Аzərbаycаnın аyrılmаz tərkib hissəsi оlаn Nахçıvаnın tаriхi аbidələri nəinki Аzərbаycаn tаriхini, həmçinin bütün Yахın Şərq və Cənubi Qаfqаzdа bаş vеrən tаriхi-mədəni prоsеsləri izləmək bахımındаn оlduqcа əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2001-ci ilin aprelində “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncam imzalamış və buna uyğun olaraq Azərbaycan alimlərindən ibarət ekspedisiya yaradılmışdır. 2005-ci ildə Gəmiqаyа аbidəsinə beynəlxalq еlmi еkspеdisiyа təşkil еdilmişdir. Еkspеdisiyаnın apardığı uğurlu tədqiqat işi nəticəsində Gəmiqаyа haqqında onlarla monoqrafiya, yüzlərlə elmi məqalə yazılaraq bu аbidənin qədim Azərbaycan xalqına aid olduğu sübut edilmişdir.
Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli Sərəncamından sonra Naxçıvanda bu sahəyə diqqət daha da artırılmış, tarix və mədəniyyət abidələri qısa müddət ərzində yenidən qeydiyyata alınaraq pasportlaşdırılmışdır. Tarix və mədəniyyət abidələrinin, o cümlədən arxeoloji abidələrin tədqiqi Azərbaycan tarixinin bir sıra mühüm məsələlərinə yenidən nəzər salmağa imkan vermiş, tariximizin qaranlıq səhifələri üzə çıxarılmışdır.
2006-cı ildən başlayaraq Naxçıvanda ondan artıq arxeoloji ekspedisiya fəaliyyət göstərir ki, onların ikisi beynəlxalq ekspedisiyadır. Beynəlxalq ekspedisiyalar Naxçıvan abidələri haqqında həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır.
Naxçıvançay vadisində yerləşən I Kültəpə qədim yaşayış yerinin əhəmiyyəti elm aləminə ötən əsrin 50-ci illərindən bəllidir. Məlum olduğu kimi, vaxtilə Cənubi Qafqazda Eneolit mədəniyyəti I Kültəpə yaşayış yerində aparılan araşdırmalar zamanı ilk dəfə olaraq elmi dövriyyəyə çıxmışdı. Bu abidənin alt təbəqələrinin Neolit, yaxud Eneolit dövrünə aid olması ilə bağlı xeyli fikirlər söylənsə də, məsələ tamamilə həll olunmamışdı. Kültəpənin Eneolit mədəniyyətini, Naxçıvanın digər abidələrindən aşkar olunan Eneolit mədəniyyəti ilə qarşılaşdırmaq üçün 2013-cü ildə yenidən bu abidənin tədqiqinə başlanmışdır. Yaşayış yerindən götürülən kömür analizləri qalınlığı 8-9 metr arasında olan mədəni təbəqənin e.ə. VII minilliyin ikinci yarısı və VI minilliyin birinci yarısına aid olduğunu göstərdi (e.ə. 6070-5400). Bu isə Cənubi Qafqaz arxeologiyasında Neolit dövrü kimi qəbul edilmişdir.
I Kültəpə, Uçan Ağıl, Uzunoba, Şorsu, Yeni yol, Zirinclik kimi abidələrdə aparılan arxeoloji tədqiqat işləri zamanı Naxçıvanda Eneolit mədəniyyətinin inkişaf ardıcıllığını müəyyən etmək mümkün olmuşdur. Cənubi Qafqazda indiyədək aparılan araşdırmalar zamanı Neolit və Son Eneolit arasındakı məsafə müəyyən edilməmişdir. Bu baxımdan Naxçıvan abidələri nəinki Azərbaycanın və Naxçıvanın, həmçinin bütün Cənubi Qafqaz arxeologiyasının problem məsələlərini öyrənmək üçün əhəmiyyətlidir.
Naxçıvan tarixinin öyrənilməsi üçün Ovçular təpəsində aparılan araşdırmaların mühüm əhəmiyyəti vardır. Ovçular təpəsində aparılan araşdırmalar burada insanların e.ə. V minilliyin ortalarından başlayaraq məskunlaşdığını göstərir. Arxeoloji qazıntılar zamanı başlıca olaraq bir-birindən tamamilə fərqlənən iki tikinti dövrü aşkar edilmişdir. Birinci dövr üçün yarımqazmatipli evlər, ikinci dövr üçün isə dördkünc formalı təkotaqlı və çoxotaqlı evlər xarakterikdir. Ovçular təpəsinin dördkünc arxitekturası Cənubi Qafqazın, o cümlədən Naxçıvanın Eneolit dövrünün erkən mərhələsinə aid dairəvi evlərdən tamamilə fərqlənir. Ovçular təpəsindəki evlərin arxitekturası Azərbaycanın və Şərqi Anadolunun həmin dövr abidələrindən aşkar olunan evlərlə uyğundur. Bu abidənin saman üzlü və saman qarışıq sarı, ya da qırmızı rəngli keramikası Cənubi Qafqaz və Naxçıvanda Neolit və Eneolit dövrünün erkən mərhələsindən mövcud olmuşdur. Son illər Sirab yaxınlığında aşkar olunan mövsümi yaşayış yerləri Eneolit dövründə bu tip keramikanın istehsalında fasiləsizliyin olduğunu göstərir. Lakin Eneolit dövrünün orta mərhələsi Naxçıvanda kifayət qədər yaxşı öyrənilməmişdir. Ovçular təpəsində az miqdarda olsa da, boyalı keramika məmulatı aşkar olunmuşdur. Ehtimal ki, bu tip keramika yaşayış yerinin cənubla, xüsusilə Ubeyd mədəniyyəti ilə əlaqələrini göstərir. Son illər Xalac, Şortəpə və Sirabdan aşkar edilən Eneolit dövrünə aid keramika məmulatı da belə əlaqələrin olduğunu sübuta yetirir. 2011-ci ildə Ovçular təpəsindən aşkar olunan Ubeyd mədəniyyətinə aid idxal olunmuş keramika parçası bunu bir daha təsdiq edir.
Ovçular təpəsi yaşayış yeri Qafqaz arxeologiyasının problem məsələlərindən biri olan Eneolit mədəniyyəti ilə Kür-Araz mədəniyyətinin əlaqələrini öyrənmək baxımından da olduqca əhəmiyyətlidir. Bu yaşayış yerinin tədqiqi nəticəsində Naxçıvanın Kür-Araz mədəniyyətinin formalaşdığı əsas regionlardan biri olduğu təsbit olunmuşdur.
Naxçıvan şəhəri yaxınlığında yerləşən Duzdağ mədənlərinin tədqiqi Ovçular təpəsi arxeoloji ekspedisiyasının əsas tədqiqat obyektlərindən biri olmuş, tədqiqat nəticəsində müəyyənləşdirilmişdir ki, Duzdağ mədənləri dünyanın ən qədim mədənləridir.
Cənubi Qafqaz arxeologiyasında diskussiyaya səbəb olan məsələlərdən biri də boyalı qabları ilə fərqlənən Orta Tunc dövrü mədəniyyəti idi. Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən Qızqala yaşayış yerində aparılan araşdırmalar zamanı Orta Tunc dövrünə aid 2,5-3 metr qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunmuşdur. Bu, Naxçıvanda I Kültəpə, II Kültəpə, və Qızılburundan sonra dördüncü mühüm abidədir. Yaşayış yeri boyalı qablarla fərqlənən Orta Tunc dövrü mədəniyyətinin Naxçıvanla bağlı olduğunu bir daha təsdiq edir. Qızqala yaşayış yerində, həmçinin Bəzəkli, Qazançıqala, Qurddağ, Göynük qalası və digər abidələrdə müdafiə divarlarının aşkar olunması Orta Tunc dövründə Naxçıvanda böyük hərbi potensiala malik olan tayfaların yerləşdiyini təsdiq edir. Bu tayfaların bir qismi oturaq, digər bir qismi yarımköçmə maldarlıqla məşğul olmuşdur. 2015-ci ilin ikinci yarısında bu abidələrin tədqiqi zamanı yeni faktlar aşkara çıxarılmışdır. Müəyyən olunmuşdur ki, Arpaçay vadisində məskunlaşan qədim tayfaların məskəni Naxçıvandır. E.ə. II minilliyin ortalarında Yaxın Şərq və Cənubi Qafqazda baş verən ictimai-siyasi proseslər, tayfalararası ziddiyyətlərin artması Arpaçay vadisində, Şərur düzündə yaşayan tayfaları müdafiə mövqeyi tutmağa məcbur etmiş, yaşayış yerində iri daşlardan qala divarları tikilmişdir. Bu tip qala divarlarına Cənubi Qafqazın digər Orta Tunc dövrü yaşayış yerlərində rastlanmaması Naxçıvanda yaşayan tayfaların regionun siyasi həyatında mühüm rol oynadığını göstərir.
Şərur rayonunun Oğlanqala kəndi yaxınlığında yerləşən Oğlanqala yaşayış yerində 2008-2011-ci illərdə arxeoloji araşdırmalar davam etdirilmişdir. Araşdırmalar Oğlanqalanın hələ Erkən Dəmir dövründən məskunlaşdırıldığını göstərir. Bu baxımdan 2010-cu ildə şimal qala bürcündə aparılan araşdırmaların mühüm əhəmiyyəti oldu. Belə nəticəyə gəlmək olar ki, Oğlanqala şəhəri və onun hakimiyyətində olan ərazilər xarici işğalçılara qarşı müttəfiqlərlə birlikdə mübarizə aparmışlar. Assirioloq alimlərdən Paul Zimanski, Mirjo Salvini, Eccart Dolenoro, Eccart Frahm Oğlanqaladan və Naxçıvan şəhərindən aşkar olunan mixi yazıları oxumuş və onların Urartu yazıları olmadığını təsdiq etmişlər. E.ə. 8-ci yüzilliyin əvvəllərində Ağrı və Horom düzənliyində xeyli Urartu qalaları tikilmişdir. Araşdırmalar təsdiq edir ki, Oğlanqala Urartu şəhəri olmamışdır. Buradan aşkar edilmiş arxitektura qalıqları, kompleksin planı, gil qabların özünəməxsusluğu göstərir ki, Oğlanqala Şərur düzənliyini əhatə edən yerli krallığın mərkəzi olmuşdur. Urartulular heç vaxt bu ərazini işğal etməmişlər. Çünki burada Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlil yoxdur.
Urartunun sərhədləri yaxınlığında yerləşən Oğlanqaladan tapılan keramika və digər nümunələr Oğlanqalanın Urartu ilə, həmçinin İran və Gürcüstanla ticarət əlaqələri saxladığını göstərir. Saraydan tapılan və üzərində mixi işarələr olan təsərrüfat küpünün parçaları Oğlanqalanın özünəməxsus yazı sistemi olduğunu təsdiq edir.
Oğlanqalanın tədqiqi buradakı tikintilərin başlıca olaraq Orta Dəmir dövrünə və Atropatena dövrünə aid olduğunu göstərir. Bundan başqa, orta əsr və müasir dövrdə də burada müvəqqəti yaşayış olmuşdur.
Son illər Naxçıvanın qədim abidələri ilə yanaşı, orta əsr abidələrinin öyrənilməsinə də xüsusi qayğı göstərilmişdir. Belə abidələrdən biri də Culfa rayonunda olan Əlincəqala abidəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamında deyilir: “Əlincəqala” tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmış, 1387-1401-ci illərdə, 14 il ərzində Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir”.
Bənzərsiz və özünəməxsus müdafiə sistemi olan Əlincəqalanın bərpası həmçinin tariximizin də bərpası deməkdir. Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinin istinadgahı olan Əlincəqala teymurilərin zamanında dağıntıya məruz qalmış və yenidən bərpa olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonunda yerləşən “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” 2015-ci il 7 oktyabr tarixli Sərəncamı da tarix və mədəniyyət abidələrimizə diqqət və qayğının ifadəsidir.
Yaxın illər ərzində minillik tariximizdən xəbər verən digər abidələrimiz də bərpa edilərək milli-mədəni irsimizə qovuşdurulacaqdır.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü