Türkiyənin Qars-Qafqaz Universitetinin Dövlət Konservatoriyasının müəllimləri Ceyda Çınardal, Levent Çınardal və Eldar İbrahimoğlu Naxçıvan Dövlət Universitetində “Trio” konsert proqramı ilə çıxış ediblər.
İfaçılar görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun, xarici klassiklərdən Hendelin, Haydnın, Kodallının və Rossinin məşhur əsərlərini səsləndiriblər. Tədbirdə həmçinin İncəsənət fakültəsinin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimovanın fortepiano ifasında Səid Rüstəmovun “Oxu tar” əsəri və tələbə Rüstəm Zeynalovun ifasında muğam səslənib.
Sonda konsert və ifalarla bağlı təəssüratlarını bölüşən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov belə tədbirlərin Naxçıvan Dövlət Universiteti ilə Türkiyə universitetləri arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Rektor qeyd edib ki, universitetimiz dünya universitetləri ilə, həmçinin Türkiyənin bir sıra ali təhsil müəssisələri ilə müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edir və bu əlaqələr gündən-günə genişlənir, inkişaf edir. Konserti yüksək qiymətləndirən rektor eyni səpkidə musiqili tədbirin İncəsənət fakültəsi tələbələrinin iştirakı ilə Türkiyədə də keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Telli Mustafayeva