23 Dekabr 2024, Bazar ertəsi

Maddi-mədəni irsimizin qorunmasında və təbliğində muxtar respublika sakinləri də səylərini əsirgəmir, bu istiqamətdə həyata keçirilən tədbirlərdə fəallıq göstərir, əldə olunan maddi-mədəniyyət nümunələrini muzeylərimizə hədiyyə edirlər.

Dekabrın 23-də Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən XIX əsrin sonuna aid yun palaz, XX əsrin əvvəllərinə aid parça arxalıq, XX əsrə aid dəmir həvə, XX əsrin ortalarına aid qadın yun corabı, XX əsrin əvvəllərinə aid açıqqızılı rəngli parça örtük, Sədərək kənd sakini Kəmalə Əliyeva tərəfindən ağ rəngli toxuma əl işi, Nəhəcir kənd sakini Qalib Nağıyev tərəfindən, təxminən, 200 illik tarixi olan cəhrə, Axura kənd sakini Firuzə Mehdiyeva tərəfindən yun darağı, Şahbuz şəhər sakini Vahab Hüseynov tərəfindən XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid xalça Naxçıvan Dövlət Xalça Muzeyinə təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada bütün sahələr, o cümlədən mədəniyyət sahəsi də inkişaf etdirilir. Bu gün tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Həmin mədəniyyət müəssisələrində 112 mindən çox maddi-mədəniyyət nümunələri qorunub saxlanılır. Müstəqillik illərinə qədər muxtar respublika ərazisində 13 muzey fəaliyyət göstərirdisə, ötən dövrdə 16 muzey yaradılıb.
Artıq 5 ilə yaxındır ki, Naxçıvan Dövlət Universitetində muzey işi sahəsində ixtisaslı kadrlar yetişdirilir. Bu gün muzeylərimizi ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb və muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri mütəşəkkil şəkildə muzeylərimizi ziyarət edirlər. Bundan başqa, tələbə-gənclərin, şagirdlərin, müxtəlif xidmət sahələrində çalışanların da muzeyləri ziyarəti təmin olunub. Təkcə bu ilin ötən dövrü ərzində muzeylərimizi 29 mindən çox tamaşaçı ziyarət edib. Bunların arasında həm yerli sakinlər, həm Azərbaycanın digər regionlarından muxtar respublikamıza gələn qonaqlar və xarici ölkə vətəndaşları olublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muzeylər ilə orta məktəblər arasında distant dərslər təşkil edilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəşəkkil şəkildə muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi də diqqətdə saxlanılır. Bu işdə muxtar respublika sakinləri öz köməkliklərini göstərirlər. Təkcə 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub. Bu tədbirlərin davamı olaraq bu gün Naxçıvan Dövlət Xalça Muzeyinə yeni eksponatlar təqdim edilir.
Sonra Nehrəm kənd sakini Akif Hacıyev, Sədərək kənd sakini Kəmalə Əliyeva, Nəhəcir kənd sakini Qalib Nağıyev, Şahbuz şəhər sakini Vahab Hüseynov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, bu gün muxtar respublikada maddi-mədəni irsimizin qorunub yaşadılması sahəsində ardıcıl tədbirlər görülür. Muzeylərin eksponatlarla zənginləşdirilməsi, yeni muzeylərin yaradılması sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilən tədbirlər minnətdarlıqla qarşılanır. Hər kəs mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərə öz töhfəsini verməyə çalışır. Sakinlər tərəfindən qədim məişət əşyalarının, xalçaların muzeylərə təqdim edilməsi də, bu mənada, mühüm əhəmiyyətə malikdir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Muxtar respublikada maddi-mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da fəal iştirak edəcəyik.
Sonda tədbir iştirakçıları muzeylə tanış olublar.

 Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR