Bədii özfəaliyyət kollektivlərinin “İstedadlar sorağında” adlı muxtar respublika baxış-müsabiqəsinin qaliblərinin yekun konserti olmuşdur.
Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmişdir. Ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı günbəgün artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda və vətənpərvər böyüdülməsi diqqət mərkəzində saxlanılır.
Sonra müsabiqənin qalibləri mükafatlandırılmışlar. Müsabiqədə birinci yerə rəqs ifaçılığı nominasiyası üzrə Culfa Rayon Mədəniyyət Evinin üzvü Aysu Kazımlı, bədii qiraət nominasiyası üzrə Şahbuz Rayon Mədəniyyət Evinin üzvü Qızbəsti Quliyeva, xalq, bəstəkar mahnıları və muğam ifaçılığı nominasiyası üzrə Naxçıvan şəhər 4 nömrəli mədəniyyət evinin üzvü Arzu Səfərov layiq görülmüşlər.
Mükafatlandırmadan sonra bədii özfəaliyyət kollektivlərinin muxtar respublika baxış-müsabiqəsi qaliblərinin yekun konserti olmuşdur.
Xəbərlər şöbəsi