24 Dekabr 2024, Çərşənbə axşamı

 

 

 

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası ərazisində olan tarixi məkandır və burada son onilliklər ərzində ali təhsil müəs­sisələrinin tikintisi, dini memarlıq abidələrinin bərpası, arxeoloji ərazilərin, eləcə də qalaların və abidələrin qorunması istiqamətində çox mühüm işlər görülmüşdür. Bütün bu işlər Azərbaycan Respublikasının zəngin mədəniyyətini, unikal dövlət quruculuğunu nümayiş etdirir və yaşadır. 

XVII əsrdə Ordubad rayonunun Biləv kəndində Abid adlı heykəltəraş daş qoç fiquru hazırlamışdır. Həmin dövrə aid оlan çоxsaylı daş qоç fiqurtipli qəbirüstü xatirə abidələrinin bir hissəsi indiyədək kənd qəbiristanlığı və Ordubad şəhərindəki muzeydə saxlanılır. 2014-cü ildə bu rayona səfərim zamanı Abidin əsərlərini görmək imkanım oldu. Dünya sivilizasiyasının beşiyi olan Naxçıvanda gördüyüm daş qoç heykəlləri Avropa heykəltəraşlıq məktəbi üçün yeni standartlar yaratmış və sübut etmişdir ki, əvvəllər də burada heykəltəraşlıq sənəti yüksəlişdə olmuşdur. Azərbaycanın digər rayonları ilə müqayisədə Naxçıvanın qədim tarixi vardır və dünyaya çoxlu alimlər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kimi uzaqgörən dövlət rəhbərləri, tanınmış memarlar və iqtisadçılar bəxş etmişdir. Bu şəxslər Xəzər regionunun iqtisadi inkişafına böyük töhfələr vermişlər.

Keçmişdə burada baş vermiş bir çox faciəli tarixi hadisələrə baxmayaraq, Naxçıvan bu gün iqtisadi inkişafı, qədim qalaları və dini memarlığı ilə bütün dünyanı təəccübləndirir. Həmçinin Naxçıvan Avro­asiyanın kəsişdiyi yerdə bir çox şəhərlərin inkişafına da təsir göstərir.
Naxçıvan qədim dövrdən bəri ədəbiyyat sahəsində də zəngin ənənəyə malik olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanının boylarında olan süjetlərin bəziləri Naxçıvanla bağlıdır və həmin boylarda burada olan tarixi yerlərdən söz açılmışdır. Mütəxəssislər boylarda baş verən hadisələrin, xüsusilə “Basatın Təpəgözü öldürməsi” və “Bəkilin oğlu İmranın”, əsasən, Naxçıvan ilə bağlı olmasını təsdiq edirlər. Həmçinin “Koroğlu”, “Əsli və Kərəm”, “Qaçaq Nəbi” dastanlarında da Naxçıvan süjetləri, coğrafi adları və qəhrəmanlara rast gəlinir. Azərbaycan xalqına məxsus şifahi xalq ədəbiyyatının janrından olan haxışta, gülümeyi və yallıbaşı mahnılarında da Naxçıvan folklorunun izləri vardır. Şifahi xalq ədəbiyyatının ən mühüm sahələrindən olan aşıq sənəti (əsasən Şərur və Şahbuz rayonları) burada inkişaf etmişdir. Bundan əlavə qeyd etmək olar ki, qədim zamanlarda Qətran Təbrizi kimi çoxlu sayda tanınmış şairlər və yazıçılar Naxçıvanda yaşamış və kitablar yazmışlar.
Naxçıvan şəhərindən 12 kilometr cənub-şərqdə Araz çayının sahilində orta əsr şəhəri Astabad yerləşir. Bu şəhərin qalıqları Babək qəsəbəsi yaxınlığındadır. XIV əsrə aid yazılı rəsmi sənədlərdə, Rusiyada mövcud olan əlyazmalarda və qonşu əyalətlərdə Astabad adına təsadüf edilir. XVIII-XIX əsrlərdə bu ad tədricən unudulmuş, yaxınlığındakı məbədin adı ilə bəzən Qızılburun adlandırılmışdır. 1895-ci ildə Qızılburunda gildən hazırlanmış kişi heykəlciyi tapılmışdır. Burada olan qədim qəbiristanlıqda aparılan arxeoloji qazıntılar zamanı (1926) Tunc dövrünə aid boyalı qablar, silahlar, üzərində insan təsviri olan daş və sair aşkar edilmişdir. Orta əsrlərdə Astabad Hürufiliyin mərkəzlərindən biri olmuşdur. Tədqiqatçılara görə, həmin hərəkatın banisi Fəzlullah Nəimi Astabadda yaşamış və “Astabadi” təxəllüsü daşımışdır. Bu şəhər feodal ara müharibələri nəticəsində dağıdılmış və Araz Su Anbarının tikintisindən sonra su altında qalmışdır.
Abbasabad qalası Naxçıvan şəhərindən 6 kilometr cənub-şərqdə Araz çayının sahilində yerləşir. Bu qala fransız hərbi mühəndislərin layihəsi əsasında 1809-1810-cu illərdə inşa edilmişdir. Əlbəttə, birinci dəfə idi ki, fransız hərbi mühəndislər Xəzər regionunda olan bir ölkədə hərbi infrastrukturun inkişafına böyük təsir göstərmişlər. Beşbucaq şəklində olan qalanın bürcləri vardır. Qala divarlarının hündürlüyü 4,3 metr, qalınlığı isə 60 santimetr idi. Qala Naxçıvan xanlığının müdafiəsində xüsusi strateji rol oynamışdır. Bir sözlə, Abbas­abad qalası hərbi zərurətdən yaranmış müdafiə istehkam idi.
Birinci Rusiya-İran müharibəsinin gedişində (1804-1813) dəfələrlə ağır məğlubiyyətə uğrayan İran tərəfi Naxçıvan xanlığının ərazisində özünün hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. Abbasabad qalası Abbas Mirzənin arzusu ilə fransız mühəndislər tərəfindən Naxçıvanda tikilmiş və İran taxt-tacının vəliəhdinin şərəfinə adlandırılmışdır. Avropa memarlığı üslubunda tikilən bu qaladan Araz çayı üzərində olan keçidin müdafiəsi təşkil olunmaqla yanaşı, həm də Cənubi Azərbaycana gedən yola nəzarət etmək və lazım gəldikdə bu yolu bağlamaq mümkün idi. Qala İran mövqelərinin rus ordusunun hücumlarından qorunması üçün mühüm məntəqə hesab edilirdi.
Abbasabad qalasındakı istehkamlardan ikisi Araz çayına söykənirdi. Bu istehkamların başlıca vəzifəsi zərurət nəticəsində qala qarnizonu geri çəkilərkən onun Araz çayının sağ sahilinə təhlükəsiz keçməsini təmin etməkdən ibarət idi. O.Yevetski yazırdı ki, Abbasabad qalası fransız və ingilis zabitləri tərəfindən tikilib möhkəmləndirilmiş, bürcləri olan beşbucaqlı poliqondur. Abbasabad qalası vaxtilə bu bölgədə mövcud olan qədim Astabad yaşayış məntəqəsinin yerində inşa edilmişdir. 1834-1835-ci illərdə Naxçıvan bölgəsində olmuş F.Korf qalanın tikilmə tarixindən bəhs edərkən yazırdı: “Mən 25 il əvvəl bu ölkədə Abbas Mirzə tərəfindən tikdirilmiş Abbasabad qalasını gördüm. O, Abbas Mirzənin yanında xidmət edən bir fransız mühəndisin planı əsasında tikilmişdir”.
Abbasabad qalası rus tarixçisi N.Nefedovun 1839-cu ildə nəşr olunmuş yol qeydlərində daha ətraflı təsvir olunur. Qeyd olunur ki, Naxçıvanın əks tərəfində təbiət hadisələri nəticəsində tərk edilib dağıdılmış Abbasabad qalası görünür. Mən fransız mühəndislərin tikdikləri bu tikiliyə baş çəkməyi özümə borc bildim. Daşla hörülmüş və lazım gəldikdə su ilə doldurulan dərin xəndək, ikiqat mazğalı olan divar, bürclər, daşla örtülmüş yollar və istehkamın müdafiə vasitələri göstərir ki, qalanı tikənlər burada, həqiqətən, çox böyük məharətlə çalışmışlar. Onu da xüsusi qeyd etmək lazımdır ki, onlar böyük uzaqgörənliklə qalanı elə tikmişlər ki, körpü üzərinə çıxan qarnizon Arazın o tayına öz ölkələrinin içərilərinə təhlükəsiz keçə bilsin. Abbas­abad qalası birinci Rusiya-İran müharibəsinin gedişində fransızlar tərəfindən tikilmiş, Gülüstan müqaviləsindən (1813) sonra isə ingilislər tərəfindən bərpa edilərək yenidən qurulmuşdur. Abbasabad qalası İran ordusunun Cənubi Qafqazda mühüm dayaq məntəqələrindən biri olub, Azərbaycanın cənubuna gedən yolun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edirdi.
İkinci Rusiya-İran müharibəsi zamanı (1826-1828) Abbasabad qalasında ağır döyüşlər baş vermişdir. Qalanı 4000 döyüşçü və 500 atlı müdafiə edirdi. Qalanın baş mühafizi İran ordusuna komandanlıq etmiş Abbas Mirzənin kürəkəni Məhəmməd Emin xan idi. Ehsan xan Kəngərli də bu qalanın mühafizi olmuşdur.
Abbasabad qalası kimi tarixi abidələr Azərbaycan tarixi barədə əlavə tədqiqatların aparılmasına və arxe­oloji tədqiqatlar üçün önəmli olan yerlərin qorunmasına zəmin yaradır. Azərbaycanın qədim tarixi vardır və bu tarix arxeoloji ərazilərdə, xalqın mədəniyyəti üçün mühüm varlıq hesab olunan qalalarda aparılan tədqiqatlarla təşviq edilməli və tanıdılmalıdır.

Peter TASE
16.08.2015
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” qəzeti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR