23 Dekabr 2024, Bazar ertəsi

Müstəqillik illərində çox böyük inkişaf yolu keçən Naxçıvan Muxtar Respublikasında sistemli şəkildə həyata keçirilən genişmiqyaslı işlər içərisində Naxçıvan bölgəsinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, ümumiyyətlə, elmin bütün sahələri üzrə hazır­lanan monoqrafiya və kitabların nəşri özünəməxsus yer tutur. Bölgədə aparılan tədqiqatların nəticəsi kimi hazırlanan ümumiləşdirici əsərlərin, diqqətəlayiq monoqrafiya və kitabların böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə nəşr olunaraq elmi ictimaiyyətə təqdim edilir. Yaxın günlərdə biz bu qəbildən olan bir əsərin də nəşrinin şahidi olduq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən Azərbaycan tarixində xüsusi yeri və mövqeyi olan, xalqımızın məğlubedilməzlik rəmzinə çevrilən Əlincəqala haqqında Azərbaycan, rus və ingilis dillərində hazırlanan “Əlincəqala” adlı sanballı əsər “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik səviyyədə nəşr olunaraq Azərbaycan xalqına və beynəlxalq elmi ictimaiyyətə təqdim edildi.

Əlbəttə, belə bir möhtəşəm nəşr heç də birdən-birə, təsadüfən yaranmamışdır. Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası ərazisində zəmanəmizədək qədim və orta əsrlər zamanı yaradılmış çoxlu tarix-mədəniyyət abidələri gəlib çatmışdır. Bu abidələrin əksəriyyəti yarandığı zamandan keçən müddət ərzində təbii qüvvələrin təsirindən güclü aşınmaya məruz qalmış, obyektiv və subyektiv səbəblərdən uçub dağılmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bu abidələrə, ümumiyyətlə, keçmiş irsə münasibət dəyişmiş, onlar yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu cəhət Naxçıvan Muxtar Respublikasında özünü xüsusilə qabarıq şəkildə göstərmişdir. Son 20 ildə muxtar respublikanın ərazisində indiyədək gəlib çatan müxtəlif təyinatlı tarix-mədəniyyət abidələrindən 60-dan çoxu yüksək səviyyədə, orijinallıq saxlanmaqla bərpa və təmir olunaraq xalqa qaytarılmışdır. Belə abidələrdən biri də Culfa rayonu ərazisindəki Əlincəqaladır.
Azərbaycanın orta əsrlər dövrü tarixində silinməz izlər buraxan, əhəmiyyətinə görə ölkəmizin müdafiə qalaları içərisində mühüm yer tutan, bu səbəbdən də orta əsr Azərbaycan hökmdarları tərəfindən xüsusi diqqət yetirilən Əlincəqala da keçən müddət ərzində güclü aşınmalara və dağıntılara məruz qalmışdı. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 14 fevral 2014-cü ildə “Əlincəqala” tarixi abidəsini milli-mədəni sərvət kimi qoruyub saxlamaq məqsədilə “Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin bərpa olunması haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə AMEA Naxçıvan Bölməsi ilə birlikdə bu möhtəşəm abidənin elmi-bərpa layihəsinin hazırlanması və qalanın bərpasının təmin olunması ilə əlaqədar tapşırıqlar verilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması üçün tədbirlər görülməsi tapşırılmışdır. Sərəncamın imzalanmasından az sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə qalanın bərpası ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunmuş və konkret tapşırıqlar verilmişdir.
Əlincəqala indiyədək hərtərəfli tədqiq olunmadığı üçün orada kompleks tədqiqatlar aparmaq məqsədilə AMEA Naxçıvan Bölməsində “Əlincəqala” tədqiqat qrupu yaradılmışdır. Bərpa işləri zamanı bir neçə dəfə qalada olan tədqiqat qrupunun üzvləri bərpaçılarla birlikdə qalanın bərpa layihəsinin hazırlanmasında və bərpa işlərinin elmi əsaslarla aparılmasında yaxından iştirak etmişlər. Nəticədə, Əlincəqala tarixilik və orijinallıq saxlanılmaqla yüksək səviyyədə bərpa olunmuşdur.
Artıq Əlincəqalada bərpa işləri başa çatdırılmışdır. 2016-cı il iyunun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə bu möhtəşəm abidənin açılışı olmuşdur. Beləliklə, xalqımızın həyatında böyük rol oynayan Əlincəqala Naxçıvan əhalisi və muxtar respublikaya gələn qonaqların ziyarəti üçün açılmışdır.
Keçən müddət ərzində“Əlincəqala” tədqiqat qrupunun üzvləri qalada elmi axtarışlar aparmış, orta əsr mənbələri, qala haqqında indiyədək aparılan tədqiqatlara aid yazılmış əsərlərlə tanış olmuş, qalanın tarixi ilə bağlı bir sıra yeni faktlar aşkara çıxarmışdır. Aparılan tədqiqatların nəticəsi olaraq “Əlincəqala” adlı sanballı kitab hazırlanmışdır. Əlincəqala haqqında kompleks tədqiqatları özündə birləşdirən bu kitab Əlincəqalanın açılış tədbirindən sonra elmi ictimaiy­yətə təqdim olunmuşdur.
Yenicə işıq üzü görmüş “Əlincəqala” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2014-cü ildə imzaladığı “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamla açılır. Giriş, 13 məqalə, nəticə, ədəbiyyat siyahısı və 44 rəngli fotoşəkildən ibarət olan kitabda Əlincəqalada aparılan təmir-bərpa işləri, tarixi mənbələrdə Əlincəqala haqqında verilən məlumatlar, Əlincə sözünün etimologiyası, “Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala ilə bağlı yer alan faktlar, Əlincəqala uğrunda Teymurilərin, Qaraqoyunlu və Ağqoyunluların mübarizəsi, buraya sığınan insanların Teymur qoşunlarına qarşı müqaviməti, Əlincəqalanın Teymur qoşunlarına qarşı 14 illik mübarizəsinə rəhbərlik etmiş qala rəisləri, qalanın Səfəvilər dövründəki vəziyyəti, memarlıq xüsusiyyətləri və müdafiə sistemi, hidrotexniki qurğuları, Əlincəqalada tapılan numizmatik materiallar, xalq yaddaşında Əlincəqala ilə əlaqədar yaşayan məlumatlar, qala ətrafında olan epiqrafik, tarix və memarlıq abidələri haqqında məqalələr toplanmışdır.
Son tədqiqatlar zamanı Əlincəqaladan VII əsrdə zərb edilən sikkələrin tapılması, VII əsrdə qalanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin olmasına dair faktların aşkar edilməsi onun tikilmə tarixinin VII əsrdən əvvəlki dövrlərə aid olduğunu təsdiq edir. “Əlincəqala” tədqiqat qrupu üzvlərinin hazırladığı məqalələrdə əks olunan faktlar əsasında Əlincə toponiminin Əlincə/Əlincək tayfa adı ilə bağlı olduğu,“Kitabi-Dədə Qorqud” dastanına, numizmatik materiallara və digər mənbələrə, xüsusilə qalanın memarlıq xüsusiyyətlərinə əsasən onun əsasının I-VI əsrlərdə qoyulduğu sübuta yetirilmişdir.
Tədqiqatlar nəticəsində aydın olmuşdur ki, Azərbaycan Atabəyləri dövləti zamanında (1136-1225-ci illər) Əlincəqalanın hərbi-strateji, iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artmış, Eldəniz hökmdarı Məhəmməd Cahan Pəhləvanın arvadı, Naxçıvanın hakimi Zahidə xatının iqamətgahı orada yerləşmişdir. Əmir Teymurun Azərbaycana hücumu dövründə Əlincəqala yüksək inkişaf səviyyəsində olmuş, Teymur qoşunlarına 14 il (1387-1401-ci illər) mətanətlə müqavimət göstərmişdir. Qala sonrakı dövrlərdə də öz müdafiə qabiliyyətini saxlamış, hətta Səfəvilər dövründə orada bir sıra müdafiə tikililəri, qapılar və sair inşa edilmişdir. Müharibələr zamanı qala sakinlərinin su təminatı qayalarda çapılmış müxtəlif həcmli su hovuzları və kəhrizlər vasitəsilə həyata keçirilmişdir. Qala ətrafında indiyədək qalan epiqrafik abidələrin tədqiqi nəticəsində aydın olmuşdur ki, bu ərazi orta əsrlər zamanı nəinki Naxçıvanın, bütövlükdə Azərbaycanın mühüm siyasi, sosial və mədəni mərkəzlərindən biri olmuşdur.
Ümumiyyətlə, kitaba daxil edilən məqalələrin müəllifləri elmə məlum faktlarla yanaşı, əldə olunan yeni tarixi məlumatlar əsasında Əlincəqalanın tarixi haqqında ümumi və aydın təsəvvür yarada bilmişlər. Tədqiqat qrupu elmi əhəmiyyətini nəzərə alaraq Naxçıvan şəhərinin orta əsrlər dövrü tarixinin gözəl tədqiqatçısı, mərhum Rauf Məmmədovun vaxtilə Əlincəqala haqqında yazdığı məqalənin də kitaba daxil edilməsini məqsədəuyğun hesab etmişdir.

Artıq kitab hazırdır və elmi ictimaiyyətə, geniş oxucu kütləsinə təqdim olunmuşdur. Ancaq tarix elminin digər sahələrində olduğu kimi, Əlincəqalanın tədqiqi problemini də bitmiş hesab etmək və bu məsələ ilə əlaqədar son nöqtənin qoyulduğunu demək olmaz. Məhz bunu nəzərə alaraq Əlincəqala tarixi abidəsi və muzeyinin açılış mərasimində çıxış edərkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Akademiyanın Naxçıvan Bölməsi və “Əlincəqala” tədqiqat qrupunun qarşısında muxtar respublikadan kənarda Naxçıvanın tarixi abidələri, o cümlədən Əlincəqala ilə bağlı mənbə və materialların əldə edilməsi, qalaya aid materialların araşdırılmasının bundan sonra da davam etdirilməsi, tədqiq və təbliğ olunmasını, aid təşkilatlar qarşısında isə bərpa edilmiş abidənin qorunmasını mühüm bir vəzifə kimi qoymuşdur. Buna görə də naxçıvanlı alimlər, xüsusilə “Əlincəqala” tədqiqat qrupunun üzvləri bu istiqamətdə tədqiqatlarını davam etdirəcək və xalqımızın qürur mənbəyi olan Əlincəqalanın tarixinə işıq salmaq üçün bundan sonra da səylə çalışacaqlar.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR