Təzadlarla dolu olan yaşadığımız həyatda insan ömrü çox qısadır. Ulu Dədə Qorqud deyirdi: “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”. Məsələ bu qısa zaman kəsiyində ömrü necə yaşamaqdır ki, cəmiyyət üçün faydalı işlər görə biləsən. Bu ömrü kamil insanlar öz yaxşı əməlləri ilə, necə deyərlər, uzada bilirlər. Həmin əməllərin fövqündə dayanan isə Ulu Tanrının bizə bəxş etdiyi ömrü doğruluqla başa vurmaq, həyatda doğru yol tutmaqdır.
Bu yolu seçənlər, bu yolda çətinlikləri dəf etməyi bacaranlar mənzil başına çatıb arxaya dönəndə qət etdiyi yolun doğruluğunu, bir qədər obrazlı desək, şirinliyini görürlər. Cəmiyyət qarşısında alnıaçıq, üzüağ olduqları üçün ürəkdolusu nəfəs alırlar. Bu da ulu Dədə Qorqudun tövsiyəsidir: Doğru yolu görürkən, əyri yoldan gəlməyəlim.
Cəmiyyət öz inkişafı tarixində dəyişən müxtəlif mərhələlərdən keçir. Quruluşlar dəyişir, hakimiyyətlər bir-birlərini əvəz edir, dünənlə bu gün arasındakı fərq dəyərləndirilir. Dəyişməyən isə ən qiymətli dəyər kimi doğrunun doğru kimi bütün dövrlərdə öz mövqeyini saxlaması olub.
Doğruluq ciddi əxlaqi problemdir. Bu hiss, bu mənəvi keyfiyyət insanın daxili təmizliyidir, saflığıdır, mənsub olduğu xalqa sevgi və məhəbbətidir, dövlətə və dövlətçiliyə sədaqətidir. Doğruluq obyektivlik meyarıdır, insan əməyinin əsl qiymətini verən ölçüdür. Yalnız bu yolla güclü şəxsiyyətə çevrilmək olar.
Doğru yolla mənalı ömür sürmək, xalqa, cəmiyyətə fayda vermək, hər bir şəraitdə haqqa, ədalətə qahmar çıxmaq olar. Bu yoldan sapanlar yalnız özünü və ən yaxın adamlarının mənafeyini düşünür, onlar heç zaman yıxılana arxa durmur, haqqı tapdanana tərəfdar çıxmırlar. Suyu bulandırmaq, ürəyi sındırmaq, ara qarışdırmaq belələri üçün həyat devizinə çevrilib. Doğru yol seçən əsl vətəndaş həmişə yüksəkdə duraraq cəmiyyətdə fəal həyat mövqeyi tutur, vicdanının susmasına yol vermir, yaşadığımız günlərə layiq olmağa çalışır.
Ulu öndərimiz Heydər Əliyev doğru yolu, haqq-ədalət yolunu tutan insanlara böyük dəyər verirdi. Çünki görkəmli dövlət xadimi özü də bu yolun yolçusu idi. Bu gün bu yol davam etdirilir.
Dədə Qorquddan üzübəri gələn bu yol milli-mənəvi dəyərlərimizdən keçib. Öz qiymətini saxlayıb və göstərib. Bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımızda da alternativi olmayan bu doğru yol diyarımızı inkişaf və tərəqqinin yeni müstəvisinə gətirib çıxarıb. Kiçik dövlət sayılan ailədə, uşaq bağçasında, orta məktəbdə, ali təhsil müəssisələrində bu yola sadiqlik yüksək səviyyədə formalaşdırılıb. Naxçıvanda haqq-ədalət yolunun uca zirvələr fəth etməyin ən düzgün yolu olduğu artıq sübuta yetirilib. Bu gün hər bir naxçıvanlının dövlətə və dövlətçiliyə sədaqəti doğru yolda olmasının ifadəsidir. Dövlətə və dövlətçiliyə sədaqəti isə insanların həyat səviyyəsində, yaşayışında bütün çalarları ilə görmək olar. Doğru yol naxçıvanlıların qurub-yaratmaq əzmini günü-gündən yüksəldir, gənclərin, yeniyetmələrin doğma torpağa, xalqa, Vətənə bağlılığını, onun taleyinə cavabdehlik hislərini gücləndirir, ən qiymətli sərvət olan müstəqilliyimizi qorumağa, onu daha da möhkəmləndirməyə çağırır.
Naxçıvanlılar görürlər ki, bu yol müqəddəs yoldur – davam etdikcə uğurlarımız da artır. Həmişə doğru yolda olaq.
Muxtar Məmmədov