Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu əməkdaşlarının 2006-cı ildən etibarən apardıqları tədqiqatlar zamanı bu günə kimi Naxçıvan ərazisində 1202 tarix və mədəniyyət abidəsi müəyyənləşdirilib. Toplanılan məlumatlar əsasında onların pasport-qeydiyyat kartı hazırlanıb.
Naxçıvanın qədim, orta əsr və müasir tarixini öyrənmək üçün çox dəyərli mənbə olan bu abidələrdən 57-si dünya, 485-i ölkə, 660-ı yerli əhəmiyyətlidir ki, bunların da 825-i ilk dəfə olaraq tarixçi alimlərimiz tərəfindən aşkar olunub.
Qeyd edək ki, aparılan arxeoloji tədqiqatların nəticəsi olaraq bir sıra dəyərli kitablar nəşr edilib, yüzlərlə məqalələr işıq üzü görüb. Həmçinin Naxçıvanın abidələri ilə bağlı saytlar yaradılıb.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi