Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnək üzvləri üçün konserti olub.
Ərtoğrol Cavid adına Naxçıvan Şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində keçirilən konsert başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova çıxış edərək bildirib ki, konsert təhsil, mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2016-2017-ci tədris ili üçün hazırlanmış tədbirlər planına əsasən keçirilir. Konsertin təşkilində məqsəd ümumtəhsil məktəblərində Azərbaycan və dünya musiqisini təbliğ etmək, məktəblərin istedadlı şagirdlərini uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə cəlb etmək, şagirdlərdə musiqi zövqünü formalaşdırmaqdır.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov çıxışında muxtar respublikamızda fəaliyyət göstərən uşaq musiqi məktəbləri haqqında məlumat verərək qeyd edib ki, musiqimizin inkişafı istiqamətində görülən tədbirlər davamlı xarakter alıb. Son illər 23 uşaq musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Bu gün muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə musiqi təhsilinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb.
Tədbirin bədii hissəsində Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbləri şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib. Şagirdlər görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Qəmbər Hüseynli, Tofiq Bakıxanov, Vasif Adıgözəlovun əsərlərini ifa ediblər.
Konsertdə xarici ölkə bəstəkarlarının skripka, fortepiano üçün yazdığı musiqi əsərləri də səsləndirilib. Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin nağaraçalanlar ansamblının “Azərbaycan ritmləri” kompozisiyası ilə başa çatan konsert maraqla qarşılanıb.
Əli RZAYEV