24 Dekabr 2024, Çərşənbə axşamı

Bu rubrika ilə veriləcək yazılarımızda orta əsrlər dövründən başlayaraq müasir dövrümüzədək Naxçıvan torpağının yetişdirdiyi dahilərdən, məşhur şəxsiyyətlərdən söhbət açacağıq. İlk yazımız Şərq aləmində tanınmış filosof və həkim Nəcməddin Əhməd Əbubəkr oğlu Naxçıvani haqqındadır. Bu yaxınlarda Naxçıvan şəhərindəki Nəcməddin Naxçıvani küçəsində olduq. Şərq dünyasına öz adını qızıl hərflərlə həkk edən, Qərbin mərkəzlərində əsərləri qorunan bu şəxsiyyəti, görəsən, bu küçədə yaşayan, bu küçədən keçib işinə, evinə tələsən insanlar tanıyırmı? düşüncəsi ilə Nəcməddin Naxçıvani kimdir? sualını ətrafımdakı insanlara versəm də, onun haqqında tam dolğun məlumat ala bilmədim... Hətta Nəcməddin Naxçıvani adını ilk dəfə eşidirmiş kimi dönüb küçənin adına maraqla baxanlar da tapıldı. Öz fəlsəfi fikirləri ilə şöhrət qazanan, əsərləri dünyanın elm və mədəniyyət beşiklərindən sayılan bir çox şəhərdə mühafizə edilən bu görkəmli şəxsiyyət haqqında oxuculara ətraflı məlumat vermək istədik.

Əlyazma mətnlərdə orta əsr Naxçıvan tibb elminin inkişafında əvəzsiz xidmətləri olan böyük şəxsiyyətlərin yetişdiyi göstərilir. Bunlardan biri də Şərq aləmində tanınmış filosof və həkim Nəcməddin Naxçıvanidir. O, öz dövrünün böyük filosof və mütəfəkkiri olmaqla yanaşı, həm də tibb sahəsində zəngin biliyə malik şəxsiyyət kimi tanınmışdır. N.Naxçıvani Naxçıvanda təhsil almış, elmin bütün sahələrini mükəmməl öyrənmişdir. Ömrünün müəyyən hissəsini Azərbaycanda yaşamış, Marağa rəsədxanasında çalışmışdır. XIII əsrdə yaşamış Nəcməddin Naxçıvani özünün fəlsəfə, tibb, məntiq və təbiət elmlərinə dair əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində şöhrət tapmışdır. Nəsirəddin Tusinin tələbəsi, məşhur alim İbn əl-İbri (1226-1286) Nəcməddin Naxçıvani barədə yazırdi: “O, böyük fəzilət sahibi, dəqiq elmlərin dərindən bilicisi idi. Öz vətənində fəlsəfə ilə məşğul olurdu. Ölkələri səyahətə çıxdı, xeyli gəzib dolaşdı, axırda Kiçik Asiyaya daxil oldu, böyük mənsəblər tutdu. Oradan Suriyaya yola düşdü”.

Naxçıvanın filosof və təbibinin, həmçinin böyük mütəfəkkir-aliminin haqqında Məhəmməd Bağır Xansari (1811-1895) yazır: “O böyük şəxsiyyət Naxçıvan şəhərindən idi və İbn Sinanın əsərlərinə şərhlər yazırdı”.
Qeyd edək ki, dahi filosof haqqında məlumatlara bir çox mənbələr və təzkirələrdə rast gəlinir. Əlyazmalarda filosof və həkim Nəcməddin Naxçıvani haqqında belə deyilir: “Naxçıvani bir filosof kimi Şərq peripatetizminin mükəmməl bilicisi olmuş, ancaq ardıcıl aristotelçi olmamışdır. O, İbn Sinanın kitablarını tənqidi planda araşdırmış, onun bəzi doktrinalarına qarşı öz etirazını bildirmişdir. Mübahisə doğuran fəlsəfi məsələlərdən biri nəfsə dair idi. İnsan cisminin məhvindən sonra nəfsin yaşamasına inanan Naxçıvani Şərq peripatetiklərinin əleyhinə olaraq İbn əl-İbraninin qeyd etdiyi kimi, “tənəsüx təliminə” güclü meyil etmişdir”.
XIII əsrdə yəhudi filosofu İbn Kəmmunə İsraili də başqaları kimi Nəcməddin Naxçıvaninin əsərlərinə şərh yazaraq peripatetik fəlsəfə ilə ona qarşı yönəldilmiş tənqidi fikirləri barışdırmağa səy göstərmişdir. Xucəndi isə Nəcməddin Naxçıvaninin İbn Sina təliminə dair dediyi tənqidi fikirləri qəbul etməmişdir.
Filosofun bir neçə əsəri bütün dünyada tanınır. “Məntiqin məğzi və fəlsəfənin xülasəsi” (“Lübab əl-məntiq və xülasət əl-hikmət”) traktatının bir əlyazması Nəcəf şəhərində mühafizə edilir. Onun İbn Sinanın “Tibb qanunu” (“əl-Qanun fi-tibb”) kitabına yazdığı şərh Parisdə, “İşarələr və qeydlər” (“əl-İşarət vət-təlbihat”) kitabına yazdığı şərh İstanbulda saxlanılır.
Naxçıvanlı həkim haqqında rast gəldiyimiz bu maraqlı məlumatlar qədim diyarımızın mədəniyyət mərkəzlərindən biri kimi, məşhur şairlər, nasirlər, elm və mədəniyyət xadimləri yetirən torpaq kimi tarix boyu diqqət mərkəzində olduğunun səbəbini bir daha açıqlayır.
Bəli, Naxçıvan mühiti tarixin hər dövründə dəyərli ziyalılar yetirmişdir. Kəngərlilər, Şahtaxtinski­lər, Hinduşahlar və sair kimi adlı-sanlı nəsillərin yurd yeri olan Naxçıvan torpağı keçmişdə də, müasir dövrdə də elmin, mədəniyyətin beşiyi olmuşdur.
Əvvəllər mühitlərin bir-birinə təsiri elm adamlarının tanış olduğu diqqətçəkən və yeniliyin duyulduğu materialların səyyahlar tərəfindən öz ölkələrinə aparılması, ya da əsərlərində bu məlumatlardan bəhs edib onu əsaslandırması hesabına yayılırdı. Ərazidən-əraziyə daşınan fikirlər daşındığı regionun tələblərinə uyğun istiqamət və mövqe dəyişdirirdisə də, ümumiləşmiş fikir olduğu kimi qalırdı. Qısaca, yarandığı yerdən qoparılmağa cəhd olunan insanlar kimi, fikirlər də nə qədər dəyişikliyə məruz qalırlarsa-qalsınlar məxsus olduqları regionun izlərini daşımaqdadırlar. Bu, dildə də, ədəbiyyatda da, tarixdə də, incəsənətdə və sair sahələrdə də belədir. Bəzi əsərlərdə isə ortaq arqumentlər, ortaq fikirlər nəzərə çarpır. Bu oxşarlıqlar, fərqliliklər, bəhrələnmə, istinadlar, icazəli və icazəsiz köçürmələr, xalqların ortaq mədəniyyətlərinin tədqiqi zamanı ortaya çıxan və mübahisələrə səbəb olan başlıca amillərdir.
Son olaraq onu vurğulamağa ehtiyac var ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda dünənə böyük ehtiram var. İndi naxçıvanlı bir çox sənətkarın əsərləri yenidən nəşr olunur, folklor nümunələri toplanılır, nəşr edilir, bununla birlikdə Naxçıvandan uzaq düşmüş şəxsiyyətlərin əsərləri axtarılıb tapılır, özümüzə qaytarılır. Bu yolda uğurlu və məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Bizim borcumuz isə mədəniyyətimizə, tariximizə, folklorumuza, milli dəyərlərimizə sahib çıxmaq, onları qorumaq və gələcək nəsillərə çatdırmaqdır.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR