Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamında deyilir: “Arxeoloji qazıntılar nəticəsində əldə olunmuş materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan da əmək və bəzək alətləri hazırladıqlarını göstərir. Sonrakı dövrlərdə sənətkarlıq daha da inkişaf etmiş, xalq sənətinin ağacişləmə, misgərlik, zərgərlik, ipəkçilik, boyaqçılıq, papaqçılıq, dabbaqlıq, dülgərlik, toxuculuq, xüsusilə də xalçaçılıq kimi sahələri genişlənmiş, Naxçıvanın zövqlə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları böyük şöhrət qazanmışdır”.
Bu sırada ağacişləmə sənətini xüsusi qeyd etmək olar. Tarixi mənbələrdən aydın olur ki, Azərbaycanın bir çox şəhərlərində hələ XI-XII əsrlərdə ağacdan yüksəkkeyfiyyətli bədii ağacişləmə məmulatları hazırlanmışdır. Bu dövrlərdə Azərbaycanda olmuş bir ərəb səyyahının gündəliyində göstərilir ki, Naxçıvanda hazırlanmış və yaxşı rənglənmiş ağac qablar – kasa, tabaq, təknə və sair məmulatlar xaricə göndərilmək üçün ən yaxşı mallar idi. Həmin məmulatlar bədii taxta sənətinin oyma, şəbəkə və xatəmkarlıq üsulları ilə hazırlanmışdır.
Oyma sənəti bədii taxta sənəti sahəsində ən qədimidir. Taxta başqa materiallara nisbətən az davamlı olduğuna görə dövrümüzədək gəlib çatmamışdır. Oyma əsas etibarilə iki üsulda işlənib. Birinci üsulda bəzənilən rəsmlər, naxışlar, yaxud yazılar ağacın o biri üzünə keçməyərək üstdə qalır; ikinci üsul isə bundan fərqli olaraq ikiüzlü olur, yəni çəkilən naxışlar eynilə arxa tərəfə keçir.
Oymanın birinci üsulu ilə işlənmiş taxta kompozisiyalarına Ordubad şəhərinin həyət və məscid qapılarını aid etmək olar. Bu ənənədən muxtar respublikanın Culfa, Babək, Şahbuz, Şərur rayonlarında, eləcə də Naxçıvan şəhərində yaşamış sənətkarlar da məharətlə istifadə etmişlər.
Naxçıvanda memarlığın bütün bəzəkləri binanın daxilində işlənmiş, evin ətrafı isə hasarla hörülmüş olurdu. Gözəçarpan yer darvaza olduğuna görə binaların həyətə giriş qapıları oyma sənətinin birinci üsulu ilə işlənmişdir.
Oyma sənətinin ikinci üsulu ilə işlənmiş sənət nümunələri nisbətən zərif olmuşdur. Muxtar respublikada fəaliyyət göstərən tarix və tarix-diyarşünaslıq muzeylərində qorunub saxlanılan ev əşyaları (sandıq, mücrü, qaşıq və sair) buna misaldır. Oyma sənətinin ikinci üsulu təkcə ev əşyalarının bəzədilməsində deyil, həm də başqa sahələrdə tətbiq edilmişdir. Otaq qapıları, məhəccər, tağ və sair sənətin gözəl, zövqoxşayan nümunələridir. Oyma sənətinə naxçıvanlı sənətkarların hazırladıqları müxtəlifgörünüşlü miz, kətil, kürsü və rəhilləri də misal göstərə bilərik. Bu məişət əşyalarının üzərində müxtəlif məzmun və motivlərdə, xüsusən həndəsi formalarda kəsilmiş ənənəvi naxış sənətinin növlərinə də rast gəlinir. Bu isə naxçıvanlı sənətkarlara məxsus xüsusiyyətlər sırasındadır. Naxışların rəngli, bəzi hallarda isə rəngsiz olmaları elmi araşdırmalarda xüsusi qeyd edilmişdir. Son zamanlara kimi qalmış evlərdə oyma və kəsmə üsulu ilə icra olunmuş pərvaz və sütunların olduğu şəhərləri qeyd edən tədqiqatçılar Naxçıvan şəhərinin də adını fəxrlə çəkirlər.
Bədii taxta tərtibatı sənətinin ən maraqlı üsullarından biri də şəbəkədir. Şəbəkəçilik sənəti tətbiqi incəsənətin böyük sənətkarlıq tələb edən sahələrindəndir. Ötən əsrlərdə yaşamış naxçıvanlı sənətkarlar evlərin qapı və pəncərələrini, arakəsmə, eyvan və şüşəbəndləri, məscidlərdəki minbərləri müxtəlif naxışlı şəbəkələrlə bəzəmişlər. Qapı və pəncərələrin, şüşəbənd və arakəsmələrin bəzədilməsi üçün tətbiq olunan şəbəkə izləri isə milli incəsənətimizin ən gözəl nümunələridir. Şəbəkə üsulu ilə hazırlanmış sənət nümunələrində şəbəkəçiliyin cəfəri və əjdəri növlərindən istifadə edilmişdir.
Ağac üzərində bəzəkaçma sənətinin başqa üsullarından biri də xatəmkarlıqdır. Bu üsul müxtəlif metalların bəzədilməsində tətbiq edilir. Lakin taxta üzərindəki xatəmkarlıq bundan fərqli olaraq daha zərif və rəngarəng olur. Bunu onunla izah etmək olar ki, taxta üzərində işləmək sənətkar üçün metalla işləməkdən daha asandır. Çünki burada sədəf, fil sümüyü, kəhrəba, müxtəlif daş-qaşlardan, rəngli ağaclardan istifadə edilir. Azərbaycan sənətkarları tərəfindən bu üsulla bəzənmiş tar, kamança, saz, mücrü və sair məmulatların olduğunu qeyd edən tədqiqatçılar naxçıvanlı sənətkarların da xatəmkarlıqla məşğul olduqlarını göstərirlər.
Nizami ƏZİZƏLİYEV
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru