Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Hacı Xanməmmədovun yaradıcılığına həsr olunmuş konsert-lektoriya keçirilib.
Tədbirin aparıcısı bildirib ki, Hacı Xanməmmədov 60 ildən artıq yaradıcılığı dövründə musiqi sənətinin bir çox janrlarında parlaq əsərlər ərsəyə gətirib. Bəstəkarın tar ilə simfonik orkestr üçün 5 “Konsert”i, iki musiqili komediyası, xalq çalğı alətləri orkestri üçün “Simfoniyetta”sı, “Azərbaycan eskizləri”, “Bayram”, “Azərbaycan” süitaları musiqi xəzinəmizi zənginləşdirən böyük yaradıcılıq nümunələridir.
O, musiqi tariximizə həm də ilk dəfə olaraq kamança və orkestr üçün “Konsert” bəstələmiş bəstəkar kimi daxil olub.
Ötən əsrin 60-cı illərində görkəmli bəstəkar bir sıra musiqili komediyalara da yaddaqalan melodiyalar bəstələyib.
Hacı Xanməmmədov həm də gözəl mahnılar müəllifi kimi tanınıb. Onun 150-dən çox mahnısı görkəmli müğənnilərin ifasında səsləndirilib. Bir sıra görkəmli şairin şeirlərinə bəstələnən mahnılar bu gün də sevilə-sevilə oxunur. “Yaşa, könül”, “Arzuya bax, sevgilim”, “Güllü”, “Ceyran”, “Getmə, amandır” və başqa mahnılar bu gün müğənnilərin repertuarlarında olan ən məşhur mahnılardandır.
Sonra görkəmli bəstəkarın əsərlərindən ibarət konsert musiqisevərlərə təqdim edilib. Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevin bədii rəhbər və dirijoru olduğu Naxçıvan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestri bəstəkarın mahnılarını və kamança üçün “Konsert”ini ifa edib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Elçin Nağıyevin, Azər Cəfərlinin ifa etdikləri “Qurban olduğum”, “Yadıma düşdü” mahnılarında bəstəkarın qəlboxşayan zərif zövqlü musiqisi hiss olunurdu.
Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılovun, solistlərdən İsrafil Qibləliyevin, Qəribə Həsənovanın və Nərmin Hüseynlinin ifalarında səslənən “Aldatmayaq bir-birimizi”, “Gözünə qurban”, “Yenə o bağ olaydı”, “Yaşa, könül” mahnıları bəstəkarın yüksək zövq, musiqi duyumu ilə bərabər sözə tələbkarlığının göstəricisidir. Konsert görkəmli bəstəkarın kamança üçün orkestrdə ifa edilən “Konsert” əsəri ilə başa çatıb. “Konsert”in kamançada solo ifasını Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Aqib Seyidov səsləndirib.
Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb.\
Əli Rzayev