Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsi rayon Uşaq Yaradıcılıq Mərkəzi ilə birgə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilmiş ədəbi-bədii tədbir keçirib.
Ordubad Rayon Mədəniyyət Evində keçirilən tədbirin əvvəlində Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin Silahlı Qüvvələr Gününə həsr edilmiş yaradıcılıq sərgisinə baxış olub.
Sonra Uşaq Yaradıcılıq Mərkəzinə cəlb edilmiş məktəblilərin ifasında ulu öndər Heydər Əliyevə, Vətənə, silahlı qüvvələrimizə, dövlət rəmzlərimizə həsr edilmiş şeirlər söylənilib, mahnılar oxunub, rəqs nümunələri, səhnəciklər nümayiş etdirilib.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək belə tədbirlərin uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.
Tədbirin sonunda vətənpərvərlik mövzusunda işlədikləri əl işlərinə görə Uşaq Yaradıcılıq Mərkəzinin bir qrup şagirdinə təşkilatçılar tərəfindən fəxri fərmanlar təqdim edilib.
Xəbərlər şöbəsi