Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikanın uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan və ustad dərslərində iştirak etmiş şagirdlərin çəkdikləri rəsm əsərlərindən ibarət “Mənim yaradıcılığım” adlı sərgi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Uşaqların istedadlarının üzə çıxarılması, mənəvi inkişafı, asudə vaxtının düzgün təşkili, cəmiyyətin mədəni həyatındakı iştirakını təmin etmək bu siyasətin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin tədbirlər planına əsasən təşkil olunan “Mənim yaradıcılığım” adlı uşaqların rəsm sərgisi bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir.
“Xüsusi istedad tələb edən bir sənət kimi rəssamlığa uşaqların da böyük maraq göstərmələri çox sevindirici haldır”, – deyən Rəssamlar Birliyinin sədri vurğulayıb ki, onların sənət bacarıqlarının düzgün formalaşdırılması üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb.
Ülviyyə Həmzəyeva deyib ki, muxtar respublikada 3 ildir, rəsm sənətinə maraq göstərən şagirdlər üçün ustad dərsləri keçilir. Bu sərgi ustad dərslərində iştirak edən şagirdlərin hesabatıdır. Sərgidə 136 uşağın 231 rəsm əsəri və digər janrlarda hazırladıqları 25 müxtəlif əl işi, həmçinin paytaxt Bakı şəhərindən göndərilmiş 6 rəsm əsəri nümayiş etdirilir.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva çıxış ediblər.
Çıxışlarda bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında uşaqlar milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar əldə edirlər. Onlar rəssamlıq sənətinə də böyük maraq göstərirlər. Uşaqların gələcəkdə yaxşı rəssam kimi formalaşmasında belə tədbirlərin böyük rolu var.
Çıxış edənlər sərgidə rəsm əsərləri nümayiş olunan uşaqlara uğurlar arzulayıblar.
Ustad dərslərinin keçilməsində əməyi olan rəssamlara və rəsm sərgisində fərqlənən uşaqlara, həmçinin Türkiyə Respublikasında “Beynəlxalq rəssamlar görüşü” adlı festivalda “Yeni ildə dostuma sülh arzulayıram” adlı uşaq rəsm müsabiqəsində ilk üç yeri tutan 5 naxçıvanlı gənc rəsm həvəskarına diplomlar təqdim olunub.
Sərgiyə baxışdan sonra uşaqlar pastel boyalarla kağız üzərində öz bacarıqlarını nümayiş etdiriblər.
Burada Zeynəb Qurbanovanın, Nuray Gözəlovanın, Ayxan Qasımovun, Zöhrə Seyidovanın, Kənan Bədəlovun və digər balaca rəsm həvəskarlarının rəsmləri diqqəti daha çox cəlb edib.
Sərgi salonunda təbiət mənzərələrindən tutmuş cizgi filmlərinin qəhrəmanları da daxil olmaqla bir sıra maraqlı rəsmlər və əl işləri yer alıb.
Rauf Əliyev