Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyası tərəfindən “Səni tərənnüm edirəm doğma Naxçıvan” adlı konsert proqramı təşkil olunub.
Əvvəlcə xalq çalğı alətləri orkestri və xor kollektivi Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Çənlibel xoru”nu ifa ediblər. Qeyd edək ki, orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev, xormeyster Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Mahirə Əsgərovadır.
Solistlərdən Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərovun və Gülyanaq Fərzəliyevanın, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Tural Bağırovun, Yaşar Qurbanovun, Elçin Nağıyevin, Hünər Əliyevin və başqalarının ifaları alqışlarla qarşılanıb. Musiqi nömrələrini estrada və kamera orkestrləri müşayiət ediblər.
Konsert proqramında mahnı və rəqs ansamblının çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, baletmeyster Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdur.
Xəbərlər şöbəsi