Hər kəsi sirli təbiəti ilə riqqətə gətirən Naxçıvan torpağı həm də möcüzələrlə doludur. Hər daşı, qayası özündə qədim bir tarixi mühafizə edir bu məkanın. Naxçıvan küləklərinin zümzüməsi, qayalarının məğrurluğu, torpağının bərəkəti, insanlarının ləyaqəti dillər əzbəridir.
Bu torpağın daşı-qayası min cəvahiratdan daha qiymətlidir bizim üçün. Qarlı Qapıcığın, məğrur Əlincənin, əsrarəngiz Haçadağın sinəsində böyüdüb bizi Naxçıvan.
Günəşin öz şəfəqləri ilə daha çox ziyaya qərq etmək istədiyi Naxçıvan torpağında yaşayan insanların mənəviyyatı ilə birlikdə əqli keyfiyyətləri də parlaqdır. Bəlkə də, hər sahədə parlamağı Günəşdən öyrənib bu mistik diyarın sakinləri. Naxçıvanın möcuzəvi təbiəti daim ruhumuzu oxşayır, könlümüzü riqqətə gətirir. Bu diyarı gəzib dolaşdıqca hər addımda yeni bir əfsanə, yeni bir hekayə, yeni bir tarix çıxır qarşımıza...
Belə məqamlardan olan, bu ünvanı tanıyanları heyrətdə qoyan Kəngərli rayonu ərazisində Çalxandağın ətəyində gizlənən Günorta daşının (Günortac) qəribə, bir o qədər də maraqlı tarixçəsini oxucularla bölüşmək istəyirəm.
1500 metr hündürlüyü olan bu qaya günortaya qədər kölgəyə bürünür. Düz günorta vaxtı isə kölgə tamamilə çəkilir. Ətrafdakı Təzəkənd, Çalxanqala, Xıncab və Sust kəndlərinin camaatı ta qədimdən ilin bütün fəsillərində əkin-biçin və başqa təsərrüfat işləri zamanı günortanı səhvsiz göstərən Günorta daşından “saat” kimi istifadə etmişlər.
Bu barədə Azərbaycanşünas-alim, professor Mirəli Seyidov Bartolda istinadən yazır: “Günortac günün doğduğu uca zirvə deməkdir”. Mirəli Seyidovun gəldiyi nəticələrdən biri də budur: “Günortac” yer adının qoyulması əski oğuzların mifik görüşlər sistemi və bununla əlaqədar ailə və qəbilə, sonralar dövlət kimi faktorlarla bağlıdır”. Göründüyü kimi, tədqiqatçılar da bu fikri dəstəkləyərək “Kitabi-Dədə Qorqud” dastanında adıçəkilən “Günortac”la həmin bu Günorta daşının bilavasitə bağlı olduğunu düşünürlər.
Qeyd etdiyimiz kimi “Günortac” toponimi “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanı, Təpəgözün gözünü çıxaran Basatın yurdu kimi tanınır. Deməli, “Günortac” həm də Oğuz elinin oturaq yurdudur, vətənidir. Bu fikir Basatın Təpəgözə verdiyi cavabla da bir daha təsdiqlənir. Bu baxımdan “Günortac” əsas kosmik istiqamət olmaqla yanaşı, həm də oğuzların yurdu, Vətəni anlamında başa düşülməlidir.
Qayaya baxdıqda sanki qayalarda bu sözlərin əks-sədasını duyuram: Təpəgöz Basatdan soruşur: “Qalarda-qoparda yigid, yerin nə yerdir?” Basat cavab verir: “...Qalarda-qoparda yerim Günortac!”…
Nərgiz İsmayılova