Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış görkəmli Azərbaycan şairidir. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib.
Bu fikirlər Naxçıvan Dövlət Universitetində “Molla Pənah Vaqif – 300: Azərbaycançılıq məfkurəsi. Poetik ənənə” mövzusunda keçirilən elmi konfransda səsləndirilib.
Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Molla Pənah Vaqifin ədəbi irsindən danışıb. Bildirilib ki, Azərbaycan tarixinə həm də siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib.
Rektor qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci il yanvarın 12-də imzaladığı “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı şairin yaradıcılığına göstərilən ehtiramın ifadəsidir.
Filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov “XIX əsr Ordubad ədəbi mühitində Molla Pənah Vaqif ənənələri” adlı məruzəsində XIX əsrin ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr olduğunu qeyd edib, həmin dövrdə Bakıda yaradılmış bir sıra ədəbi məclislərin, Ordubadda isə “Əncüməni-şüəra”nın fəaliyyətindən bəhs edib.
Vurğulanıb ki, Ordubadda yaradılmış ədəbi məclisin 25-ə yaxın üzvü olub və onların bir qismi Sədi, Hafiz, Xəyyam, Nizami, Füzuli kimi klassik Şərq şairlərinin mütərəqqi ənənələrini davam və inkişaf etdirib, ikinci bir qismi isə Molla Pənah Vaqif, Heyran xanım, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Qüdsi və başqa realist sənətkarların ədəbi irsindən bəhrələnərək zamanın tələbindən doğan aktual mövzulara müraciət ediblər. Filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova “Molla Pənah Vaqifin dil-üslub xüsusiyyətləri” adlı məruzəsində görkəmli şairin heca vəznində yazdığı şeirlərdə xalq dilinin zəngin xəzinəsindən sənətkarlıqla istifadə etdiyini, onu ədəbi-bədii dil səviyyəsinə qaldırdığını bildirib.
“Azərbaycan ədəbi dilinin zənginləşməsi və saflaşmasında Molla Pənah Vaqif lirikasının rolu” adlı məruzə ilə çıxış edən universitetin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Mədət Səfərov Vaqif lirikasının əsas mövzu və ideya istiqamətlərindən, onun Azərbaycan şeir tarixinin inkişafındakı xidmətlərindən danışıb.
Tədbirin bədii hissəsində universitetin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə I kurs tələbələri Molla Pənah Vaqifin “Görmədim”, “Hayıf ki, yoxdur”, “Bax”, “Qurban olduğum”, “Bəri bax”, “Düşərmi” şeirlərini bədii qiraət ediblər.
Xəbərlər şöbəsi