23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Musiqi Kolleci yarandığı gündən etibarən milli musiqimizin inkişafı sahəsində uğurlu yol qət edərək incəsənətimizin bu növünə dəyərli töhfələr bəxş etmişdir. Artıq 40 ildən çoxdur ki, muxtar respublikamızda fəaliyyət göstərən bu təhsil ocağını mədəni irsimizə gərəkli olan ixtisaslı kadrların yetişməsində, bir növ, baza hesab etmək olar. Hazırda burada çoxlu istedadlı gənc təhsil alır. Onlardan birini oxucularımızla yaxından tanış etmək istəyirəm. 

Əvvəlcə məlumat üçün bildirim ki, gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, kollecin Fortepiano ixtisası üzrə birinci kurs tələbəsi Səkinə Quliyevanın adının “Qızıl kitab”a salınmasını təhsil ocağının uğurlarından biri hesab etmək olar.

Bəs 16 yaşlı Səkinə Quliyevada musiqiyə həvəs nə vaxt yaranıb? Öyrəndim ki, o, hələ uşaq yaşlarında eşitdiyi musiqi melodiyalarını asanlıqla yadda saxlaya bilirdi. Bu, onun gələcəkdə yaxşı bir musiqiçi olmasına zəmin yaratmışdı. Bu istedadı onu 2008-ci ildə Naxçıvan şəhərindəki 2 nömrəli uşaq musiqi məktəbinin fortepiano sinfinə gətirib çıxarır.
Musiqi məktəbində Şəhla Pənahlının sinfində ilk musiqi təhsilini alan Səkinə burada oxuduğu illərdə müxtəlif uğurlara imza atır, bacarığı, çalışqanlığı və istedadı ilə digərlərindən fərqlənməyi bacarır. O, 2010-cu ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş müsabiqədə birincidərəcəli diploma layiq görülür. Səkinə deyir ki, 10 yaşında qazandığı bu ilk uğur onu və ailəsini xeyli sevindirmişdir. Onun növbəti uğuru isə 2012-ci ildə Bakıda gənc pianoçuların ikinci respublika müsabiqəsində ikincidərəcəli diploma layiq görülməsi olur. Həmin müsabiqədə Səkinənin bacarığı respublika səviyyəsində qiymətləndirilir. Bu hadisə gənc istedadımızı ruhlandırır, daha böyük müvəffəqiyyətlərə nail olmaq üçün yorulmadan çalışmağa sövq edir.
Əzmlə və həvəslə çalışmağının nəticəsində Səkinə Quliyeva 15 iyun 2015-ci ildə Milli Qurtuluş Gününə həsr edilmiş solo konsert proqramını həyata keçirməyə müvəffəq olur. Konsertin 12 nömrədən ibarət olan çıxış proqramında Vaqif Mustafazadənin, Vasif Adıgözəl­ovun, Ramiz Mirişlinin və Adil Bəbirovun əsərləri ilə yanaşı, Avropa bəstəkarlarından F.Şubertin, F.Şopenin də əsərləri yer almışdı. Konsert dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır.
Səkinənin adının “Qızıl kitab”a düşməsi Quliyevlər ailəsinə sözlə ifadə edilə bilməyəcək qədər böyük bir sevinc hissi yaşatmışdır. Onların ilk övladının uğurları ailənin hər bir üzvünün sevinc qarışıq fəxr hissi yaşamağına səbəb olmuşdur.
Elə həmin ildə Naxçıvan Musiqi Kollecinin Fortepiano ixtisasına qəbul olunan Səkinə burada Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimovanın sinfində təhsil almağa başlayır. Nərminə Qədimovanın Səkinə haqqında dediklərindən müəlliminin öz tələbəsinin çalışqanlığından razı qaldığını hiss etmək çətin deyildi. Nərminə xanımın ona böyük inam bəslədiyini bildirən gənc musiqiçi isə Nərminə müəllimin etimadını doğrultmaq yolunda əlindən gələni edəcəyini və yorulmadan çalışacağını vurğuladı.
Haliyədə L.Bethoven və İ.S.Bax kimi dünya musiqi mədəniyyətinə dəyərli nümunələr bəxş etmiş bəstəkarların repertuarına müraciət edən Səkinənin növbəti solo konsert hazırlamaq istəyini gələcək planlarında yer alan işlərdən biri hesab etmək olar.
Uğur qazanmaq üçün, sadəcə, istedad kifayət etmir. Çalışmaq, səy göstərmək müvəffəqiyyətə gedən yolda ən mühüm addımdır. Çalışqanlığı və istedadının vəhdəti sayəsində qazandığı nailiyyətləri əsas götürərək deyə bilərəm ki, Səkinə bundan da yaxşı ifaçılıq potensialına malikdir və əgər bu yaşda belə uğurlara sahiblənə bilibsə, deməli, gələcəkdə daha böyük uğurlara da imza ata bilər. Biz də bu yolda gənc istedadımıza yeni-yeni nailiyyətlər arzu edirik.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR