Dekabrın 22-də Şərur şəhərindəki “Bahar” kinoteatrında Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının yaradılmasının 35 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında mədəniyyət və incəsənətin bütün sahələrinə göstərilən diqqət və qayğı mədəni yüksəlişi təmin edib. Bunun nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən 3 dövlət teatrı, 5 xalq teatrı, 1 dövlət filarmoniyası, 1 dövlət uşaq filarmoniyası, 28 muzey və 1 rəsm qalereyası, 225 klub və mədəniyyət evi, 234 kitabxana, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi regionun mədəni həyatında mühüm rol oynayır.
Qeyd olunub ki, mədəniyyət və incəsənətimizdən danışarkən sənət tariximizə şərəfli səhifələr yazmış teatrımız daim yada düşür. Azərbaycan teatrının inkişafı, teatrlarımızın yaradıcılıq axtarışlarının genişləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Teatra, sənət adamlarına böyük diqqət və qayğı göstərən ulu öndərimizin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq milli teatr sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Görkəmli dövlət xadimi teatr sənətinə yüksək qiymət verərək deyirdi: “Teatr Azərbaycanda mədəniyyətin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumiyyətlə, xalqımızın mədəni səviyyəsinin yüksəldilməsində böyük rol oynamışdır”.
Belə mədəniyyət müəssisələrinə diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir.
Natəvan Qədimova deyib ki, Naxçıvan Muxtar Respublikasında da teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu gün regionda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Teatr o zaman davamlı inkişaf yolunda olur ki, orada gənc aktyorlar nəsli yetişsin. Muxtar respublikada bu sahədə də mühüm addımlar atılıb, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisası açılıb. Muxtar respublikada ömrünü teatra bağlayanların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər.
Diqqətə çatdırılıb ki, bu gün yaradılmasının 35 illiyini qeyd etdiyimiz Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının da muxtar respublikamızda teatr sənətinin inkişafında və təbliğində öz yeri vardır. Teatr ötən illər ərzində hazırladığı müxtəlif məzmunlu tamaşalarla rayon sakinlərinin estetik zövqünün formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtlarının mənalı və səmərəli keçirilməsində əhəmiyyətli rol oynayıb.
Nazir teatrın 35 illiyi münasibətilə kollektivin bütün üzvlərini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb, teatrın bir qrup əməkdaşına diplomlar təqdim olunub.
Şərur Rayon Xalq Teatrının rejissoru Nəsimi Məmmədzadə “Şərur Xalq Teatrının keçdiyi yaradıcılıq yolu” mövzusundakı çıxışında bildirib ki, 1938-ci ildə SSRİ Ali Sovetinə deputatlığa namizədliyini bu rayondan irəli sürmüş dahi bəstəkar Üzeyir Hacıbəyovun seçiciləri ilə görüşündə bir qrup ziyalı “Arşın mal alan” musiqili komediyasından bir səhnə hazırlayaraq təqdim etmişdi. Tədbirdən sonra görkəmli sənətkardan ilk xeyir-dualarını alan həvəskarlar tərəfindən dram dərnəyi yaradılır. Dram dərnəyi zamanla öz ətrafına yaradıcı insanlar toplayıb, repertuarına bir çox tamaşalar daxil edib. Bu sırada Səməd Vurğunun “Vaqif”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Süleyman Sani Axundovun “Tamahkar”, Altay Məmmədovun “Yadındamı”, Gəray Fəzlinin “Yeddi ulduzlu səma” əsərinin motivləri əsasında “Gənclik bir də qayıtmır”, Qəni Hüseynovun “Nicat” və başqa tamaşaları qeyd etmək olar. 1981-ci ildə çox böyük uğurla Qəni Hüseynovun “Nicat” əsərini tamaşaya hazırlayan dram dərnəyinə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi böyük pedaqoq, rejissor R.Təhmasibin adını daşımaqla xalq teatrı statusu verib. Öz yaradıcılıq uğurlarına görə xalq teatrı statusu alan kollektiv bu qayğıdan ruhlanaraq repertuarını daha da zənginləşdirib. Bu baxımdan rejissor Qvami Baxşəliyevin quruluşunda Malik Muxtarın “Zəngulənin zəngləri”, Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu”, rejissor Pərvanə Cabbarovanın quruluşunda Vaqif Əsrarın “Şiraslanın arvadı”, rejissor Sabir Cəfərovun quruluşunda “Toy kimindir?” musiqili komediyalarını qeyd etmək olar.
Ötən dövr ərzində teatrda istedadlı aktyor və rejissor nəsli yetişib. Onlar teatrın inkişafında öz səy və bacarıqlarını əsirgəməyiblər, müxtəlif illərdə Anton Pavloviç Çexovun “Ayı”, Mirzə Fətəli Axundovun “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah”, Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, Üzeyir Hacıbəyovun “Quyruqlu ulduz”, Qeybulla Rəsulovun “Rəhmə gəl, mələyim”, Nəcəf bəy Vəzirovun “Dələduz”, Mirzə Ələkbər Sabirin 150 illik yubileyi münasibətilə “Dindirir əsr bizi”, Cahangir Aslanoğlunun “Qısqanc ər”, Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsərlərinin uğurlu səhnə həllində istedadlarını nümayiş etdiriblər.
Vurğulanıb ki, 2006-cı ildə özünün 25 illiyini qeyd edən teatr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəxri fərmanı ilə təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi xalq teatrlarının birinci ümumrespublika baxış-müsabiqəsində iştirak edərək 54 teatr kollektivi arasında ikinci dərəcəli diplomla təltif olunub. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi xalq teatrlarının baxış-müsabiqəsində teatr Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında hazırlanmış “Yuxu” tamaşasına görə müsabiqənin ikinci dərəcəli diplomuna layiq görülüb. Kollektivin üzvlərinin əməyi dövlətimiz tərəfindən fəxri adlarla və dövlət mükafatları ilə qiymətləndirilib.
Tədbirin bədii hissəsində xalq teatrının müxtəlif illərdə hazırladığı tamaşalardan parçalar göstərilib və teatrın tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva və Nəsimi Məmmədzadənin xalq folkloru əsasında səhnələşdirdiyi “Toy” tamaşasının nümayişi olub.
Yubiley tədbirindən sonra kollektivlə görüşən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova və Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov teatrın üzvlərini təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıblar.
Əli RZAYEV