Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Eynəli bəy Sultanov: Hekayələr” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq kitabın hazırlanması sahəsində görülən işlərdən danışaraq qeyd edib ki, bölmənin elmi işçisi Elxan Məmmədovun topladığı hekayələrin nəşr olunduğu bu kitab gərgin və məhsuldar fəaliyyət sayəsində ərsəyə gəlib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin yenidən tədqiq edilməsi ilə yanaşı, həm də ədəbiyyatımızın, mədəniyyətimizin, ümumilikdə, ictimai fikir tariximizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir.
Vurğulanıb ki, görkəmli yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun çoxşaxəli fəaliyyəti Azərbaycan ictimai fikir tarixində mühüm mərhələ təşkil edir. 1866-cı il mayın 5-də Naxçıvan şəhərində anadan olan Eynəli bəy Sultanov ilk təhsilini Naxçıvan qəza məktəbində alıb. 1880-1886-cı illərdə “İrəvan kişi gimnaziyası”nda təhsilini davam etdirən gənc Eynəli öz bilik səviyyəsini xeyli zənginləşdirib, Avropa ədəbiyyatını və Qərb maarifçiliyini dərindən mənimsəyib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Eynəli bəy Sultanovun ədəbi-bədii irsinin öyrənilməsi və nəşri məsələləri” mövzusunda məruzə ilə çıxış edib.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fərman Xəlilovun, institutun böyük elmi işçiləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun da çıxışları olub.
Bildirilib ki, akademik İsa Həbibbəylinin məsləhətçisi və ön sözün müəllifi olduğu kitabda 33 hekayə toplanıb.
Bu hekayələr içərisində “Naxırçı qızı Gözəl”, “Bülbül”, “Cənub gecələri”, “Qurd balası”, “Çalma”, “Təzə pir” kimi hekayələr öz ibrətamizliyi ilə diqqəti cəlb edir.
Sonda “Eynəli bəy Sultanov: Hekayələr” kitabını toplayan, tərtib edib nəşrə hazırlayan AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədov çıxış edərək, ilk növbədə, Eynəli bəy Sultanov irsinin hərtərəfli öyrənilməsinə yol açan müvafiq sərəncamın əhəmiyyətindən danışıb, təqdimetmə mərasimində çıxış edənlərə və iştirakçılara öz minnətdarlığını bildirib. Elxan Məmmədov Eynəli bəy Sultanovun çoxşaxəli yaradıcılığına dair bundan sonra da tədqiqatlar aparacağını vurğulayıb.
Nərgiz İsmayılova