Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi və Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə rayondakı “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin qarşısında “Xalq yaradıcılığı günü” keçirilib.
Tədbiri giriş sözü ilə Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynli açaraq muxtar respublikamızda xalq yaradıcılığı günlərinin keçirilməsinin ənənəvi hal aldığını bildirib və belə tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, xalq yaradıcılığı nəsildən-nəslə ötürülərək yaşadılıb. Tarixboyu xalqımız zəngin xalq yaradıcılığını, milli dəyərlərini və adət-ənənələrini qoruyub saxlayıb.
Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Müasir Azərbaycan cəmiyyətində zəruri və mühüm amillərdən biri də gənclərin tərbiyə prosesində milli-mənəvi dəyərlərdən, xalq yaradıcılığından düzgün istifadədir.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin şöbə müdiri Nizami Əzizəliyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamına əsasən, qədim diyarımızda milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər unudulmaqda olan milli dəyərlərin yaşadılmasına xidmət edir. Ali Məclis Sədrinin sərəncamından sonra muxtar respublikamızın bütün bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, qədim rəqslərimiz, xalq oyunlarımız və mərasim tamaşalarımız yaşadılır. Xalqımızın yaratdığı yaradıcılıq nümunələri geniş və əlvandır. Təbii ki, bu sahədə görülən işlər də geniş və əhatəli olmalıdır. Bu zənginliyi və əlvanlığı qorumaq, gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
Qeyd olunub ki, bu sahədə ziyalılarımızın, alimlərimizin, xalq yaradıcılığı ilə məşğul olan insanların üzərinə mühüm vəzifələr düşür. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.
Vurğulanıb ki, son 20 ildə Naxçıvanda milli dəyərlərin, xalq yaradıcılığının qorunması və təbliği sahəsində böyük işlər görülüb. Milli-mədəni irsin qorunması, dinimizə münasibət, inanc yerlərinə münasibət, tarixi abidələrimizin bərpası və qorunması, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin qeyd edilməsi, qədim adət-ənənələrimizin dirçəldilməsi və yaşadılması, xalq yaradıcılığına diqqət və qayğı bu günümüzün reallığına çevrilib. Xalqımızın min illər boyu yaratdığı bu milli-mənəvi dəyərləri yaşatmaq, təbliğ etmək, öyrənmək və bu dəyərləri gənc nəslə aşılamaq mühüm əhəmiyyətə malikdir.
Sonra Culfa Rayon Mədəniyyət Evinin, rayonun Milax, Qazançı, Boyəhməd, Əlincə, Əbrəqunus, Bənəniyar, Kırna, Saltaq kənd mədəniyyət evi və klub müəssisələri folklor kollektivlərinin ifa etdiyi qədim rəqslər, yallılar, el deyimləri, bayatılar, şənlik-toy havaları, xalq oyun və tamaşaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Belə tədbirlərin muxtar respublikanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.
Əli Rzayev