanların həyatı ilə bağlı bir çox suallara cavab verir.
Qədim Naxçıvan ərazisi tarixi abidələrin zənginliyinə görə Azərbaycanda özünəməxsus yer tutur. Bu qədim diyar antik, orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri, ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəllər, türbələr, körpülər və digər tarixi abidələrlə zəngindir. Bu abidələr əcdadlarımızın ictimai, mənəvi həyatını, adət-ənənələrini və mədəniyyətini öyrənmək üçün qiymətli mənbədir.
Muxtar respublika ərazisində qəbirüstü xatirə abidələri də geniş yayılıb. Bunların böyük bir qismini müxtəlif növ daşlardan hazırlanmış qoç və qoyun heykəlləri təşkil edir. Naxçıvan Muxtar Respublikasının ərazisi bu heykəllərin yayılmasına görə Azərbaycanda ilk yerlərdən birini tutur. Naxçıvandan başqa Qarabağ, Lənkəran, Gəncə və digər bölgələrdə də bu cür abidələrə rast gəlinir. Bu fiqurların geniş yayılması burada yerli əhalinin qədimdən heyvandarlıqla məşğul olduğunu göstərir. Qoç qədim türk xalqlarında güc, qüvvət, bolluq rəmzi hesab edilib, dadlı və keyfiyyətli əti isə əhalinin əsas ərzaq məhsullarından olub.
Azərbaycan ərazisindəki daş qoç və qoyun heykəlləri ölkəmizə gələn səyyah və tarixçilərin diqqətini cəlb edib və onlar öz əsərlərində bu abidələr haqqında maraqlı məlumatlar veriblər. Ölkəmizdə epiqrafik abidələrin tanınmış tədqiqatçılarından olan AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirir ki, daş qoç və qoyun fiqurları çox qədim tarixə malikdir. Qəbirlərin üzərinə qoyun və qoç fiqurlarının qoyulmasını qədim türk tayfalarının dəfn adətləri və inamları ilə əlaqələndirirlər. Xalq arasında belə fikir var imiş ki, qəbirlərin üzərinə qoyulan bu heykəllər dəfn edilənlərin axirət dünyasında cənnətə getmələrinə kömək edəcək. İslam dini regionda geniş yayıldıqdan sonra qəbirüstü fiqurlar bütpərəstliyi xatırlatdığına görə daha az istifadə olunmağa başlayıb.
Fəxrəddin Səfərli deyir ki, yerli əhalinin daşdan hazırlanmış bu heykəllərə güclü inam bəsləməsi sonralar bu ərazilərə köçürülmüş ermənilərin də onlara ehtiramla yanaşmasına səbəb olub. Onlar bu fiqurları qədim qəbiristanlıqlardan gətirib öz qəbirlərinin də üstünə qoymağa başlayıblar. Ancaq ermənilər bununla da kifayətlənməyiblər, ötən əsrin sonlarından etibarən bu heykəlləri ərazilərimizdən kütləvi surətdə oğurlayıb aparıblar. Bu abidələri Ermənistan ərazisində müxtəlif yerlərə düzərək erməni mədəniyyət abidələri kimi təqdim etməyə çalışırlar.
Qeyd edildiyi kimi, daş qoç və qoyun fiqurları qədim türk xalqlarının inamları və dəfn adətləri ilə bağlıdır. Bir müddət bu adətdən vaz keçilsə də, Azərbaycan ərazisində Qaraqoyunluların və Ağqoyunluların hakimiyyətdə olması bu adətin yenidən yayılmasına səbəb olub. Bu fiqurların böyük qismi sadə qoç və qoyun formasında hazırlansa da, bir qisminin üzərində türk xalqlarının məişətinə, məşğuliyyətinə, incəsənətinə aid müxtəlif təsvirlər də həkk edilib. Tək-tək hallarda isə bədəni sənduqə şəklində, baş tərəfi isə qoç başı formasında hazırlanmış abidələrə təsadüf olunur. Müşahidələr göstərir ki, qəbirüstü abidələr üzərində həkk olunmuş təsvirlər, əsasən, mərhumun peşəsini əks etdirir. Sənətkarlara ehtiram olaraq onların ölümündən sonra bu cür abidələr qəbirləri üzərinə qoyulurdu. Adətən, belə heykəllər varlı insanlara məxsus olurdu. Tədqiqatçılar təsdiq edirlər ki, üzərində saz təsviri olan qəbirlər aşıqlara məxsusdur. Bundan başqa, qoç heykəlinin üzərində sazla birlikdə qılınc təsvirinin həkk edilməsi Azərbaycan türklərinin folkloru və etnoqrafiyası üçün səciyyəvi haldır. Culfa bölgəsinin Gülüstan kəndi yaxınlığında, Araz çayının sol sahilində yerləşən qəbiristanlıqda üzərində əlində saz tutmuş insan təsvirləri olan qoç heykəli də aşkar olunub. Bu abidə musiqi tariximiz üçün qiymətlidir, ərazidə saz sənətinin inkişafından, həm də orta əsrlərdə burada musiqi məclislərinin keçirilməsindən xəbər verir.
Ordubad, Culfa, Şahbuz, Şərur bölgələrində aşkar olunmuş bu cür qəbirüstü abidələrin üzərində ov təsvirləri vardır. Təsvirlərdə ox, kaman, ovçu, öküz təsvirlərini görmək mümkündür. Daş qoç və qoyun heykəllərinin bir neçəsinin üstündə isə at təsvirləri yer alıb. Heykəlin üzərində yəhərli at və qılınc təsviri var. Naxçıvanın digər bölgələrində də üzərində at təsviri olan qəbirüstü daş qoç və qoyun heykəlləri aşkar olunub. Bunun səbəbi türk xalqlarında atın böyük hörmətə və məhəbbətə layiq olmasıdır.
Şərur ərazisində tapılmış bir qoç heykəli üzərində isə dəvə karvanı təsvir olunub. Bu təsvir orta əsrlərdə Naxçıvanda dəvədən nəqliyyat vasitəsi kimi istifadə olunduğunu göstərir. Həmçinin bu təsvir Naxçıvan ərazisinin keçid bölgəsi olduğu və burada dəvəçiliyin inkişafı barədə məlumat verir.
Daş qoç və qoyun heykəllərinin bir qrupunun üzərində çoxlu təsvirlərlə yanaşı, kitabələr də vardır. Burada dini xarakterli kəlamlar və mərhumun adı həkk olunub. Hesab edilir ki, heykəllər qədim dövrdə hazırlansa da, ərəb kitabələri orta əsrlərdə bura əlavə olunub.
Naxçıvan Muxtar Respublikasının bölgələrindən gətirilmiş müxtəlif tarixi daş abidələrin böyük bir qismi Naxçıvan şəhərində yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində mühafizə olunur. Mövzu ilə bağlı kompleksdə olduq. Söhbət zamanı kompleksin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova bildirdi ki, burada, ümumilikdə, 226 müxtəlif daş abidə nümayiş etdirilir. Bunların da 70-dən çoxu daş qoç və qoyun fiqurlarıdır. Bütün bu abidələr qədim zamanlardan bəri türklərin bu ərazilərdə tarixin erkən dövrlərindən yaşadığını sübut edir. Bu daş abidələr tarixin sınağından keçərək bu günümüzə gəlib çatıb. Bu abidələr özü ilə birlikdə qədim türk xalqlarının minilliklərə sığmayan tarixini, mədəniyyətini də bu günümüzə çatdırıb.
Xəyal Quliyev