Dünən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində muxtar respublikanın bütün bölgələrində fəaliyyət göstərən muzey bələdçiləri üçün seminar-ekskursiya keçirilib.
Seminar-ekskursiyada Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının şöbə müdiri Həsən Kərimov çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci il üçün iş planına əsasən, il ərzində muzey işçilərinin peşə hazırlığının yüksəldilməsinə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Məqsəd rayonlarda fəaliyyət göstərən muzey bələdçilərinin bu seminarlarda iştirakını təmin etməklə onların fəaliyyətini stimullaşdırmaq, ekskursiya işinin təşkili ilə əlaqədar mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, eyni zamanda muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylər arasında qarşılıqlı əlaqələrin inkişafına köməklik göstərməkdən ibarətdir.
Qeyd olunub ki, muzeylərdə kadr işi sahəsində mövcud olan çatışmazlıqlar aradan qaldırılır. Vakant vəzifələrə ixtisaslı kadrlar seçilib yerləşdirilir.
Ali Məclis Sədrinin müvafiq sərəncamına əsasən, muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin qurulması sahəsində lazımi tədbirlər görülüb.
Sonra Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Vilayət Bağırov çıxış edərək seminar-ekskursiyaların bölgələrdə keçirilməsinin əhəmiyyətini qeyd edib.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə bələdçinin təqdimatı ilə baxıldıqdan sonra bələdçilərin suallarına cavab verilib, seminar-ekskursiya iştirakçılarına metodik tövsiyələr paylanılıb.
Əli RZAYEV