23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən, muzeylərin ziyarət olunması tarixi irsimizin öyrənilməsi baxımından əhəmiyyətli və əlamətdar hadisədir. Sərəncama uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları da muzeylərimizi ziyarət edirlər.

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Paralimpiya, Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyalarının idmançıları və məşqçiləri müvafiq olaraq Naxçıvan Dövlət Tarix Muzeyini, Ədəbiyyat Muzeyi və Hüseyn Cavidin ev-muzeyini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Fuad Səfərov Naxçıvan Dövlət Tarix Muzeyində olarkən bizimlə söhbətində bildirdi ki, bu gün muxtar respublikada idmanla məşğul olmaq üçün hər bir şərait yaradılıb. Fiziki imkanları məhdud idmançılara da belə qayğıdan pay düşüb. Yeniyetmə və gənclərimizin tariximizə də yaxından bələd olmaları üçün muzeyləri ziyarət etmələri sevindirici haldır. Bu gün idmançılarımız muzeydə xalçaçılıq, zərgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, xalq ustalarının müxtəlif əl işləri, eləcə də Naxçıvanın qədim tarixini və müasir inkişafını əks etdirən zəngin eksponatlarla yaxından tanış olublar.
Federasiyanın üzvü Nurlan Qafarov qeyd etdi ki, ilk dəfədir, bu muzeylə yaxından tanış olur. Burada bizə məlumat verildi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 2000 və 2007-ci illərdə muzeyin binasında əsaslı təmir-tikinti işləri aparılıb. Son illər muzeyin ekspozisiyası tamamilə yenidən qurulub, eksponatların bioloji cəhətdən etibarlı mühafizəsi üçün ekspozisiya yeni vitrinlər və saxlanc qurğuları ilə təchiz edilib.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində olan Atıcılıq Federasiyasının üzvlərinə məlumat verilib ki, böyük yazıçı, mütəfəkkir, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin Azərbaycanda qeyd edildiyi günlərdə – 1967-ci il iyun ayının 12-də Naxçıvan şəhərində bu muzeyin açılışı olub. Muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qəzet və jurnallar, xatirə əşyaları və digər materiallar mühafizə olunur. Ekspozisiyada Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələr vardır. Qeyd edilib ki, muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycan ədəbiyyatının tədqiqatçıları burada dəyərli elmi məlumatlar əldə edirlər.
Ekspozisiyada Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələrə idmançılar tərəfindən xüsusi maraq göstərilib.
Hava və Ekstremal İdman Növləri Federasiyasının kollektivinə Hüseyn Cavidin ev-muzeyində məlumat verilib ki, görkəmli şair-dramaturqun ev-muzeyi ədibin anadan olmasının 100 illiyi ilə əlaqədar 1982-ci ildə, bir vaxtlar onun yaşadığı evdə yaradılıb. Muzeyin fondunda 9 mindən çox eksponat qorunub saxlanılır ki, hazırda bu eksponatların 500-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavidin və qızı Turan xanımın əsərləri, Hüseyn Cavid haqqında müxtəlif dövrlərdə nəşr olunmuş kitablar idmançılarda dolğun təəssürat yaradıb.

Ceyhun Məmmədov

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR