Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin təşkilatçılığı ilə “Naxçıvanın turizm imkanları” mövzusunda fotomüsabiqə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək bildirib ki, zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsi formalaşdırılıb. Turizmin inkişafında gənclərin üzərinə böyük məsuliyyət düşür.
Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış ediblər. Qeyd olunub ki, son illərdə muxtar respublikada digər sahələr kimi, turizmin inkişafı sahəsində görülən işlər də öz bəhrəsini verir. Muxtar respublikaya gələn turistlərin sayı hər il daha da artır. Fotomüsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın turizm imkanlarının təbliğ olunması, turizm imkanlarının təbliğində gənclərin fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılmasıdır.
Sonda müsabiqədə ilk üç yeri tutan gənclər diplom və hədiyyələrlə mükafatlandırılıb.
Xəbərlər şöbəsi