23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası 2018-ci ildə İslam mədəniyyətinin mərkəzi olmağa hazırlaşır. Burada olan çoxlu sayda arxeoloji abidələr mədəniyyət turizmi, arxeoloji ekspedisiyalar və davamlı iqtisadi inkişaf kimi müxtəlif sahələrin inkişafına şərait yaratmış, həmçinin xeyli sayda beynəlxalq ekspertlərin regionun qədim tarixi haqqında biliklərini genişləndirmişdir. Bütün bu diqqətəlayiq nailiyyətlər 20 ildən artıqdır, Ermənistan tərəfindən iqtisadi blokadaya məruz qalmış, sülh və təhlükəsizliyin möhkəm təmin olunduğu Naxçıvan Muxtar Respublikasında həyata keçirilir. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası qonşu dövlətlərlə mühüm diplomatik münasibətlər qurmuş, şəhərlərin inkişafı, ictimai işlər, həmçinin bütün təhsil sahələrində tədrisin inkişaf etdirilməsi və təhsil infrastrukturuna xüsusi diqqət yetirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bütün bu nailiyyətləri mükəmməl nümunə kimi Avropa və Asiyanın bir çox ölkələrində tətbiq oluna bilər.
“Axura Kültəpəsi” yaşayış məskəni Antik dövrə aid olub, Şərur rayonunda, Qoşatəpədən 2 kilometr şərqdə, Axura çayının sahilindəki təpəliklərin üzərində yerləşir. Bu yaşayış məskəni 7-8 hektar ərazini əhatə edir. Tanınmış beynəlxalq arxeoloqlar ərazidə qazıntı işləri aparmışlar və 1,5 metr dərinlikdə divar qalıqları aşkar etmişlər. Professor V.Baxşəliyevin fikrincə: “Davam edən qazıntı sahəsindən 20-25 santimetr qalınlığında kül təbəqəsi, osteoloji və bitki qalıqları, gil qab parçaları və digər əhəmiyyətli əşyalar tapılmışdır”.

“Axura Nekropolu I” arxeoloji abidəsi orta dəmir dövrünə aiddir və Şərur rayonunun Axura kəndində yerləşir. Təəssüf ki, bu milli abidənin bir hissəsi Axura kəndi yaxınlığındakı selbasar ərazidə baş vermiş sel daşqını nəticəsində zədələnmişdir. Əraziyə səfər edənlər və turistlər bu cür təsirli xüsusiyyətlərə malik olan konusvarı başdaşlarını orada görə bilərlər. Ərazidən dərinliyi 1,5 metr olan 2 qəbirdən uzunluğu 185 santimetr olan kişi skeleti aşkar edilmişdir.
“Axura Nekropolu II” arxeoloji abidəsi Antik dövrə aiddir və Şərur rayonunun şərq tərəfindəki Axura I nekropolundan 1 kilometr məsafədə, Axura çayının sağ sahilində yerləşir. Arxeoloji tədqiqatlar nəticəsində iki qəbir öyrənilmiş və onların torpaq qəbirlərdən ibarət olduğu müəyyənləşdirilmişdir. Qəbirlərdən kiçikölçülü saxsı qab qırıqları və sair maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.
“Axura Nekropolu III” Şərur rayonunun Axura kəndinin yaxınlığında yerləşir. Buradakı qəbirlər şərq istiqamətinə qazılmışdır. Bəzi qəbirlərin üzərində ərəb dilində kitabələri olan sənduqə tipli sinədaşları və qoç daşları olmuşdur.
“Albantəpə” arxeoloji abidəsi qədim dövrə aiddir və 5 hektar ərazini əhatə edərək Şərur rayonunun Axura kəndinin qərb tərəfində yerləşir. Bu yaşayış məskəni 1979-cu ildə milli abidə olaraq qeydə alınmış və dağlarla əhatə olunmuş təpəliklərin üzərində yerləşir. Professor A.İ.Novruzlunun fikrincə: “Albantəpə qərb istiqamətdən Axura çayı ilə sərhəddir. 1979-1985-ci illərdə aparılan tədqiqatlar bu mühüm arxeoloji əraziyə daha çox fikir yönəltmişdir. Yerin 1,5 metr dərinliyində olan mədəni qatının daxilində 6-7 santimetr qalınlığında kül qatı aşkar edilmişdir ki, bu kül qatı təsdiq edir ki, həmin yaşayış məskəni yandırılmışdır”. 1985-ci ildə Albantəpədə aparılmış qazıntılar zamanı oradan zəngin mədəni qat aşkar edilmişdir. Professor Novruzlunun fikrincə: “Bu divar daşlardan inşa edilmiş, hər iki tərəfdən qalınlığı 2,5-3 santimetr olan gil suvaqla örtülmüşdür”. Ərazidən həmçinin müxtəlif çürüntü qalıqları, divarlar, osteoloji materiallar, üzərinə mina qatı çəkilmiş müxtəlif gil qab nümunələri tapılmışdır. Aparılmış arxeoloji tədqiqatlar həmçinin təsdiq edir ki, Albantəpə çoxtəbəqəli bir abidədir və yüz illər boyu həyat orada daimi olaraq davam etmişdir. Tədqiqatlar zamanı xeyli sayda keramika məmulatı, dəmirdən hazırlanmış əmək alətləri və silahlar da ərazidən aşkar edilmişdir. (Qafqazın digər ərazilərindən fərqli olaraq buradan daha çox keramika nümunələri aşkar olunmuşdur). Ərazidən küp, küpə, qazan, ikiqulplu qablar, vazalar, ağzı novçalı qablar, ördəkburunlar və onların kiçikölçülü parçaları və kirəmitlər tapılmışdır.
Qeyd edilməlidir ki, buradan tapılmış kirəmit qabların forması uzunsov şəkildədir və dünyada çox nadir hallarda rast gəlinir. Yerli əhali bu yaşayış məskənində eramızdan əvvəl V-I əsrlərdə yaşamışdır. Albantəpədə aşkar edilmiş sütun altlığı turistlərin görə biləcəyi qeyri-adi cazibədarlıqdır. Bu abidələr Naxçıvan dövlətinin yerli əhali ilə əməkdaşlığı sayəsində qorunub saxlanmışdır. YUNESKO rəhbərliyi bu nadir abidələrin qorunmasına dəstək olmaq və maliyyə yardımı göstərməklə bu dəyərli arxeoloji sahələrlə yaxından maraqlanmalıdır. Sütun altlıqlarının səthləri elə bir üsulla tikilmişdir ki, ərazidə mövcud olan geniş tikililərin olduğunu sübut edir. Bu orijinal tapıntılar Şərur rayonundakı Albantəpəni mədəni turizm üçün mühüm beynəlxalq mərkəzə çevirir və beynəlxalq arxeoloji tədqiqatlara yol açır. Möminə xatın türbəsi kimi Albantəpə bütün dünyaya Azərbaycan arxeologiyasını təqdim etmək üçün mühüm rol oynayır.

Peter Tase
04.03.2017
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” və
“Eurasia review” qəzetləri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR