M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında kitabxana işi ilə bağlı seminar keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarı nazirliyin şöbə müdiri Həsən Kərimov açmışdır.
Qeyd olunmuşdur ki, nazirlik tərəfindən keçirilən yoxlama və reydlərdə muxtar respublikanın kitabxanalarında kargüzarlıq işinin təşkilində çatışmazlıqlara rast gəlinmişdir. Seminarın məqsədi bu nöqsan və çatışmazlıqların tezliklə aradan qaldırılmasına əməli və metodik köməklik göstərməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri İman Alırzayev “Kargüzarlığın aparılması və sənədlərlə iş” mövzusunda çıxış edərək bildirmişdir ki, sənədlərin qəbulu, göndərilməsi, icra edilməsi, icraçıya çatdırılması, icraya nəzarət, daxil olan sənədlərin qeydə alınması, sənədlərin, məktubların hazırlanması və tərtibi, əmrlərin hazırlanması zamanı kargüzarlıq işinin qaydalarına riayət edilməlidir.
Nazirliyin əməkdaşı Cəfər Əsədov “Kadr sənədlərinin və əmək müqavilələrinin işlənmə forması” mövzusunda çıxışında kadr sənədlərinin hazırlanması, şəxsi işlərin aparılması, şəxsi işlərə aid sənədlər, kadr anketlərinin düzgün doldurulması, əmək müqavilələrinin bağlanması şərtləri, məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması, keçirilən tədbirlərin qeydiyyat kitablarına işlənməsi qaydaları haqqında danışmışdır.
Nazirliyin kitabxana işi üzrə aparıcı məsləhətçisi Aygün Hüseynova “Kitabxana işi” mövzusunda çıxış edərək çap məhsullarının kitabxana fonduna daxil olması, uçot kitablarının işlənməsi, kitab fondunun hərəkət yekunları və inventar kitablarının doldurulması və işlənmə qaydaları haqqında məlumat vermişdir.
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Əli Rzayev