Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda məktəblilərin və gənc istedadların yaradıcılıq nümunələrindən ibarət sərgi təşkil olunub. Sərgidə muxtar respublikanın şəhər və rayonlarından 61 şagirdin 109 rəsm əsəri və əl işi sənətsevərlərə təqdim edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açaraq muxtar respublikada gənc istedadlara dövlət qayğısından danışıb, bu sərginin Rəssamlar Birliyinin aid təşkilatlarla birgə tədbirlər planına əsasən şəhər və rayonlarda keçilən ustad dərslərinin hesabatı olduğunu qeyd edib. Bildirilib ki, keçilən ustad dərsləri zamanı rəsm sahəsində istedadı və qabiliyyəti olan uşaq və gənclər üzə çıxarılıb, onların yaradıcılığının inkişaf etdirilməsi üçün bir sıra tədbirlər görülüb.
Ülviyyə Həmzəyeva deyib ki, bu gün sərgidə rəsm əsərləri və əl işləri nümayiş etdirilən yeniyetmə və gənclərin gələcəkdə professional rəssam olacağına böyük ümidlər var və bu ümidlərin doğrulması üçün onlara hər cür şərait yaradılıb. Əminliklə demək olar ki, çəkilən zəhmətin müqabilində gənc istedadlar daim yaradıcılıqlarını inkişaf etdirmək üçün böyük səy göstərəcəklər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimovanın, muxtar respublika təhsil nazirinin müavini Məmməd Qəribovun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevin çıxışları olub. Çıxışlarda bildirilib ki, muxtar respublikada gənclərin vətənpərvərlik, Azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni irsimizə, milli-mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması istiqamətində məqsədyönlü layihələr və proqramlar həyata keçirilir.
Təşkilatçılar tərəfindən gənc istedadlara diplomlar və fəxri fərmanlar təqdim edilib, sonra tədbir iştirakçıları rəsm əsərləri və əl işləri ilə tanış olublar.
Xəbərlər şöbəsi