23 Dekabr 2024, Bazar ertəsi

Araz mənim dünənimin, bu günümün şahidi.
Araz mənim sevincimi, dərdlərimi daşıyır.
Xan Arazın sahiliylə addımlasan görərsən
Bu sahildə min kitablıq cild-cild tarix yaşayır.

Əslində, Araz boyunca yerləşən Naxçıvan özü bir abidədir və yaxud Naxçıvan ərazisində yerləşən bütün abidələri Araz hövzəsi abidələr qrupuna aid edə bilərik. Lakin bu yazımızda Naxçıvanın birbaşa olaraq Araz sahilində yerləşən abidələrindən bəhs edəcəyik. O abidələrdən ki, tarixin müxtəlif dövrlərinə şahidlik ediblər və bəzən təkcə tarixin deyil, coşqun Xan Arazın sularının izlərini də özlərində yaşadıblar. Araz Naxçıvanın cənub sərhədləri boyunca Qərbdən Şərqə doğru axır. Elə biz də sözlü səyahətimizə məhz qərbdən şərqə doğru başlayacağıq.
Araz çayı bugünkü Naxçıvan torpaqlarına qeyrət qalası Sədərəkdən daxil olur. Burada Arazın sahilində yerləşən əsas abidə Sədərək qalasıdır. Bu abidə Araz çayına doğru uzanan Vəlidağın cənub-qərb silsiləsi üzərindədir. Arxeoloqların fikrincə, bu qalanın tarixi eramızdan əvvəl II-I minilliklərdən başlayır. “Naxçıvan Abidələri Ensiklopediyası”nda göstərilir ki, 2001-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmiş bu qala qədim dövrdə Şərqi Anadolu və Şərur ərazisində yaranmış güclü tayfa ittifaqları arasında münasibətlərin gərginləşməsi səbəbindən yadelli basqınlarının qarşısının alınması üçün tikilmişdir. Orta əsrlərdə isə Sədərək qalası İpək Yolu üzərində yerləşən əsas nəzarət-gözətçi qalalarından biri funksiyasını yerinə yetirmişdir.

Şərur rayonu ərazisi ilə Arazboyu irəlilədikcə neçə-neçə irili-xırdalı tarixi yaşayış məskənlərinin izlərini buralarda görmək mümkündür. Səfəvilər dövrünün şahidi olmuş Şərur düzünün özü bir tarixdir.
Tarixin izlərini yaşadan Arazboyu abidələrdən biri də Böyükdüz ərazisindədir.

Dədə Qorqud nişanəsi – bir dastandır Böyükdüz.
Bəkdüz Əmən buralardan Peyğəmbərə varubdur.
Bəlkə elə o səbəbdən burdakı on məzarda
Orta əsr İslamının nişanəsi qalıbdır.

Kəngərli rayonunun Böyükdüz kəndinin cənubunda yerləşən orta əsrlərə aid yaşayış yeri 1991-ci ildə qeydə alınmışdır. Araz çayında baş vermiş daşqınlar nəticəsində əksər hissəsi dağılmış yaşayış yerinin ərazisində tapılmış 10 məzarda tədqiqat aparan arxe­oloqların qeydlərindən məlum olur ki, burada dəfn edilənlər müsəlman adəti üzrə və İslam qaydalarına uyğun dəfn olunmuşlar. Heç də təsadüfi deyildir ki, “Kitabi-Dədə Qorqud”da Bəkdüz Əmən “baruban Peyğəmbərin üzünü görən və Oğuzda onun əshabəsi olan” bir şəxs kimi təqdim edilmişdir.

Astabadın üzərini örtmüş olan sis, duman,
Nəiminin Əlincədə Haqq söyləyən səsidir.
Bir zamanlar mövcud olmuş Abbasabad qalası –
Gedən qanlı savaşların acı nişanəsidir.

Naxçıvanda Araz çayı boyunca yerləşmiş abidələr sırasında Azərbaycanın görkəmli mütəfəkkiri Nəiminin vətəni olan Astabad şəhərinin qalıqları və sonralar bu ərazidə tikilmiş Abbasabad qalası xüsusilə qeyd edilməlidir. Naxçıvan şəhərindən 12 kilometr cənub şərqdə yerləşmiş Astabad şəhəri orta əsrlərdə Hürufiliyin əsas mərkəzlərindən biri olmuşdur. Bu şəhər XII-XIV əsrlərdə bölgənin ən böyük şəhərlərindən biri olmuş və alman səyyahı İohan Şiltberqer öz “Səyahət kitabı”nda bu şəhərdən xüsusi olaraq bəhs etmişdir.
1809-1810-cu illərdə fransız hərbi mütəxəssislərinin layihəsi əsasında Qacar şahzadəsi Abbas Mirzənin sifarişi əsasında tikilmiş Abbasabad qalası Avropa memarlığı üslubunda inşa edilmişdir. İkinci Rusiya-İran müharibəsi zamanı bu qala uğrunda qanlı döyüşlər getmiş və Abbasabad qalasının ruslar tərəfindən ələ keçirilməsindən sonra Naxçıvan xanlığının işğalı başa çatdırılmışdır.

Seyr etdikcə gözlərimdə bir anlığa canlanır.
Bu torpağa Şərqdən, Qərbdən karvanların gəlməsi.
Ziya ül-Mülk körpüsündən ağır-ağır adlayıb.
Culfa karvansarayında nəfəsini dərməsi.

Bəli, təqribən, sözlü səyahətimizin tam ortasında Ziya ül-Mülk körpüsünə yetişirik. Bu körpü Culfa yaxınlığında, Araz çayının dağların ətəklərinə toxunaraq burulğan halda döndüyü yerdə yonulmuş daşdan inşa edilmiş möhtəşəm memarlıq incisi olmuşdur. Xalq arasında bəzən “İsgəndər körpüsü” deyilən bu körpünün indi yalnız beş dayağı qalmışdır. Körpünün yanında isə bir karvansarayın qalıqları var. Bu Cənubi Qafqaz regionunda elmə məlum olan ən böyük karvansaraydır. Uzunluğu 37 metr olmuş Culfa karvansarayı XII-XIII əsrlərə aid edilir. Abidə orta əsrlərdə Culfa şəhərinin daşıdığı mühüm ticarət əhəmiyyətindən xəbər verməkdədir.

Xan Arazın sahilindən məğrur-məğrur boylanır.
İnkişafdan payın almış Gülüstanın türbəsi.
Gələcəkdə barəsində yazacaqdır şairlər:
“Gülüstana dönən yurdun qədimlik nişanəsi”.

Bəli, Araz boyunca düzülən abidələrin içində Naxçıvanın iki intibahından pay almış bir abidə var – Gülüstan türbəsi. AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin də yazdığı kimi orta əsr mənbələrində bəzən “Kəsik günbəz” kimi xatırlanan, memarlıq-konstruktiv quruluşuna görə Naxçıvanın, bütövlükdə Azərbaycanın türbətipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Sovet hakimiyyəti illərində türbə Araz çayı boyunca çəkilən sərhəd xəttinin arxasında qaldığı üçün baxımsız qalmış, bərpa edilməmiş, əhalinin onun yanına getməsinə icazə verilməmişdir. Lakin Naxçıvanın müasir inkişafı Gülüstan türbəsinə gələcək yüzilliklər üçün ikinci həyat vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 7 oktyabr 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamına əsasən, dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunmuşdur.
Naxçıvanın Arazboyu abidələri təkcə bununla bitmir, Şərqə doğru irəlilədikcə Yaycıda biz XX əsrin əvvəllərində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş qanlı soyqırımların nişanəsi olan Yaycı soyqırımı abidəsini görürük.
Naxçıvanın ən möhtəşəm orta əsr şəhərlərindən biri saya biləcəyimiz Kiran şəhəri də Araz hövzəsi şəhərlərə aiddir. Azadkənd ətrafındakı abidələr də məhz Naxçıvanın Arazboyu abidələr qrupuna daxil olmaqla tariximizin ən qədim səhifələrini özündə yaşatmaqdadırlar.
Bunlarla bitirmi Naxçıvanın Arazboyu abidələri? Xeyr, bitmir. Biz bu siyahını o zaman tamamlaya biləcəyik ki, tarixən Naxçıvana mənsub olmuş Qafan, Mehri ellərini sözlə deyil, gözlə görmək imkanımız olacaq. Təkcə gözlə görmək deyil, həm də o torpaqlara əlimizlə toxunmaq imkanımız olacaq. Gözümüzün gördüyü və səsimizin yetdiyi torpaqlara izimizin düşməsi arzusu ilə...

 Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR