Son illər muxtar respublikamızda mədəniyyətin, incəsənətin inkişafı üçün mühüm işlər görülüb. Görülən işlər sırasında yeni musiqi kollektivlərinin yaradılmasını da göstərmək olar. Çoxsaylı folklor kollektivləri, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Aşıqlar Birliyi və başqa kollektiv yaradıcı təşkilatlar bunun bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılması haqqında” 10 yanvar 2012-ci il tarixli Sərəncamı musiqi mədəniyyətimizin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri muxtar respublikada istedadlı gənclərin yaradıcılıq potensialına əsaslanaraq qısa vaxt ərzində təşkil olunub və öz konsertləri ilə tamaşaçı rəğbətini qazana bilib. Bu musiqi kollektivinin fəaliyyəti üçün lazımi şərait yaradılıb, orkestrin musiqiçiləri və solistləri üçün geyim dəstləri hazırlanıb, musiqi alətləri alınaraq kollektivin istifadəsinə verilib.
Yaxın aylarda yaradılmasının 7 ili tamam olacaq Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri muxtar respublikanın mədəni həyatında fəal iştirak edir, repertuar zənginliyinə diqqət yetirməklə ictimaiyyət qarşısında konsert proqramları ilə çıxış edir.
Noyabrın 16-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin bu dəfəki konserti hesabat xarakteri daşıyırdı.
Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Azər Cəfərli, Yaşar Qurbanov, Elçin Nağıyev, solistlərdən Nərmin Hüseynova, Qəribə Həsənova, İlkin Abdullayev və Əli Davudi Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər, lirik melodiyalar, xarici ölkə bəstəkarlarının musiqiləri səsləndirilib. Səid Rüstəmovun “Hardasan”, Fikrət Əmirovun “Reyhan”, Tofiq Quliyevin “Sevgi valsı”, “Lirik nəğmə”, Ramiz Mirişlinin “Bir xumar baxışla”, Emin Sabitoğlunun “Ötən günlərim” mahnıları alqışlarla qarşılanıb.
Əli RZAYEV