23 Dekabr 2024, Bazar ertəsi

İyunun 3-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Ərtoğrol Cavidin xatirəsinə həsr edilmiş “Yaradan ömrün faciəvi sonluğu” adlı rəsm sərgisinin açılışı olub.

Sərginin açılış mərasimində çıxış edən muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva Ərtoğrol Cavidin keşməkeşli həyat və yaradıcılığından söhbət açıb.
Qeyd olunub ki, həyat çox gənc yaşlarından Ərtoğrolu çətin sınaqlar qarşısında qoyub. Buna baxmayaraq o, bu sınaqlardan şərəflə, ləyaqətlə çıxıb. Onun yaradıcılığı ilə tanış olanda Ərtoğrolun işgüzarlığına, zəhmətkeşliyinə, maraq dairəsinin genişliyinə heyran qalmamaq mümkün deyil. O, böyük bəstəkar Üzeyir Hacıbəylinin rəhbərliyi və tövsiyəsi ilə Azərbaycan dastanlarını, folklorumuzu toplayıb, aşıq yaradıcılığını tədqiq edib, ilk dəfə aşıq musiqisini nota köçürüb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyev həm Hüseyn Cavidin, həm də Ərtoğrol Cavidin yaradıcılığına böyük əhəmiyyət verib. 1937-ci il repressiyasının qurbanı olan, ağır sürgün həyatı yaşayan Hüseyn Cavidin nəşi dahi rəhbərin şəxsi təşəbbüsü və göstərişi ilə uzaq Sibirdən Azərbaycana gətirilib, doğulduğu Naxçıvan torpağında dəfn olunub, məzarı üzərində möhtəşəm məqbərə ucaldılıb. Hüseyn Cavidin cənazəsinin qürbətdən, həyat yoldaşı Müşkünaz xanımın nəşinin Bakıdan, oğlu Ərtoğrolun nəşinin isə Naxçıvan şəhər qəbiristanlığından gətirilib Hüseyn Cavid məqbərəsində bir yerdə dəfn olunması ümummilli liderimizin tarixi xidmətlərindəndir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri qeyd edib ki, bugünkü sərgidə Ərtoğrol Cavidin qrafika üsulu ilə çəkdiyi 14 əsəri, naxçıvanlı rəssamların Hüseyn Cavidə həsr olunmuş və yağlı boya ilə işlənmiş 21 əsəri nümayiş etdirilir.
“Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova bildirib ki, Cavidlər nəslinin nümayəndələrinin keçdiyi çətin, məşəqqətli, lakin şərəfli ömür yolları yeni nəsillərimiz üçün nümunədir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, gənclərimizin Azərbaycan tarixini dərindən öyrənməsi, görkəmli şəxsiyyət­lərimizi yaxından tanıması onlarda milli qürur hissinin inkişafına müsbət təsir göstərməklə yanaşı, həm də milli birliyin formalaşmasına güclü təkan verir. Bu baxımdan Ərtoğrol Cavidin həyatı və qısa yaradıcılıq yolu hər bir gənc üçün mayak rolunu oynayır.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli Hüseyn Cavidin və Ərtoğrol Cavidin məşəqqətli ömür yolundan və bütün zamanlar üçün aktuallığını qoruyub saxlayan əsərlərinin ideya-məzmun xüsusiyyətlərindən, eləcə də onlara göstərilən dövlət qayğısından və xalq sevgisindən söhbət açıb.
Hüseyn Həşimli diqqətə çatdırıb ki, gənc Ərtoğrol qələmini dramaturgiya və poeziya sahəsində də sınayıb, uğurlu əsərlər yaradıb. 200-dən çox el havalarını nota köçürüb, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya alıb, öz yaradıcılığında onlardan qidalanıb, gözəl əsərlər yazıb. İlk böyük əsəri fortepiano üçün yazılmış “Doqquz variasiya”dır. Böyük Vətən müharibəsi başlanarkən “Cəbhədən məktub” simfonik balladasını və marşlar yazıb, “Şeyx Sənan”, “Məhsəti” operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalıb. 1942-ci ildə ordu sıralarına çağırılıb, “xalq düşməni”nin oğlu olduğu üçün arxa cəbhədə fəhlə batalyonuna göndərilib. Ağır xəstələnərək 1943-cü ildə Naxçıvanda vəfat edib. Ərtoğrol Cavidin məzarı ölümündən 53 il sonra ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülüb.
Tədbirdə qardaş ölkədən gələn qonaq, Türkiyənin görkəmli hərbi və dövlət xadimi Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir çıxış edərək Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında tarixi şəxsiyyətlərə verilən yüksək qiyməti alqışladığını, bundan böyük sevinc hissləri keçirdiyini bildirib. Timsal xanım qeyd edib ki, Ərtoğrol Cavid Türk dünyasının böyük şairi, Azərbaycan ədəbiyyatının klassiki Hüseyn Cavidin oğludur. Hüseyn Cavid ilə müzəffər komandan Kazım Qarabəkir arasında Naxçıvan Rüşdiyyə məktəbində yaranan dostluq münasibətləri sonralar daha da möhkəmlənib. Görkəmli sərkərdəni və dahi ədibi Azərbaycanın və Türkiyənin, o cümlədən Türk dünyasının gələcəyi ilə bağlı birgə ideyalar sıx birləşdirib. Hər iki şəxsiyyət əsrin sınaqlarına qarşı şərəflə mübarizə aparıb. Onların ən böyük arzusu xalqını və ölkəsini azad görmək olub. Bu gün onların arzuları artıq reallaşıb.
Qeyd edilib ki, bəşəriyyət tarixi çox sərkərdələr görüb. Ancaq Kazım Qarabəkirin şəxsində tamam ayrı-ayrı sənət sahiblərinə xas xüsusiyyətlər cəmləşdiyindən, o, bütün bu işlərin öhdəsindən qibtəolunacaq dərəcədə bacarıqla gələ bilib. Türk dünyası üçün Kazım Qarabəkir Paşa müharibə sənətinin, Hüseyn Cavid isə söz sənətinin zirvəsində dayanır. Ərtoğrol Cavid də atasının yolunu uğurla davam etdirib.
Timsal Qarabəkir və Sevda Cəfər­ova Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə xatirə plaketi və hədiyyə təqdim ediblər. Naxçıvanlı rəssam Əli Səfərli “Hüseyn Cavid” portretini Timsal Qarabəkirə hədiyyə edib.
Sonda sərgiyə baxış olub.
Sərgi iştirakçıları Abazər Qardaşbəyovun “Repressiya qurbanları”, Mircəlil Seyidovun “Cavidə haqsızlıq”, Telman Abdinovun “Cavid əfəndi” və digər rəsm əsərlərinə maraqla baxıblar.
* * *
İyunun 6-da Naxçıvan Dövlət Universitetində “Ərtoğrol Cavid yaradıcılığı” adlı ədəbi-bədii mərasim keçirilib.
Tədbiri rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq gözəl musiqi və rəsm əsərlərinin, ədəbi parçaların müəllifi olan Ərtoğrol Cavidin çoxşaxəli fəaliyyətindən danışıb, onun qəlblərdə əbədi yaşayacağını bildirib.
Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə “Ərtoğrol Cavid bəstəkar və musiqi tədqiqatçısı kimi” adlı məruzəsində bəstəkarın qeyri-adi istedadı və bacarığından söz açıb.
Bildirilib ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun sevimli tələbəsi olan Ərtoğrolun ömrü qısa olsa da, həyatda silinməz iz qoyub. Cəmi 24 il ömür sürməsinə baxmayaraq, o, sənətə, ədəbiyyata, musiqiyə bağlı bir gənc olub, 50-dən çox gözəl şeirin, eləcə də ecazkar musiqi əsərlərinin müəllifidir. Bunlardan onun öz sevimli müəllimi Üzeyir bəyə həsr etdiyi “Doqquz variasiya”sı və skripka ilə fortepiano üçün “Poema”sı diqqətəlayiqdir.
Kazım Qarabəkir Vəqfinin sədri Timsal Qarabəkir müəllim və tələbələri salamlayaraq iki dahi tarixi şəxsiyyət – Kazım Qarabəkir və Hüseyn Cavidi birləşdirən ümumi bənzərliklərdən söz açıb, onların həyat və yaradıcılıqlarının dərindən öyrənilməsinin zəruriliyini qeyd edib.
“Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova “Yaradıcı ömrün faciəli sonluğu” adlı çıxışında bildirib ki, görkəmli ədib Hüseyn Cavidin ailəsində böyüyən Ərtoğrol Cavid qısa ömür yaşamasına baxmayaraq, bir-birindən bənzərsiz əsərlər yaradıb. Əsərləri Azərbaycan mədəniyyətinin dəyərli inciləri sırasına daxil olub. Yaşadığı dövrdə – ötən əsrin əvvəllərində, əsasən, rus və Avropa bəstəkarlarının əsərlərinin təbliğ olunması və öyrədilməsinə baxmayaraq, Ərtoğrol Cavid Azərbaycan xalq mahnılarının nota köçürülməsində iştirak edib, xalqımızın milli musiqi ruhuna uyğun əsərlər yazıb, milli musiqi mədəniyyətimizi yeni yaradıcılıq nümunələri ilə zənginləşdirib.
Tədbirin bədii hissəsində müəllif bəstələrindən Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin xor kollektivinin, universitetin tələbələri İlkin Abdullayevin, Məhərrəm Quliyevin, Cahangir Qurbanovun ifasında “Quşlar”, “Ay nəğməsi”, “Batabat yaylağı”, skripka və fortepiano üçün poema, “Eşq olsun” mahnı-marşı, “Səninlə olaydım”, “Kor ərəbin mahnısı”, “Melodiya”, “Doqquz variasiya” kimi musiqi əsərləri səsləndirilib.
Sonda Zümrüd Dadaşzadəyə və Sevda Cəfərovaya Kazım Qarabəkir Vəqfinin plaketi təqdim olunub, qonaqlarla xatirə şəkli çəkdirilib.

* * *

İyunun 4-də Naxçıvan şəhərində yerləşən Kazım Qarabəkir Paşa məscidində bu gün muxtar respublikada qəhrəman ordu komandiri kimi xatırlanan Kazım Qarabəkir Paşanın ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
Kazım Qarabəkirin qızı, Qarabəkir Vəqfinin sədri Timsal Qarabəkir mərasimdə iştirak edib. Qeyd edilib ki, Kazım Qarabəkir ötən əsrin əvvəllərində muxtar respublikanın ərazisində yerli əhaliyə qarşı amansız qətllər törədən ermənilərə qarşı döyüşən yerli dəstələrin köməyinə gələrək daşnakları darmadağın edən türk ordusuna başçılıq edib. Onun xatirəsi həmişə əziz tutulur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR