23 Dekabr 2024, Bazar ertəsi

Oktyabrın 15-də Vaşinqtonun Smitsonian Artur M.Sackler Qalereyasında “Quran sənəti: Türk və İslam memarlıq muzeyindən xəzinələr” adı altında 48 əlyazma nümayiş etdirilmişdir. Bu kolleksiyalar Smitsonian muzeyində Sakler və Frira Rəsm Qalereyasının əlyazmaları ilə birgə nümayiş etdirilmişdir. Digər İslam əsərlərindən fərqli olaraq “Qurani-Kərim” Naxçıvan Muxtar Respublikasının memarlığı, mədəniyyəti, dini adət-ənənələri və insanlarının həyatına çox güclü təsir etmişdir. Naxçıvan şəhəri Nuh Peyğəmbərin vətənidir. Nuh Peyğəmbərin türbəsinin yerləşdiyi Naxçıvan 2018-ci ildə dünya İslam mədəniyyətinin paytaxtı olacaqdır. Azərbaycanın bu regionu İslam mədəniyyətini qiymətləndirənlər, Avropa memarlığında İslam mədəniyyətinin rolunu tədqiq edənlər və qitələrarası ticarət marşrutu ilə maraqlanan beynəlxalq tədqiqatçılar üçün mühüm bir ərazidir.
1901-1902-ci illərdə Ordubad şəhərində olan Cümə məscidinin təmiri zamanı, Naxçıvanın tanınmış xəttatı Məhəmməd Təqi tərəfindən məscidin daxili divarlarına Qurandan bir neçə xətt sənəti ilə cümlə yazılmışdır. Bu kalliqrafik yazı Azərbaycan cəmiyyətinin və Naxçıvanın tarixi abidələrinin “Qurani-Kərim”lə dərin köklü bağlılığını ifadə edir. Bundan başqa, “Qurani-Kərim”də qeyd olunan Əshabi-Kəhf mağarası Naxçıvan şəhərindən 13 kilometr məsafədə yerləşir. Bu ziyarətgahda “Qurani-Kərim”dən çoxlu sayda frazalar qeyd edilmiş məscid inşa olunmuşdur.

Naxçıvan Əcəmi Əbubəkr oğlu Naxçıvani, Məhəmməd Təqi və naxçıvanlı xəttat Mirzə Süleyman Mərəndi kimi dünyaca məşhur şəxslərin vətənidir. Qeyd olunan memarlar Naxçıvan ərazisində olan Ağoğlan türbəsi, Meydan məscidi və Möminə xatın kimi çoxlu sayda abidələrin müəllifləridir.
Sədərək kəndinin şərqində Seyid Pərinin qəbrinin üzərində Ağoğlan türbəsi tikilmişdir. Xalq arasında olan əfsanəyə görə, Seyid Pəri və onun oğlu bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir. İslam dininə inananlar üçün Ağoğlan piri ziyarətgah hesab olunur. Dərin təəssürat doğuran Naxçıvan memarlıq nümunəsi möhtəşəm günbəzlə tamamlanan çoxşaxəli altıbucaq bu abidədə təcəssüm olunmuşdur. Türbənin girişi cənubdandır və üzərində tağşəkilli pəncərələr vardır. Ziyarətçilər dilək tutaraq türbənin içərisində şam yandırırlar. Türbənin ətrafındakı bulağın suyu müqəddəs və şəfaverici hesab edilir.
Smitsonian İnstitutunun alimlərinin böyük diqqətinə layiq olan digər bir abidə isə Ordubad rayonunun Dəstə kəndində olan Meydan məscididir. Məscidə giriş qərb tərəfdəndir. Məscidin uzunluğu 18,7 metr, eni 12,3 metr, hündürlüyü isə 4 metrdir. Tavan 18 standart ağac sütunun üzərində dayanıb. Məscidin şimal və cənub divarlarında 4, qərb divarında isə 2 pəncərə vardır. Giriş qapısının baş tərəfində qoyulan kitabələrin məzmunundan məlum olur ki, məscid 1610-1611-ci illərdə Əbdülxan Cavad oğlunun əmri ilə Məşədi Hüseynəlinin oğlu Hacı Məhəmməd Nəqi tərəfindən inşa edilmişdir.
Naxçıvan şəhərindəki Cümə məscidi Naxçıvan memarlıq məktəbinin nümayəndəsi Məhəmməd Təqi tərəfindən tikilmişdir. Bu memarın adı 1894-cü ildə tikilmiş və haliyədə istifadə olunan dini abidənin daxilindəki kitabədə yazılmışdır. Memar Məhəmməd Təqi məscidin daxili divarlarına aşağıdakı qeydləri yazaraq özünü təqdim etmişdir: “Əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram”, – deyə özünü təqdim etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamının adı Rza, ondan sonrakı doqquzuncu imamın adı isə Məhəmməd Təqi olmuşdur. Bu yolla yerli alimlər Naxçıvanın məşhur memarının adını müəyyənləşdirmişlər.
Şərq memarlığının incilərindən biri olan Möminə xatın türbəsi Naxçıvan şəhərində olan tarixi-memarlıq abidəsidir və 1186-cı ildə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin əmri əsasında memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmişdir. Atabəy Eldəniz arvadı Möminə xatının qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan 1186-cı ildə başa çatdırmışdır. El yaddaşında “Atabəy günbəzi” adı ilə qalmışdır. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılmışdır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Möminə xatın türbəsinin ümumi hündürlüyü 34 metr olmuş, sonralar 8 metr hündürlüyündə olan xarici örtüyü dağılmışdır. Türbə yeraltı və yerüstü sərdabədən ibarətdir. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun həyat yoldaşı Möminə xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. 2003-cü ildə sərdabədə əsaslı bərpa işləri aparılmışdır. Sərdabə orijinal quruluşlu olub, zəngin tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütun onbucaqlının hər küncləri ilə tağşəkilli formada birləşir. Sərdabənin bu quruluşu sonralar Qərbdə, qotika memarlığında tətbiq edilmişdir. Türbənin yerüstü hissəsi xaricdən onüzlü (bütün tərəfləri kufi kitabələrlə haşiyələnmişdir), daxildən isə dairəvidir. Günbəzin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon vardır. Bişmiş kərpicdən tikilmiş abidənin küncləri çıxıntı şəklində, səthləri isə batıq formada tikilmişdir. Türbənin künc­lərindəki çıxıntılar kufi xətti ilə işlənmiş kitabələrlə örtülmüşdür. Bu kitabələrin uzunluğu 500 metrə çatır. Türbənin səthi quruluşu həndəsi ornamentlərin kompozisiyasından ibarət firuzəyi kaşılarla daha da zənginləşdirilmişdir. Bu tərtibatlar türbəni Avropa və Qafqaz regionunda unikal abidəyə çevirmişdir. Türbənin qərb hissəsi işlənmiş xüsusiyyətlərinə görə fərqlənir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağı şəklində yerləşdirilmiş, yuxarı hissəsində isə ornamental bəzəklər həkk olunmuşdur. Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr baştağdan yuxarıda həkk edilmişdir. Türbənin sadə quruluşlu daxili səthi gəc ilə suvanmış, günbəzin iç tərəfinə 4 medalyondan ibarət bəzək vurulmuşdur. Memarlıq layihəsi, hündürlüyü, rəngləri və qeyri-adi quruluşu bu abidəyə xüsusi status verərək abidəni orta əsrlərin şah əsərinə çevirərək bütün Asiyanın memarlıq məktəblərinə təsir etmişdir. SSRİ alimi M.V.Alpatov yazır: “Möminə xatın türbəsi nadir gözəllik və zəriflik abidəsidir... Həmçinin Şərqin ən gözəl klassik əsəri sayılan Nizami Gəncəvinin “Leyli və Məcnun”u kimi əbədidir”.
Bu abidə Əcəmi Naxçıvaninin nadir nailiyyətlərindən biridir. XII əsrdə Avropada bu növ memarlıq modeli mümkünsüz idi. Əlbəttə, Smitsonianlar Əcəmi Naxçıvaninin memarlıq məktəbində təcəssüm olunan İslam mədəniyyətinə və Naxçıvanda İslam mədəniyyətinin müqayisəyəgəlməz inkişafına, xəttatlığına, dini incəsənəti və nadir abidələrinə daha çox diqqət yetirməlidirlər.

Peter TASE
14.12.2016
Amerika Birləşmiş Ştatlarının
"Foreign Policy News" qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR