Naxçıvan Muxtar Respublikasında yerləşən tarix və mədəniyyət abidələri yalnız Azərbaycan tarixi üçün deyil, həm də Yaxın Şərq və Cənubi Qafqaz tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir. Muxtar respublikamızdakı bir çox tarixi abidələr dünyada bənzəri olmayan mədəniyyət inciləridir. Belə mədəniyyət incilərindən biri də Qarabağlar Türbə Kompleksidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında 4 iyul 2016-cı il tarixdə Sərəncam imzalamışdır.
Qarabağlar Türbə Kompleksi orta əsr Azərbaycan memarlığının nadir sənət əsərlərindəndir. Şübhəsiz ki, belə mədəniyyət inciləri birdən-birə yaranmamış, mədəni inkişafımızın nəticəsi olmuşdur. Araşdırmalara əsaslanaraq demək olar ki, nadir konstruksiyalı memarlıq abidələri Naxçıvanda hələ Eneolit və Tunc dövrlərindən başlayaraq inşa olunmuşdur. Tədqiqatlar göstərir ki, Kəngərli rayonunun ərazisi, o cümlədən Qarabağlar kəndi Azərbaycanın dünya əhəmiyyətli tarix-mədəniyyət abidələrinin qruplaşdığı əsas regionlardan biridir.
Qarabağlar kəndinin ərazisində aşkar olunan ən qədim abidələr hələlik Eneolit dövrünə aid olsa da, burada daha qədim abidələrin aşkar olunacağı gözlənilir. E.ə. III minillikdən başlayaraq Qarabağlar kəndində qalatipli yaşayış məskənləri formalaşmışdır. Hazırda bu kəndin ərazisində I Bəzəkli, II Bəzəkli, Qalacıq, Qarabağlar, I Suzqunlar, II Suzqunlar qalası adı ilə qeydə alınan müdafiə istehkamları mövcuddur. Bu abidələrin tədqiqi Orta Tunc dövründən başlayaraq Qarabağlarda memarlıq sənətinin inkişaf etdiyini təsdiq edir.
Tarixi mənbələrin verdiyi məlumata görə, Qarabağlar orta əsrlərdə Azərbaycanın əsas şəhərlərindən biri, mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Qarabağlar ətrafında böyük orta əsr yaşayış yerlərinin, karvansarayların aşkar olunması onun tarixi İpək Yolunun üzərində yerləşməsi ilə bağlıdır. Şəhərin Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Şəhər, adından da göründüyü kimi, çoxlu bağ və yaşıllıqlarla örtülmüşdü. Bəzi mənbələrin məlumatlarına görə, şəhərin əsası XII əsrdə Şirvanşah Mənüçöhr tərəfindən qoyulmuşdur. Şəhərin Elxanilər dövründə (1256-1353) salınıb inkişaf etməsi ilə də bağlı məlumatlar vardır. Maraqlıdır ki, Qarabağlar türbəsinin də tikilməsi həmin dövrə təsadüf edir.
Türbənin Qarabağlar kəndində tikilməsi, şübhəsiz ki, bu kəndin Elxanilər dövlətinin mühüm iqtisadi-mədəni mərkəzlərindən biri olduğunu göstərir. Tarixi mənbələrdən məlumdur ki, qədim dövrdən başlayaraq orta əsrlərədək Orta Asiyada yaşayan türk tayfalarının Azərbaycana axınları davam etmişdi. XIII əsrdə monqollarla birgə hərəkət edən türk tayfalarının böyük bir qismi Azərbaycanda məskunlaşmışdı.Tədqiqatçıların fikrinə görə, “Qarabağlar” sözü qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə bağlıdır. X əsr müəllifi Konstantin Sibirdə yaşayan kəngərlərin bir tayfasının “qarabay” adlandığını qeyd etmişdir. Beləliklə, Qarabağlar tayfası kəngərlərin bir qolu hesab olunur. Bu tayfaların Azərbaycan xalqının formalaşmasında böyük rolu var. Övliya Çələbi “Səyahətnamə” əsərində Qarabağlar kəndini belə təsvir edir: “Bu şəhərin özülünü Mənüçöhr qoyub. Şəhər çox qədimdir. İndi Naxçıvan torpağında ayrıca sultanlıq təşkil edir. III Mehmet zamanında türklərin əlindən çıxaraq farsların ixtiyarına keçib. Əmir Teymur Qarabağlarda böyük bir qoşun ilə beş ay qışlağa qalıb. Şəhər çox abaddır, ətrafında ucsuz-bucaqsız münbit düzənlik yerləşir. Bizim xidmətçilər şəhərin içində 40-a qədər minarə sayıblar. Şükür Allaha, bu şəhərdə iqlimin və suyun yaxşılığı bizim əhvalımızı qaydaya saldı. Deyilənlərə görə, burada bağı və üzümlükləri olan 10 minə qədər ev, 70 mehrab, minarəli 40 cami var. Karvansaray, hamam və bazarlar da çoxdur. Onların sayı artmaqda davam edir. Bura bolluq diyarıdır. Şəhərdə gəzərkən bir bağban bizə 25 çeşid dadlı armud gətirdi. Bunları yeyərkən ağzında dondurma hiss edirsən. Yaqut rəngli nar yetişir. İrəvan düyüsündən bişirilən plov çox dadlıdır”.
Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Mütəxəssislər qoşa minarələrin XII-XIII əsrlərdə, baştağın isə XIV əsrdə tikildiyini qeyd etmişlər. Qoşa minarələrin və baştağın müxtəlif dövrlərə aid olması onların tikinti texnikasından da aydın görünür. Baştağın minarələrə sonradan əlavə edildiyi aydın şəkildə seçilir. “Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin elmi katibi olmuş M.Mirheydərzadənin fikrincə, qoşa minarəli baştağın üzərində ərəb dilində “Allahın bu nişanəsi türkmən Quti xatındır” sözləri yazılmışdır. Bəzi əsərlərdə Quti xatının Hülakü xanın arvadı olduğu qeyd edilmişdir. Lakin tədqiqatçıların fikrinə görə, baştağda adı xatırlanan Qudi xatın, yaxud Qoday xatın, ola bilsin ki, Abaqa xanın (1265-1282) arvadı olmuş Qoday xatındır. Üslub və tikinti texnikası xüsusiyyətlərinə görə, türbənin tikilmə tarixi Elxani hökmdarı Əbu Səid Bahadır xanın hakimiyyəti illərinə (1319-1335-ci illər) aid edilir.
Qarabağlar türbəsi sərdabə və yerüstü xatirə abidəsindən ibarətdir. Sərdabə on iki bucaqlı olub divarları daşdan, günbəzi isə kərpicdən inşa edilmişdir. Türbənin yerüstü hissəsi daş kürsülük üzərində inşa olunan 12 yarımsilindrdən ibarətdir. Türbənin səthi firuzəyi rəngli kaşılarla həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Yarımsilindrlərin üzərində içərisində ərəb əlifbası ilə“ləiləhəilləllah Məhəmmədən Rəsulallah” (Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur) kəlməsi həkk edilən kvadratlar dəfələrlə təkrar olunmuşdur. Bu tip ornamentdən 1322-ci ildə inşa olunan Bərdə türbəsində də istifadə edilmişdir. Elə buna görə də bəzi tədqiqatçılar Qarabağlar türbəsi ilə Bərdə türbəsinin memarının eyni şəxs olduğunu bildirmişlər. Lakin qeyd etməliyik ki, Qarabağlar türbəsi konstruksiyası ilə fərqlənir. Türbənin özünəməxsus memarlıq xüsusiyyətlərindən biri 4 baştağlı olmasıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərinə, dünyanın dörd tərəfinə yönəlmiş və türbənin görünüşünün mükəmməlliyini təmin etmişdir. Ehtimal ki, türbənin dörd baştağlı quruluşu əski inanclarla bağlı olmuşdur. Baştağların səthi kaşılar vasitəsilə həndəsi və nəbati üslubda naxışlanmışdır. Türbənin gövdəsini təşkil edən yarımsilindrlərin yuxarı hissəsində kaşılarla işlənmiş kitabələrin qalıqları saxlanmışdır. Ehtimal ki, bu kitabələr “Qurani-Kərim”dən götürülmüş kəlmələrdir. Memarlıq abidələrində və qəbirüstü monumental tikintilərdə bu tip kitabələrə rast gəlinir. Qarabağlar türbəsi konusvarı örtüyə sahib olmuşdur. Mütəxəssislərin fikrinə görə, bu örtük türbənin quruluşuna uyğun olaraq, on iki yarımsilindrin birləşməsi şəklində olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamından keçən müddət ərzində Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Qarabağlar Türbə Kompleksində aparılacaq bərpa işlərinin elmi layihəsini hazırlamışdır. Artıq bərpa işlərinə başlanılmışdır.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü