24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Rəssamlar Parkının yaradılması haqqında” 2015-ci il 14 noyabr tarixli Sərəncam əsl bayram əhval-ruhiyyəsi yaradıb. Sərəncamla bağlı bir neçə rəssamla həmsöhbət olub təəssüratlarını öyrəndik.
Ülviyyə HƏMZƏYEVA – Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri: – Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, rəssamlığın inkişafında da əsaslı dönüş yarandı. Buna əyani misal olaraq 2002-ci ildə ulu öndərin tövsiyəsi ilə Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin fəaliyyətə başlamasını göstərmək olar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu sahənin inkişafına xüsusi diqqət yetirir. 1998-ci ildə Rəssamlar Birliyinin sərgi salonunun əsaslı təmir edilməsi, 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilməsi, 2011-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni inzibati binasının və Bəhruz Kəngərli adına Sərgi Salonunun rəssamların ixtiyarına verilməsi, Rəssamlar Birliyinin 40 illik yubileyinin keçirilməsi muxtar respublikada rəssamlıq sənətinə göstərilən qayğının təzahürüdür.

Muxtar respublikada yaşayıb-yaradan rəssamların əsərlərindən ibarət sərgilərin birində Ali Məclisin Sədri deyib: “Bu sahəyə ona görə diqqət göstərilir ki, Rəssamlar Birliyi muxtar respublikanın ictimai həyatında fəal iştirak etsin, yeni rəssamlar yetişdirilsin, Bəhruz Kəngərli ilə başlanan yol davam etdirilsin”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin növbəti sərəncamı biz rəssamlara əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Sərəncama əsasən, Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının yaradılması və rəssamın heykəlinin ucaldılması Bəhruz Kəngərli irsinə göstərilən ehtiramın, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin göstəricisidir.
İnanıram ki, muxtar respublikada yaşayıb-yaradan rəssamlar bu parkın gələcəkdə Naxçıvanın tarixini və mədəniyyətini təbliğ edən mühüm bir yaradıcılıq məkanına çevril­mə­si üçün bütün güclərini səfərbər edəcəklər.
Bütün bu işlərə və muxtar respublikada rəssamlığın inkişafına göstərilən yüksək dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə naxçıvanlı rəssamlar adından dərin minnətdarlığımı bildirirəm.
Əli SƏFƏROV – Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı: – Bu günlərdə xoş bir xəbər eşitdik: görkəmli rəssam Bəhruz Kəngərlinin Naxçıvan şəhəri, İstiqlal küçəsi 52-də heykəli qoyulacaq və həmin ərazi Rəssamlar Parkı adlanacaqdır. Realist Azərbaycan rəssamlığının əsasını qoyan Bəhruz Kəngərlinin irsinə muxtar respublikada daim böyük diqqət və qayğı göstərilib, adının əbədiləşdirilməsi, yaradıcılığının tədqiqi və təbliği sahəsində bir sıra işlər görülübdür. Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılıb, görkəmli rəssamın 120 illik yubileyi geniş şəkildə qeyd olunub. Həmçinin Bəhruz Kəngərlinin əsərlərindən ibarət kitab-albomun hazırlanması realist rəssamın xatirəsinə böyük ehtiramdır.
Belə diqqət və qayğı olan yerdə rəssamlarımız da yüksək uğurlar qazanmağa çalışırlar. Bu gün naxçıvanlı rəssamların xoş sorağı müxtəlif xarici sərgi salonlarından gəlir. İnanırıq ki, Naxçıvan Muxtar Respublikasında yeni istifadəyə veriləcək yaraşıqlı park hər bir vətəndaşın istirahəti üçün ən gözəl məkanlardan biri olacaq, hər bir naxçıvanlının zövqünü oxşayacaq, əsl seyrəngaha çevriləcəkdir.
Həbibə ALLAHVERDİYEVA – Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı: – Muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, rəssamların yaradıcılıq imkanları artırılır, onlar müvafiq iş və emalatxana ilə təmin olunurlar. Həmçinin Azərbaycan boyakarlıq sənətinin klassik və müasir nümayəndələrinin albom-kataloqları hazırlanıb nəşr olunur. Rəssamlar Birliyinin rəsmi internet saytının yaradılması, birliyin gənclər bölməsinin təşkil edilməsi, muxtar respublikada iki dəfə “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı rəsm festivalının keçirilməsi, rəssamların fəxri adlarla, orden və medallarla təltif olunması, onların əl işlərinin satışının təşkil edilməsi bu sahəyə göstərilən diqqət və qayğının əyani sübutudur. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisaslarının açılması gənc rəssam nəslinin yetişməsi və orta məktəblərdə təsviri incəsənət dərslərinin tədrisinin daha yaxşı aparılması üçün göstərilən böyük təşəbbüsdür.
Yeni parkın yaradılması bu tədbirlərin davamıdır və muxtar respublikada fəaliyyət göstərən rəssamların qayğı ilə əhatə olunduğunun ifadəsidir.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR