Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Artıq 20 ildir ki, sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.
Dünən bu əlamətdar gün münasibətilə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının ətrafında tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova tədbirdə çıxış edərək bildirmişdir ki, bu gün anadan olmasının 130 illiyi tamam olan Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə professional musiqinin banisi, dahi sənətkar, görkəmli ictimai xadim, jurnalist, ən əsası fitri istedad sahibi kimi daxil olmuşdur. Dahi bəstəkarın musiqi sənətinə məftun olmayan azərbaycanlı tapmaq çətindir. Dünyanın hansı yerində Azərbaycan musiqisinin adı çəkilirsə, orada böyük bəstəkarın adı mütləq xatırlanır. Məhz dahi Üzeyir Hacıbəyovun sayəsində Azərbaycanda bəstəkarlıq məktəbi yaranmış, peşəkar musiqiçilər yetişərək milli musiqimizi yüksək səviyyəyə qaldırmışlar. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycan musiqi sənətinin inkişafı daha dinamik xarakter almış, korifey sənətkarlarımız ölkənin ən yüksək fəxri adlarına layiq görülmüş, dövlət mükafatları almışlar.