23 Dekabr 2024, Bazar ertəsi

XX əsrin əvvəllərindən başlayaraq Tiflis Qafqazın inzibati və mədəni paytaxtı olmuşdur. Təxminən, 1828-ci ildən Tiflisin ədəbi-ictimai mühiti Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın milli mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Qeyd edək ki, 1840-cı ildən başlayaraq “Kavkaz”, “Novoye obozreniye”, “Tiflisskoye vedomosti”, “Zakavkazskiy vestnik” qəzetlərində Naxçıvan tarixi və mədəniyyəti, həmçinin folklor nümunələri haqqında maraqlı məqalələr çap olunmuşdur. Başqa sözlə, naxçıvanlı müəlliflər ancaq Tiflis mühiti vasitəsilə Rusiyada və Avropada yazdıqlarını təbliğ edə bilirdilər.

Ədalət naminə deyək ki, Tiflisdə yaşayan xalqların bütün nümayəndələri birlikdə çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparmışlar.
Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasının, Tiflis Aleksandr Müəllimlər İnstitutunun və Nucabə Qızlar Seminariyasının şöbələrində naxçıvanlı gənclər təhsil almış və Azərbaycanda maarifin, həmçinin mədəniyyətin inkişafında əvəzsiz xidmətlər göstərmişlər. Bu haqda Azərbaycanın tədqiqatçı alimləri xeyli kitablar və monoqrafiyalar yazmışlar.
Amma Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın Gürcüstanla, onun mərkəzi olan Tiflis mühiti ilə əlaqələri çox az tədqiq edilmişdir.
Hələ Naxçıvan xanlığı dövründən başlayaraq Gürcüstanla Naxçıvanın bir çox sahədə, o cümlədən hərbi sahədə də sıx əməkdaşlığı olub. Bu tarixi mövzu çoxəhatəli və genişdir. Bunu bir-iki yazıya sığışdırmaq olduqca müşkül məsələdir. Ancaq Gürcüstanın arxivlərində XVIII əsrin ortalarından başlayaraq XX əsrin əvvəllərinə aid qiymətli arxiv sənədləri vardır.

Qeyd edək ki, Naxçıvan tarixi, həmçinin Naxçıvanın görkəmli şəxsiyyətləri ilə bağlı sənədlərə Tbilisinin muzey fondlarında, sərgilərində rast gəlinir. Vaxtında araşdırmalar aparılmadığından indi bəzən obyektiv olaraq çətinliklərlə də rastlaşmalı oluruq. Bu, əsasən, Naxçıvandan aparılan döyüş bayraqlarına, fotoşəkillərə və digər eksponatlara aiddir. Çünki bu fotoşəkillərin xeyli hissəsi Kəngərli xanlarına və onların hərbçi varislərinə aiddir. Bir vaxtlar Qafqaz Hərbi Muzeyində olan həmin fotoşəkillər 1917-ci ildən sonra Tiflisdəki muzeylərə göndərilib. Fotoşəkillərə aid qeydlər silindiyindən onların kimə aidliyi çox ciddi çətinlik yaradır. Belə bir vəziyyətdən isə Azərbaycanı sevməyənlər sui-istifadə edirlər. Buna görə də Tbilisidə kompleks axtarışları dərinləşdiririk. Naxçıvan mühiti və ziyalıları, hərbçiləri ilə bağlı fotoşəkillərin əksəriyyəti məşhur fotoqraf Dmitri İvanoviç Yermakov tərəfindən çəkilib. Qeyd edək ki, onun yaradıcılıq kolleksiyası çox zəngindir. Ondan 127 fotoalbom (bu albomda 22660 fotoşəkil var) və 15556 şüşə neqativlər Qafqaz xalqlarına yadigar qalıb. Bu haqda bir az sonra.
İstedadlı fotoqraf Dmitri İvanoviç Yermakov 1845-ci ildə Tiflisdə (bir sıra sənədlərdə Naxçıvanda doğulduğu yazılıb) anadan olub.
Rus fotoqrafı, şərqşünası və etnoqrafı, səyyahı Dmitri Yermakovun atası Gürcüstanın məşhur memarı Lodoviko Kambiacodur. Sənədlərin dili ilə desək, italyandır.
Gürcüstana gəlməzdən əvvəl Odessa şəhərinin memarı olub. Odessa şəhərində onun memarlığı ilə tikilən saray bu gün də göz oxşamaqdadır.
1845-ci ildə Qafqaza canişin təyin edilən knyaz M.S.Vorontsov-Daşkov Odessanın məşhur memarlarını və digər mütəxəssislərini özü ilə bərabər Tiflisə gətirir. O, Novorossiyskin və Bessarabiyanın general-qubernatoru işlədiyi vaxtlar ətrafına bacarıqlı mütəxəssislər toplamışdı. Dmitrinin anası Avstriya-gürcü əsilli qadın idi. (Bəzi mənbələrdə isə molokan qızı olduğu yazılıb).
Sonralar o, həyat yoldaşından ayrılaraq Rusiyaya köçüb və orada Yermakov familiyalı şəxslə ailə qurub. Beləcə, Dmitri Kambiaconun familiyası olub Yermakov, Dmitri atalığının adını və familiyasını daşıyıb. O, hərbi təhsil alıb.
1860-cı ildə 24 yaşlı Dmitri Tiflisə gəlib və fotoqraflığa başlayıb. 1870-ci ildə o, Naxçıvana gələrək oradan da İrana səyahət edib. İranda uzun müddət yaşayan fotoqraf çoxlu sayda etnoqrafik fotoşəkillər çəkib. İran şahı onun çəkdiyi fotoşəkilləri bəyəndiyindən ona “Əlahəzrət İran şahının saray fotoqrafı” adını verib. Müəyyən fasilələrlə fotoqraf 1870-ci ildən etibarən 1915-ci ilədək İranda yaşayıb fəaliyyət göstərib.
Professional kimi 1866-cı ildən fotoqraflığa başlayan Yermakov tez bir zamanda Rusiya Coğrafiya Cəmiyyətinin də rəğbətini qazanır.
Bir yerdə çox qalmağı xoşlamayan fotoqraf İranda, Türkiyədə, Krımın cənub sahillərində, Zakaspiyski vilayətində də səyahətlərdə olub.
Əla fotoşəkillər çəkdiyinə görə 1874-cü ildə ona Fransa Foto­qrafiya Cəmiyyətinin mükafatı verilib. Yermakov 1877-1878-ci illərdə rus qoşunlarının tərkibində Qafqaz cəbhəsinə ezam edilir. Həmişə hərbi yürüşlərdə olan fotoqraf Bəyazid qalası ətrafında gedən döyüşlərdə də maraqlı fotoşəkillər çəkib. Əldə etdiyimiz məlumata görə, İsmayıl xanla oğlu Aman xanın da fotoşəklini çəkib. Həmin müharibələrdə vuruşan Kəngərli süvarilərinin də fotoşəkilləri Yermakova məxsusdur.
1880-ci ildən atla və piyada səyahət edən Dmitri yürüşlərdə fotoaparat çiynində iştirak edib. Çoxlu ekspedisiyalarda və arxeoloji qazıntılarda iştirak edən Yermakov Moskva Arxeoloji Cəmiyyətinin fəxri üzvü olub. Yaxşı, maraqlı fotoşəkillər çəkdiyinə görə İranın, Türkiyənin, İtaliyanın və Moskva antropoloji (1878) sərgilərinin mükafatlarını alıb. Yermakov həm də yaxşı poliqlot idi. 10-a qədər dil bilirdi. Bir çox vacib ekspedisiyaların yürüşlərində iştirak edən Yermakov bu gün də öz əhəmiyyətini itirməyən fotoşəkillərin yaradıcısı olub. Dmitri Yermakov 1877-1878-ci illərdə hərbi müxbir olub və 1880-ci ildə özünün şəxsi fotostudiyasını açıb.
16 dekabr 1881-ci ildə Rusiya Arxeoloji Cəmiyyətinin əməkdaş üzvü seçilən D.Yermakov bir çox məşhur fotoşəkillərin də sahibidir. Onun çəkdiyi fotoşəkillər 1882-ci ildə Moskvada təşkil olunmuş ümumrusiya sərgisində bürünc medal alıb. Tiflisdən başqa, onun Kislovodsk şəhərində də fotoatelyesi olub.
Rusiyanın və xarici ölkələrin 36 mükafatını alan Dmitri Yermakovun yazımızın əvvəlində qeyd etdiyimiz kimi, tarixi əhəmiyyətli zəngin kolleksiyası var idi.
1918-ci ildə həmin qiymətli kolleksiya Tiflis Universiteti və Gürcüstan Tarixi və Etnoqrafiyası Cəmiyyəti tərəfindən əldə edilib. Onun fotokolleksiyasının əsas hissəsi Tiflisdə saxlanılır. Bir hissəsi Qaraçay-Çərkəz Respublikasının Zelençuk rayonunun Bukovo və Nijni Arxız qəsəbələrində fəaliyyət göstərən memarlıq-arxeoloji muzeylərində saxlanılır. Bundan başqa, fo­to­qra­fın kolleksiyasına aid fotoşəkillər Moskvada, Sankt-Peterburqda, Krasnodarda və digər şəhərlərdə fəaliyyət göstərən muzeylərdə nümayiş etdirilir.
Dmitri Yermakov dəfələrlə Naxçıvana gəlib və keçmiş cəbhə dostları general İsmayıl xanın, general-mayor II Kalbalı xanın və onun oğlanlarının – Rəhim xanın, Cəfərqulu xanın qonağı olub. Və onların, həmçinin ailə üzvlərinin fotoşəkillərini çəkib. Hətta Naxçıvanın bir çox ziyalılarının da fotoşəkillərinin Yermakova məxsusluğu fotoqrafın imzasından və fotonun arxasındakı ünvandan bilinir. Qeyd edək ki, Əşrəf ağanın və onun oğlu Əmirsuvar bəyin şəxsən tanıyıb dostluq etdikləri Yermakov onların da fotoşəkillərini çəkib. Həmin fotoşəkillər onların ailə arxivlərində qorunur. Dmitri Yermakovun çəkdiyi fotoşəkillərdən əlavə olaraq ikisinin kimliyi tapıla bildi. Onların hər ikisi Milli Azərbaycan Tarixi Muzeyində “Naxçıvanlı qadınlar” kimi nümayiş etdirilir. Onlardan biri Cəfərqulu xan Naxçıvanskinin ikinci həyat yoldaşı Bəyim Kəngərlinin fotoşəklidir. Bəyim Kəngərlinin fotosunu Cəmşid xan Naxçıvanskinin dayısı Həsən xan İrəvanskinin Türkiyədə saxlanılan şəxsi albomunun köməkliyi ilə dəqiqləşdirdik.
Axtarışlar zamanı məlum oldu ki, 1969-cu ildən sonra şairə Qonçabəyimin fotosu kimi təqdim edilən fotonun da müəllifi D.Yermakovdur. Foto Naxçıvan şəhərində əsilzadə ailəsində çəkilib. Tarix də fotoqraf tərəfindən göstərilib: 1890. Deməli, bu foto­şəkil Nikolozun 1844-cü ildə məktubunda yazdığı 18 yaşlı Qonçabəyimə məxsus ola bilməz. Gürcü romantik şairi Nikoloz Barataşvilinin məktubunda təsvir edilən şairə Qonçabəyimin fotoşəklini tapmalıyıq.
Qaldı D.Yermakovun çəkdiyi fotoşəklə, yəqin ki, axtarışlar onun da kimliyini üzə çıxaracaq. Bu işdə D.Yermakovun kolleksiyası və N.Barataşvilinin ev-muzeyi kömək edə bilər.
Fotoqraf Dmitri Yermakov 10 noyabr (köhnə təqvimlə 28 ok­tyabr) 1913-cü il tarixdə Tiflisdə vəfat edib. Çox mənalı bir işə ömrünü sərf edən şərqşünas, poliqlot, hərbi topoqraf və fotoqraf D.Yermakovun kolleksiyası Qafqaz xalqları üçün əvəzsiz bir tarixi xəzinədir.

Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR