23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında növbəti “Lira” musiqili-intellektual oyunu keçirilib. Qeyd edək ki, ötən ildən başlanılan “Lira” musiqili-intellektual oyunlarında muxtar respublikanın 6 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri iştirak edirlər.

Oyun başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova çıxış edərək bildirib ki, nazirlik tərəfindən üçüncü dəfə təşkil olunan “Lira” musiqili-intellektual oyunun məqsədi şagirdlərin biliyinin artırılmasına, onların intellektual səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir. Bu oyunlar xalqımızın böyük bəstəkarlarının həyat və yaradıcılığını təbliğ etmək və zəngin musiqi irsimiz haqqında təsəvvürləri genişləndirmək baxımından da əhəmiyyətlidir. Keçirilən oyunlar müəllimlər və şagirdlər tərəfindən maraqla qarşılanır. “Lira” musiqili-intellektual oyunları gələcəkdə də davam etdiriləcək. Musiqili-intellektual oyun hər dəfə bir görkəmli Azərbaycan bəstəkarının həyat və yaradıcılığına həsr olunur. Budəfəki oyun isə peşəkar Azərbaycan musiqisinin yaradıcısı və banisi Üzeyir Hacıbəyliyə həsr edilib.

Sonra musiqili-intellektual oyunda yarışacaq uşaq musiqi məktəblərinin komandaları təqdim olunub. Bildirilib ki, yarışda “Dəsgah” (Babək Rayon Cəhri Kənd Uşaq Musiqi Məktəbi), “Əlincə” (Culfa Rayon Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi), “Rast” (Şərur Rayon Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbi), “Nuh yurdu” (Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbi) komandaları iştirak edirlər. Oyunun şərtlərinə görə, yarış 5 nəfərdən ibarət olan 4 komanda arasında keçirilir və 3 turdan ibarətdir. I turda görkəmli Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığına dair, II turda şagirdlərə musiqi əsərlərini dinləmə yolu ilə təyinetmə formatında, III turda isə ümumi musiqi dünyagörüşünə dair suallar veriləcəkdir.
Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda musiqi məktəblərinin şagirdləri böyük bəstəkarla bağlı sualları cavablandırmaqda fəallıq göstəriblər. Onlar böyük Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, Niyazi, F.Əmirov, V.Adıgözəlov, Q.Hüseynli və başqalarının əsərlərini dinləmə yolu ilə təyin ediblər, musiqinin ümumi nəzəri məsələləri ilə bağlı sualları cavablandırıblar.
Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. Ən çox bal toplamış “Əlincə” komandası I yerə, “Rast” komandası II yerə, “Nuh yurdu” komandası III yerə layiq görülüb. Babək Rayon Cəhri Kənd Uşaq Musiqi Məktəbinin “Dəsgah” komandası diplomla mükafatlandırılıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR