23 Dekabr 2024, Bazar ertəsi

İnsanoğlu hər zaman yüksəklərə, zirvələrə can atıb. Zirvəyə gedən yolda çalışıb, çabalayıb, illərlə zəhmət çəkib, dərdə, möhnətə batıb. Ancaq uca zirvələr tez əlçatan olmayıb. Yolunu, cığırını hər kəsə tanıtmayıb. Yalnız möhkəm olanlar zirvələri fəth edib, yolları, əngəlləri mumtək əridə bilib.
...Naxçıvan torpağının gözəl bir guşəsində, buludlardan nəm alan bir dağın zirvəsində əzəmətlə ucalan bir qala var – Əlincə. Bu qalanı görüncə qəhrəman əcdadımın mübariz döyüş yolu göz önündə canlanır, atların kişnərtisi, igidlərin nərəsi qulaqlarda çınlayır.
İllər ötüb, boş qalıb uca bürclər, divarlar. İstehkamlar, səngərlər, evlər, yurdlar, qapılar. Hər əsən şimal yeli burdan bir daş qoparıb, ötən illər, əsrlər, unutqanlıq, soyuqluq tarixin daş kitabın yaddaşlardan qoparıb.
Əvvəllər Əlincəni tikib ucaldanların, ən yüksək bir zirvədə qala yaradanların məqsədi və məramı xalqı qorumaq idi. Dar günlərdə bu qala güman, pənah yeriydi, fatehlərə gözdağı, xalqa aman yeriydi. Daşa dəydi, qırıldı neçə fatehin oxu, qalanı fəth etmək oldu onlarçün xəyal, yuxu.
Ancaq bir vaxt gəldi ki, yenidən vərəqləndi unudulan keçmişim, sətir-sətir yazıldı ulu, qədim tarixim. Hər obada, hər eldə ucaldı abidələr, yeni həyat qazandı qədim daş tikililər. Əlincə də zəhmətlə yenidən ucaldıldı, məğrurluqla, qürurla zirvədə məskən saldı. Gələcək nəsillərə qala ərməğan oldu, bulanıq axan sular yavaş-yavaş duruldu.
...Tarixi yaşadanlar əbədi iz qoyublar bu torpaq üzərində. Sonsuz vətən sevgisi vardır əməllərində. Əlincə də onların bizə ərməğanıdır, tarixin yadigarı, qəhrəmanlıq, igidlik, şöhrət-şan dastanıdır.

Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR