Muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirilməsi oktyabr ayında da davam etdirilmişdir. Ötən ay Naxçıvan Dövlət Musiqili Dram Teatrında yeni teatr mövsümünün açılışı olmuş, Nəriman Nərimanovun “Nadir şah” tarixi faciəsi əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim edilmişdir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə muzeylərdə 50, kitabxanalarda 10 tədbir keçirilmiş, sərgilər təşkil edilmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları Naxçıvan şəhərindəki tam orta məktəblərdə müstəqillik tariximizdən bəhs edən mövzularda mühazirələr oxumuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı “Naxçıvan” Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilmiş, Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və tarixi abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr üçün açıq dərs təşkil edilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Universitetinin Aktyor sənəti ixtisasında təhsil alan tələbələrə ustad dərs keçirilmiş, Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Dövlət Universitetinin Kitabxanaçılıq və biblioqrafiya ixtisasında təhsil alan tələbələri üçün kitab müzakirəsi keçirilmiş, 10-31 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetinin Turizm və otelçilik ixtisası üzrə IV kurs tələbələrinin nazirliyə tabe müəssisələrdə və turizm obyektlərində təcrübə keçmələri təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Hüseyn Cavidin ev-muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi və Naxçıvan Dövlət Tarix Muzeyi ilə təhsil müəssisələri arasında 3 distant dərs keçilmiş, dərslərə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi qoşulmuşdur.
Oktyabr ayında muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin kollektivlərinin, hərbçilərin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, muzeyləri 2261-i əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 26 min 152 tamaşaçı ziyarət etmişdir. Ötən ay muzey fondlarına, ümumilikdə, 154 ədəd yeni eksponat daxil olmuşdur.
Kitabxanalara 17 adda 198 nüsxə çap məmulatı paylanılmış, yeni oxucu sayı 253, oxucu gəlişi 16 min 827, kitab verilişi 48 min 854 nüsxə təşkil etmişdir. Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasından 1581 oxucu istifadə etmişdir.
Ay ərzində muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği işi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Naxçıvan Turizm İnformasiya Mərkəzində 104 xarici ölkə vətəndaşının müraciəti cavablandırılmışdır. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 16 min 526, “Youtube” videoportalındakı səhifəsinə 24 min 106 baxış olmuşdur. Ötən ay mərkəzin “Twitter” səhifəsi də yaradılmışdır. Azərbaycanda fəaliyyət göstərən 100-dən çox turizm şirkətinə və bölgələrdə yerləşən 11 turizm informasiya mərkəzinə, 10-dan çox xarici ölkəyə, ümumilikdə, 256 məlumat göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti