23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində bu mövzuda keçirilən elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Gəmiqaya qayaüstü rəsmləri qədim Naxçıvanın Tunc və İlk Dəmir dövrü əhalisinin bədii təfəkkürünü, estetik baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli tarixi mənbələrdir. Ona görə ki, qədim Naxçıvanda o dövrdə mənəvi mədəniyyətin müxtəlif sahələri ilə yanaşı, incəsənət və piktoqrafik yazı mədəniyyəti də inkişaf edib. Bu baxımdan Gəmiqaya petroqlifləri, qayaüstü təsvirləri və piktoqrafik yazı nümunələri qədim Naxçıvanın mədəniyyət tarixini öyrənmək üçün çox dəyərli qaynaqlardır.

Qeyd olunub ki, Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri, sonralar isə Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olub. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və sair) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr və sair təsvirlər həkk edilib. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5-6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya təsvirləri 1968-ci ildən öyrənilir. Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan dairəvi planlı yurd yerləri (tikililərin divarlarının diametri 5-12 metr olub, iri və orta həcmli qaya parçalarından qurulub) və qayaüstü təsvirlər (həmin yurd yerlərinin ətrafındakı qayalar üzərindədir) aşkara çıxarılıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 26 aprel tarixli “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamında bu barədə deyilir: “Xalqımızın tarixi, etnoqrafiyası və arxeologiyası üçün çox ciddi əhəmiyyətə malik olan Gəmiqaya qayaüstü təsvirləri Kiçik Qafqaz dağlarının dəniz səviyyəsindən 3000-3500 metr yüksəkliyində yerləşən Qaranquş, Camışölən və Nəbi yurdu yaylaqlarında qeydə alınmışdır. Süjet, kompozisiya mürəkkəbliyi ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə, ovçu, maldar və əkinçi tayfaların təsərrüfat həyatına həsr olunmuşdur. Gəmiqaya qayaüstü təsvirləri içərisində bayram mərasimlərini əks etdirən rəsmlərlə yanaşı, müxtəlif astronomik, coğrafi təsvirli rəsmlər də vardır.
Xalqımızın həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli tarix və təsviri sənət nümunələri kimi tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verir”.
Konfransda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Professor Əjdər Fərzəli və Gəmiqaya mədəniyyətinin tədqiqi”, institutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev “Gəmiqaya yazı işarələrinin əski Azərbaycan-türk əlifba sistemində təkrarı”, Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Gəmiqaya təsvirlərinin semantik məzmunu”, Naxçıvan Dövlət Universitetinin müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəyli “Gəmiqaya abidələrinin coğrafiya və geologiyası”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə “Naxçıvan folklorunda Gəmiqaya əfsanəsi”, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Nizami Alıyev “Gəmiqayada aşağı bölgə rəsmləri və Nuhun gəmisi” mövzularında məruzələr ediblər.
Konfransda musiqişünas Kənan Məmmədlinin “Gəmiqayadan qaynaqlanan folklorumuzda yallı adları”, Elmin İnkişafına Dəstək İctimai Birliyinin İdarə Heyətinin sədri Mirələkbər Seyidovun “Gəmiqaya ilə bağlı bir çox istiqamətdə görülən işlər barədə” mövzularında çıxışları olub.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR