Bu yurd qucaq açıb gör bir kimlərə,
Bu yoldan nə qədər karvan keçibdir.
Gömürdən şimala üz tutan karvan,
Karvan bulağının suyun içibdir.
Bəli, uzun bir tarixi dövr boyunca Şərqdən Qərbə, Cənubdan Şimala gedən neçə-neçə karvanın izi var bu torpaqlar üzərində. Bu karvanlar bu torpaqlardan təkcə yolların qısalığına görə keçməyiblər, həm də yurdumuzun insanlarının qonaqpərvərliyi, bu yerlərin səfası çəkib gətirib neçə-neçə karvanları buralara. Elə Naxçıvanın müxtəlif ərazilərində qalıqları günümüzə qədər gəlib çatmış neçə-neçə karvansaraylar, ovdanlar, karvansaray bulaqları da məhz buraya bir zamanlar dünyanın ən müxtəlif ölkələrindən yüzlərlə karvanların gəldiyinin xəbərçisidir.
Naxçıvanda İpək Yolu üzərindəki karvansarayların fəaliyyətindən bəhs edən tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev yazır ki, burada indi də yerli əhali arasında yaşayan rəvayətdə I Şah Abbas zamanı Səfəvilər dövləti ərazisində 999 karvansaray tikilməsi haqqında bəhs edilir.
Azərbaycanın başqa yerlərində olduğu kimi, Naxçıvan bölgəsində də bu karvansarayların bəziləri günümüzədək gəlib çatmışdır. Hətta Naxçıvan ərazisindəki bəzi bulaqların adı da məhz karvansaraylarla bağlı olmuşdur. Belə bulaqlardan ikisi Şahbuz rayonunun Gömür kəndindən 7 kilometr şimal-şərqdə, okean səviyyəsindən 2260 metr yüksəklikdə yerləşən Karvansaray bulaqlarıdır. Gömürçayın mənbəyində olan bulaqlar hidrogen-sulfidlidir. Hər iki bulaq suları termaldır.
Bu yazımızda tarixin müxtəlif dövrlərində Naxçıvan ərazisində fəaliyyət göstərmiş karvansaraylardan bəhs edəcəyik.
Fərhad evi və yaxud Ağ karvansaray. Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağı adlanan ərazidə yerləşən, xalqın yaddaşına adı Fərhad evi kimi həkk olunan abidənin tarixi hələ eramızdan əvvəl I minilliyə gedib çıxır. Lakin tədqiqatçılar Fərhad evinin karvansaray kimi istifadəsini daha çox orta əsrlərə aid edirlər. Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev bu karvansarayın digər bir adının Aman evi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev isə Ağ karvansaray olduğunu qeyd etmişlər. Dördotaqlı bu karvansarayın səfalı bir yerdə yerləşməsi orta əsrlərdə Naxçıvan-Batabat yolu ilə hərəkət edən karvanların və səyahətçilərin məhz burada dayanaraq istirahət etməsinə səbəb olmuşdur. 1971-ci il 27 mart tarixli “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan bir məqalədə abidənin yanından keçən qədim yolun kənarında müsafirlərə yol göstərən daşın olduğu qeyd edilmişdir. Məlumatdan aydın olur ki, daş iki metr hündürlüyündə olub, yuxarı hissəsi qolları yana açılmış heykələ oxşayırmış.
“Naxçıvan Abidələri Ensiklopediyası”nda göstərilir ki, orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansaray tikilmişdir. Yerli əhali bunu “Şah Abbas karvansarayı” adlandırmışdır.
Xaraba Gilan karvansarayı. Xaraba Gilan ərazisi Naxçıvanda şəhər mədəniyyətinin ən möhtəşəm incilərinin qalıqlarını özündə bu gün də yaşatmaqdadır. Arxeoloq Bəhlul İbrahimlinin rəhbərliyi ilə uzun illər ərzində burada aparılan tədqiqatlar nəticəsində aşkarlanan çoxsaylı maddi-mədəniyyət nümunələri, şəhər tikililəri, ərazi barədə tarixi mənbələrdə verilən məlumatlar bu şəhərin ticarət yolları üzərində mühüm nöqtələrdən biri olduğunu sübut edir. Naxçıvan ərazisində yerləşən ən möhtəşəm şəhər karvansaraylarından biri də məhz Xaraba Gilandadır. Xaraba Gilan ərazisində arxeoloqlar tərəfindən şərti olaraq II və III məhəllələr adlandırılan məhəllələrin arasında yerləşən bu karvansaray böyük bir qaya üzərindədir. Tədqiqatçıların qeydlərindən aydın olur ki, bu karvansaray kompleksi yataq, məişət, təsərrüfat otaqlarından, anbarlardan və tövlələrdən ibarət olmuşdur.
Culfa karvansarayı. XII-XIII əsrlərə aid edilən Culfa karvansarayı nəinki Naxçıvan Muxtar Respublikası ərazisində, ümumilikdə, müasir Azərbaycan Respublikasının ərazisində elm aləminə məlum olan ən böyük karvansaraydır. Ümumi uzunluğu 37 metr olan Culfa karvansarayı şəhər karvansarayları qrupuna aid olub, orta əsrlərdə Culfa şəhərinin daşıdığı mühüm ticarət əhəmiyyətindən xəbər verməkdədir. Çoxsaylı otaqları, böyük zallarının qalıqları bu gün də qalmaqda olan Culfa karvansarayı rayonun Gülüstan kəndi ərazisində yerləşir.
Yuxarı Əylis karvansarayı. Ordubad rayonunun Yuxarı Əylis kəndinin mərkəzində, bazar meydanının cənubunda yerləşmiş karvansaray XVII əsr Əylis şəhərinin ən möhtəşəm tikililərindən biri olmuşdur. Karvansarayın dövrümüzə qədər gəlib çatmış cənub və qərb divarlarını və zirzəmilərini görmüş tədqiqatçılar bu karvansarayın Naxçıvan ərazisində butipli ən möhtəşəm tikililərdən biri olduğu fikrindədirlər.
Camaldın karvansarayı. Naxçıvanda ən qədim karvansaraylardan biri də Culfa rayonunun Camaldın kəndi ərazisində olmuşdur. “Naxçıvan Abidələri Ensiklopediyası”nda verilən məlumatdan aydın olur ki, tarixi XII-XVII əsrlərə aid edilən bu karvansaray 6750 kvadratmetr ərazidə yerləşmişdir. Ərazidə dördkünc formalı tikintilərin qalıqları bu gün də qalmaqdadır.
Haçadağ karvansarayı. Haçadağ (İlandağ) ətrafından keçən karvan yollarını öyrənərkən tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev tərəfindən aşkara çıxarılmış karvansaraylardan biri də hündürlüyü 3 metr 50 santimetr, uzunluğu 12 metr, eni isə 7 metr olan karvansaraydır. Tədqiqatçı tikiliş üslubunu nəzərə alaraq bu karvansarayın XVI əsrdə tikilməsi qənaətinə gəlmişdir.
Sədərək karvansarayı. Məlumdur ki, Sədərək ərazisi tarixən Şərqdən Qərbə doğru hərəkət edən karvanların əsas keçid məntəqələrindən biri olmuşdur. Naxçıvan ərazisində əsas karvansaraylardan biri də indiki Sədərək kəndinin cənubunda yerləşmiş və hətta XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərmişdir. Bu barədə məlumata 1921-ci ilə aid bir arxiv sənədində rast gəlirik. Belə ki, “Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi” adlı sənəddə Şərur qəzasının Sədərək rayonunun 37 yaşayış məntəqəsi sırasında “Karvansaray” adlı bir məntəqənin də adı qeyd edilmişdir.
Naxçıvan tarixboyu olduğu kimi, bu gün də qonaq-qaralıdır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Naxçıvanın blokadaya alınması nəticəsində orta əsrlərdəki kimi, Cənubdan Şimala doğru olmasa da, Şərqdən Qərbə doğru gedən maşın karvanlarının hərəkət istiqamətlərindən biri də məhz Naxçıvan xətti olur. Orta əsrlərdə olduğu kimi, bu gün də Naxçıvana dünyanın müxtəlif ölkələrindən səyyahlar və qonaqlar gəlir. Gələn qonaqların üz tutduqları ünvanlar isə tarixi möhtəşəm Naxçıvan karvansaraylarının varisləri hesab edə biləcəyimiz Naxçıvan mehmanxanalarıdır. “Təbriz”, “Duzdağ”, “Grand-Naxçıvan”, “Avtovağzal”, “Nəxşicahan” mehmanxana və otelləri muxtar respublikanın paytaxtına, “Ağbulaq”, “Araz”, “Elsevər” mehmanxana, otel və istirahət mərkəzləri isə muxtar respublikanın rayonlarına üz tutan insanların doğma evlərinin əvəzedicisinə çevrilir.
Elnur Kəlbizadə