23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişini təmin edib. Sərəncama uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları da muzeylərimizi ziyarət edirlər.

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin təşkilatçılığı ilə Boks Federasiyasının üzvləri Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində, Güləş Federasiyasının üzvləri “Əlincəqala” tarixi abidəsi və muzeyində, Basketbol Federasiyasının üzvləri isə Bəhruz Kəngərli Muzeyində olublar.

Heydər Əliyev Muzeyində idmançılara məlumat verilib ki, bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb və 10 may 1999-cu ildə fəaliyyətə başlayıb. Muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, görkəmli dövlət xadiminin istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ümummilli liderimizin təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir. Həmin materiallar ulu öndərimizin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, dahi rəhbərin mənalı həyatı, zəngin və çoxşaxəli ömür yolu barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır.
Güləş Federasiyasının idmançıları və məşqçiləri “Əlincəqala” tarixi abidəsi və muzeyində olublar. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsi bərpa edilib və muzeyi yaradılıb. İyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı olub.
Bəhruz Kəngərli Muzeyini ziyarət edən Basketbol Federasiyasının üzvlərinə muzey haqqında ətraflı məlumat verilərək bildirilib ki, görkəmli rəssam Bəhruz Kəngərli Azərbaycan realist rəssamlığının banisi və əvəzolunmaz nümayəndəsi, istedadlı fırça ustası kimi xatırlanır. Onun çəkdiyi qiymətli rəsm əsərləri Azərbaycan incəsənətinə yeni iz gətirərək realist rəssamlığın əsasını qoyub. Rəssam ömrü boyu doğma Vətəninin gözəlliklərini öz əsərlərində tərənnüm edib.
Qeyd edək ki, muzeyləri 100-dən çox idmançı ziyarət edib.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR