Əlincə həm müqəddəsliyi, həm də qəhrəmanlığı ilə Naxçıvanın əsas rəmzlərindən biridir. Xalqımızın yenilməzlik simvolu, Azərbaycanın alınmaz qalası olan Naxçıvanın məğlubedilməzlik nişanəsidir. Əsrlərlə Azərbaycanın ərazisində mövcud olmuş neçə-neçə feodal dövlətin məhz Əlincəni strateji ərazi kimi nəzarətdə saxlamağa çalışması təsadüfi hesab edilə bilməz. Azərbaycan Atabəylər dövlətinin ən qüdrətli dövrlərində buranın xüsusi iqamətgaha çevrilməsi ərazinin və qalanın əhəmiyyətindən xəbər verir.
Əlincə qalası Naxçıvanın ağır və keşməkeşli tarixinin də, inkişaf və intibah tarixinin də şahididir. Əsrlər boyunca Əlincəqala təkcə işğalçıların, fatehlərin hücumlarına deyil, həm də sərt təbiətin sınaqlarına sinə gərmişdir. Bu gün isə Əlincəqala Naxçıvanla birlikdə özünün yeni intibah dövrünü yaşayır. Əlincəqala bərpa olunub. Muxtar respublikaya dünyanın və ölkənin müxtəlif yerlərindən gələn insanlar bu gün fatehlərin və qəhrəman qala müdafiəçilərinin addımladıqları Əlincəqalada tarixin nostalgiyasını hiss etməyə çalışırlar. Əgər Əlincəqaladakı tarixin izlərini qorumaqla onun bərpası mümkün olmasaydı, yəqin ki, neçə-neçə insanın bu qala haqqında təəssüratları kitab səhifələrindən o tərəfə keçməyəcəkdi. Bəzilərinin fiziki, digərlərinin isə mənəvi ruhu Əlincəqalaya qalxmağa imkan verməyəcəkdi.
Bəs əsrlərin şahidi olan bu qala tarixdə neçə dəfə bərpa olunmuşdur? Adını tarixə yazdıra bilən bərpaçılar kimlərdir? Bu suallara cavab tapmaq üçün tarixin səhifələrini vərəqləyirik.
Hələ XX əsrin 30-40-cı illərində rus alimi İ.Şeblıkin burada apardığı müşahidələr nəticəsində belə bir fikrə gəlmişdir ki, qaladakı binalar dəfələrlə dağılmış və yenidən bərpa olunmuşdur.
Eldənizlər dövründə Əlincəqalada bərpa işləri aparılıbmı?
Mənbələrin və tədqiqatların verdiyi faktları nəzərə alaraq Əlincəqalanın bizə məlum olan ilk bərpasının Eldənizlər dövrünə təsadüf etdiyi ehtimalını irəli sürə bilərik. Məlumdur ki, Azərbaycan Atabəyləri dönəmində mühüm müdafiə tikilisi olan Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, bura Eldəniz hökmdarlarının ailə üzvlərinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdir. Əlincəqalanın Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə”də də yazır. Qalanın müdafiə sistemi o dərəcədə möhkəm olmuşdur ki, hətta bir çox Eldəniz hökmdarları ən çətin vaxtlarda məhz Naxçıvana sığınmağa çalışmışlar. Ehtimal etmək olar ki, Naxçıvanı dövlətin mərkəzinə çevirən Şəmsəddin Eldəniz qalanın möhkəmləndirilməsi ilə bağlı müəyyən işlər həyata keçirmişdir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev yazır ki, Əlincədəki saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılmışdır.
Atabəylər dövründə Naxçıvan hakimi Zahidə xatının iqamətgahının Əlincəqalada yerləşdiyi dövrdə də, ehtimal ki, qalada müəyyən tikinti və təmir işləri aparılmışdır.
Əlincəqalanın bərpası ilə bağlı məlum olan ilk fərman
Məlumdur ki, Hülakülər və Teymurilərin dövründə Əlincəqala ciddi hücumlara və dağıntılara məruz qalmış, Əmir Teymura qarşı qala müdafiəçilərinin 14 illik müqaviməti qalanın adını tarixə qızıl hərflərlə həkk etdirmişdir.
Əmir Teymurun və digər Teymuri sərkərdələrinin hücumları zamanı ciddi dağıntılara məruz qalan Əlincə qalasının tarixində ən böyük dağıntılardan biri 1406-cı ilə təsadüf edir. Tarix üzrə fəlsəfə doktoru Rauf Məmmədovun yazdığına görə, həmin ildə Təbriz qazisi İmadəddin Əlincəqalaya hücum edərək qalanı dağıtmışdı. Həmin ilin iyulunda Cəlairi Sultan Əhməd Təbrizi ələ keçirdikdən sonra Naxçıvan ərazisini Təbriz qazisi İmadəddinə soyurqal olaraq vermişdir.
Əlincəqalanın bərpası ilə bağlı məlum olan ilk fərman da bu dövrə aiddir. Məhz Sultan Əhməd Əlincəqalanın möhkəmliyini nəzərə alaraq onun bərpa edilməsi haqqında fərman vermiş və bütün bərpa xərclərini ətrafda yaşayan əhalinin üzərinə qoymuşdur.
Səfəvilər dövrünün Əlincə qalası
Bəzi tədqiqatçılar qalada olan bir sıra memarlıq nümunələrinin – müdafiə tikililərinin, qapıların və sair qurğuların Səfəvilər dövründə inşa edilməsi fikrini irəli sürmüşlər. Nəzərə alsaq ki, Naxçıvan Səfəvilər üçün xüsusi əhəmiyyət kəsb etmiş, I Şah İsmayılın dövründə Naxçıvan ərazisi həm də qış paytaxtı rolunu oynamış və gürcü hakimləri Şah İsmayıl Səfəvidən asılılığı məhz burda qəbul etmişdilər, o zaman Səfəvilər dövründə də qalada müəyyən bərpa işlərinin aparılması ehtimalı güclənir. Tədqiqatçılar qeyd edirlər ki, Səfəvilər dövründən sonra Əlincəqala ciddi dağıntılara uğrasa da, qala XIX əsrdə öz funksiyasını yerinə yetirmişdir. 1826-cı ildə Lala bəy adlı qalabəyi Əlincə qalasında yarım ildən artıq düşmənlə vuruşmuşdur.
Müasir dövr Naxçıvan intibahından pay alan Əlincə
Naxçıvan ərazisində Əlincəqalanın tarixdə növbəti dəfə və ən fundamental miqyaslı bərpası isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adı ilə tarixə düşmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 11 fevral 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalamışdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanmış və bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir. Beləliklə, Əlincəqalanın təkcə Naxçıvan, ya da ölkəmiz üçün deyil, bütövlükdə dünya tarixi üçün əhəmiyyəti rəsmiləşdirilmişdir.
“Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamdan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və AMEA Naxçıvan Bölməsi abidənin elmi-bərpa layihəsini hazırlamış, Əlincəqala tarixi memarlıq üslubu ənənələri saxlanılmaqla bərpa edilmiş, burada “Əlincəqala” Muzeyi yaradılmışdır. Bu, Naxçıvanda xalqımızın qəhrəmanlıqla dolu keçmişinə dövlət səviyyəsində sayğının və sevginin ifadəsi olmuşdur.
Bu gün Əlincəqalanın zirvəsində bir bayraq dalğalanır. O bayrağın ilk rəngi bu yurdun kimə məxsus olduğunu ifadə edir. İkinci rəngində bir mübarizə əzmi var o bayrağın, Əlincəqalanın işğalçılara qarşı müqavimətindən doğan bir mübarizə əzmi. Üçüncü rəngi ilə isə bu yurdu təkcə qəhrəman insanların deyil, həm də Allahın qoruduğunu deyir o bayraq. Əlincəqalanın zirvəsində dalğalanan bayraq bu yurdun əmin əllərdə olduğunu, öz tarixi sahiblərində olduğunu və bir daha bu yurdun işğala məruz qalmayacağını, bir daha bu qalanın dağılmayacağını ifadə etməkdədir. Çünki zirvələr yalnız qartallara məxsusdur. Dünya xəritəsinə baxanda isə Azərbaycan qartal formasında görünür. Bir gün bu bayrağın Şuşa qalasında da dalğalanması arzusu ilə...
Elnur Kəlbizadə