23 Dekabr 2024, Bazar ertəsi

Sənət bəzən nəsilliklə, bir ailənin daxilində, qiymətli bir nəsnə kimi böyükdən kiçiyə ötürüləndə bu məfhumun uzun illər yaddaşlarda yaşaması, davam etməsi üçün əsas qayəyə çevrilir. Təməli bu cür qoyulan sənət ənənəsinin bəhrəsi hər kəsin hörmətini və sevgisini qazanmaq olur. Nəticədə, hər hansı bir sahədə mükəmməl sənət ənənəsi ilə bərabər, “yaxşı ustad-şəyird münasibəti” də formalaşır.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında uzun illər aktyor kimi fəaliyyət göstərən Xalq artisti Əyyub Haqverdiyev də öz sənətini övladına miras qoyan sənətkardır. Xalq artistinin səhnə fəaliyyəti Naxçıvan teatrının peşəkar kollektiv kimi yeni formalaşdığı dövrə – 1930-cu illərə təsadüf edir. 19 yaşından taleyini teatra bağlayan Əyyub Haqverdiyev 1911-ci ildə Naxçıvan şəhərində doğulub. Yaxşı musiqi duyumu, cəlbedici zahiri görkəmi, səhnəyə olan vurğunluğu onun teatra gəlişində mühüm rol oynayıb. O zaman səhnəyə qoyulan əsərlərin mövzusu dövrə uyğun, sosialist cəmiyyətinin mahiyyətini özündə əks etdirən əsərlər olsa da, hələ də milli ruhu özündə yaşadan rejissorlar tarixi mövzulara, klassik əsərlərə müraciət edir, bir-birindən maraqlı tamaşalar hazırlayırdılar. Həmin illərdə Əyyub Haqverdiyev gənc olmasına baxmayaraq, rejissorların etimadını doğruldub, bir-birindən maraqlı komik və dramatik rollar oynayıb.

Oynadığı rolları o qədər ciddi ifa edirdi ki, hətta mizanlarda bir addımı belə, artıq atmırdı. Rejissorun tapşırıqlarını çox ciddi şəkildə yerinə yetirir, öz improvizələri ilə hamını özünə valeh edirdi. Onun obrazlar qalereyasında 200-ə yaxın rol var. Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”unda Məşədi İbad, “Arşın mal alan” əsərində Vəli, Süleyman Rüstəmin “Durna” komediyasında Dursun, Cəfər Cabbarlının “Almaz” pyesində Mirzə Səməndər, “Od gəlini”ndə Aqşin, Sabit Rəhmanın “Toy” komediyasında Surxay, Səməd Vurğunun “Vaqif” dramında Kürd Musa, Şekspirin “Hamlet”ində Laret və onlarla obraz onun ifasında səhnə həyatı yaşayıb. 1948-50-ci illərdə Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilən sənətkar 1964-cü ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb.
Əyyub Haqverdiyev 1996-cı ilə qədər doğma teatrın səhnəsində çıxış edib. Ömrünün son günlərində gözləri tutulsa da, bir neçə dəfə “O olmasın, bu olsun” komediyasında Məşədi İbad rolunu oynayıb. Amma tamaşaçı bunu heç vaxt hiss etməyib ki, bu böyük sənətkarın gözləri görmür. Çünki o, ömrünü bu səhnədə keçirdiyi üçün onun hər qarışını əzbər bilirdi. Yeri gəlmişkən, Məşədi İbad rolunu oynamaq üçün 1960-cı illərdə Naxçıvana dəvət alan Xalq artisti, görkəmli səhnə ustası Lütfəli Abdullayev Əyyub Haqverdiyevin ifasında Məşədi İbadı görəndən sonra Bakıdan özü ilə gətirdiyi parik və saqqalı ona hədiyyə edərək deyib: “Əgər teatrda Əyyub kimi “Məşədi İbad” varsa, onda mənim bu səhnəyə çıxmağıma ehtiyac yoxdur”. Əyyub Haqverdiyev isə bu parik və saqqalı öz oğluna, sənətinin davamçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevə verib. Behruz da atasının yolunu davam etdirərək bu gün Naxçıvan teatrının səhnəsində bir-birindən fərqlənən obrazlar yaradıb. 12 yaşında atasının da oynadığı “Ölülər” tragikomediyasında rol alıb. “Əslində, mən zərgər olmaq istəyirdim, hətta atam məni öyrətmək üçün usta da tapmışdı” – Behruz belə deyir. Amma mən səhnəyə çıxandan sonra elə bil ki, hər şey dəyişdi. Atama aktyor olacağımı dedim. O isə sakitcə, – özün bilərsən, əgər bacaracaqsansa, ol. Bacarmasan, yadında qalsın, mən heç vaxt səni məcbur etmirəm, – dedi.
Behruz atasının, öz dövründə ölkə səviyyəsində tanınan bir sənətkar olan Əyyub Haqverdiyevin yolunu davam etdirə bildi. 1982-ci ildən səhnəyə qədəm qoyan gənc Haxverdiyev Hüseyn Cavidin “İblis” dramında Vasif, “Topal Teymur”unda Ağbuğa, İlyas Əfəndiyevin “Hökmdar və qızı”nda Əbülfət ağa, Georgi Xuqayevin “Mənim qayınanam” komediyasında Elbrus, Nəriman Həsənzadənin “Atabəylər” pyesində Ruz, Həmid Arzulunun “İtilənən xəncərlər” əsərində Yaşar, “Əlincə qalası”nda Rəşid, Yapalaq Murzo, Nəriman Nərimanovun “Nadir şah” faciəsində Rza xan kimi onlarla müxtəlif səpkili rollar oynayıb. “Mən nə qədər uğur qazansam, yenə də atamın səviyyəsində sənətkar olmaq istəmişəm. Onun sənət zirvəsini fəth etmək mənə nəsib olarsa, özümü xoşbəxt sanaram”. Bu, 35 ildir ki, teatrda çalışan, hər bir işdə zəhməti olan, bütöv bir tamaşaçı nəslinin yaxşı tanıdığı oğul Haxverdiyevin etirafıdır.
Hələ ki Naxçıvan teatrının afişalarında bu gün də “Haqverdiyev” (Behruzun familiyası sənədlərdə səhvən Haxverdiyev yazıldığı üçün rəsmi olaraq soyadı belə yazılır) qeyd edilir. Bu isə o deməkdir ki, ömrünün 66 ilini səhnəyə həsr edən Əyyub müəllimin sənət ənənəsi yaşayır və davam edir.

Səməd CANBAXŞIYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR