Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış sənət adamları Naxçıvanda ustad dərsləri keçiblər. Bundan başqa, ifaçılar 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış ediblər. Konsertdən sonra onların bir neçəsi ilə həmsöhbət olub, təəssüratlarını öyrəndik.
İlqar MURADOV – Azərbaycan Respublikasının Əməkdar artisti: – Mən Naxçıvana hər gəlişimdə uşaq kimi sevinirəm. Bu da çox təbiidir. Çünki bura mənim doğma Vətənimdir. Doğulub boya-başa çatdığım torpaqdır. Buradakı insanların münasibətindən həmişə müsbət enerji alıram. Naxçıvanda təşkil olunan konsert proqramlarında həmişə böyük məmnuniyyətlə iştirak edirəm. Çünki bu konsertlərdə həmyerlilərimlə görüşürəm. Əlamətdar gün münasibətilə naxçıvanlıların qonağı olduq. Bu torpağın yetirmələri Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Cahangir Qurbanov, Nuriyyə Hüseynova, “Muğam Müsabiqəsi-2013” Televiziya Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə bu konsertdə böyük həvəslə çıxış etdilər. Naxçıvanda əsl bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanların üzündəki xoş təbəssüm məni bir sənət adamı kimi çox sevindirir. Həm də ona görə sevinirəm ki, bu gün Naxçıvanda mədəniyyətin inkişafı yüksək səviyyədədir. Gənc istedadlara böyük qayğı var. Ustad dərslərində bunun bir daha şahidi oldum. Biz dərslərdə gənclərə səs diapazonuna uyğun repertuar seçimi, düzgün tələffüz və vurğu, ifa zamanı tənəffüs orqanlarının fəaliyyətinin düzgün tənzimlənməsi, səhnə mədəniyyəti, jestikulyasiyalardan yerində istifadə ilə bağlı tövsiyələr verdik. İstedadlı gənclərin sayı çoxdur. Onlar gələcəyin peşəkar musiqiçisi kimi yetişirlər. Yaxın gələcəkdə onları böyük səhnələrdə görəcəyik.
Nuriyyə HÜSEYNOVA – Azərbaycan Respublikasının Əməkdar artisti: – İnkişaf edən, çiçəklənən doğma Naxçıvanımla qürur duyuram. Naxçıvanda 2006-cı ildə konsert proqramı ilə çıxış etmişəm. Budəfəki konsertdə mən başqa ab-hava ilə rastlaşdım. Nə gözəldir ki, burada sənətə maraq artıb. Naxçıvan səhnəsi mənim üçün dünyanın ən məşhur səhnələrinə bərabərdir. Səmimi deyim ki, bu qədər konsertlərdə iştirak edirəm, amma bu konsertdə çox həyəcanlı idim. Mənim üçün naxçıvanlılar qarşısında çıxış etmək tam bir məsuliyyətdir. Naxçıvanda mədəniyyətə göstərilən qayğı öz bəhrələrini verir. Sevindirici haldır ki, gənclər arasında Əməkdar artistlər görürük. İştirak etdiyim ustad dərsində şahidi oldum ki, Naxçıvan muğam məktəbi yetişməkdədir. Bunu tam məsuliyyətlə deyirəm. Muğam müsabiqələrində naxçıvanlı gənclərin uğurları artır. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən “Muğam Müsabiqəsi-2013” Televiziya Müsabiqəsində Naxçıvan musiqi məktəbinin yetirməsi Sərxan Bünyadzadənin qalib olması buna sübutdur. Naxçıvanda Sərxan kimi gənclər çoxdur. Ustad dərsində yeniyetmə və gənclərin muğama böyük sevgisini gördüm. İstedadlı gənclər böyük həvəslə qarşımızda çıxış etdilər. Təbii ki, bütün bunlar mədəniyyətimizə, incəsənətimizə göstərilən qayğı hesabınadır. Əvvəllər nə qədər istedad itib-batırdı. İndi muxtar respublikanın bütün rayonlarında müasir uşaq musiqi məktəbləri tikilib, onların təhsili üçün hər cür şərait yaradılıb. Bütün bunlar istedadlı gənclərin üzə çıxarılmasına, onların peşəkar musiqiçi kimi yetişməsinə imkan verir.
Sara Əzimova