24 Dekabr 2024, Çərşənbə axşamı

 Xalqımızın milli dəyərlərinin yaşadılması və tarixi yaddaşının bərpasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur

Hər bir xalqı yaşadan onun milli dəyərlərinin – dilinin, adət-ənənələrinin, mədəniyyətinin olduğunu tarix dəfələrlə sübut etmişdir. Məhz milli dəyərlərinə görə də xalqlar bir-birindən fərqlənirlər. Ona görə ölkəmizdə bu dəyərlərin qorunmasına həmişə mühüm əhəmiyyət verilmişdir. Qeyd edək ki, yetmiş illik sovet rejimi dönəmində bir çox milli dəyərlərimizə müəyyən qadağalar qoyulmuşdu. Buna baxmayaraq, öz dərin köklərinə bağlı olan xalqımız əsrlərin sınağından keçib gələn bu qiymətli sərvətimizi qorumuş və bu günümüzə gətirib çatdıra bilmişdir. Unudulmaqda olan bu milli sərvətin bərpası və inkişafı yolunda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xeyli iş görülmüşdür.

1969-1982-ci illərdə ulu öndəri­mizin səyi nəticəsində Azərbaycan sosial-iqtisadi və mədəni cəhətdən böyük inkişaf yolu keçmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin həmin illərdə həyata keçirdiyi tədbirlər bugünkü müstəqil Azərbaycan dövlətinin yaranmasına səbəb olmuşdur. Milli düşüncəli ziyalıların dahi şəxsiyyət Heydər Əliyev tərəfindən himayə olunması, milli dəyərlərimizin elmi cəhətdən öyrənilməsi istiqamətindəki təşəbbüslər zaman keçdikcə öz bəhrəsini vermişdir.

Azərbaycanın siyasi tarixinin son 45 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz bütün həyatını doğma xalqının, Vətəninin tərəqqisinə həsr etmiş, milli dövlətçiliyimizin, müstəqilliyimizin əbədi olmasını, milli dəyərlərimizin qorunub indiki nəslə çatdırılmasını təmin etmişdir.
Azərbaycanda sovet hakimiyyətinin elan edilməsindən sonra milli dəyərlərimiz, adət-ənənələrimiz keçmişin qalığı kimi qiymətləndirilərək yasaq olunmuşdur. Milli dəyərlərimiz haqqında düşünən kəslər, milli ruhu və dəyərləri qoruyub saxlamaq istəyən ziyalılar xalq düşməni adı altında məhv edilmişdir. Doğma dilimiz olan Azərbaycan dili 1978-ci ilə kimi dövlət dili statusu almamışdır. Tariximizi təhrif edərək xalqımızı öz soykökündən ayırmağa çalışmışlar.
Milli dəyərlərimiz xalq tərəfindən gizli də olsa, qorunub saxlanılır, yaşadılırdı. 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsi ilə bu sahədə tarixi dönüş baş vermişdir. Rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış edən ulu öndər Heydər Əliyev tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə, milli dəyərlərimizə sahib çıxaraq, onları qoruyub saxlayaraq inkişaf etdirirdi. Bu dövrdə yeni yaşayış məntəqələrinə və obyektlərə milli qəhrəmanlarımızın adları verilir, tarixi yer adları bərpa olunur, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi filmlər çəkilirdi. Azərbaycan ədəbiyyatında, musiqisində, təsviri sənətində xalqın milli ruhunu, adət-ənənələrini təbliğ və tərənnüm edən çoxsaylı yaradıcılıq nümunələri meydana çıxırdı.
Dahi şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyətinin 1969-1982-ci illərini öyrəndikcə görürük ki, ulu öndər dilimizə, tariximizə, mədəniyyətimizə, musiqimizə, ədəbiyyatımıza məhz dövlətçilik mənafeləri baxımından yanaşmışdır. Ümumiyyətlə, xalqımızın böyük oğlu Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə məqsəd və məramı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirməklə, xalqın milli dirçəlişi, milli qürur hislərinin oyanışı ilə müstəqil dövlətimizi yaratmaq olmuşdur.
1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndərimiz milli dəyərlərin qorunub yaşadılması sahəsində ötən əsrin 70-ci illərindən başlanan işləri Azərbaycanın müstəqil dövlətçilik şəraitində davam etdirmiş, milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirmiş, Azərbaycançılığı ümummilli ideologiya kimi irəli sürmüşdür. Bu ideologiyanın əsasını təşkil edən milli dövlətçilik, vətənpərvərlik, adət-ənənələrə bağlılıq prinsipləri bu gün də milli dəyərlərimizin yaşamasına təminat verir. Müstəqillik illərində də milli dəyərlərimizə münasibətdə ulu öndər Heydər Əliyevin mövqeyi aydın, tələbi qəti idi: “Gərək hər bir insan, xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə, yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Ümummilli lider Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Milli dəyərlərimizə dərindən bələd olan ümummilli lider xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq, Azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Görkəmli dövlət xadimi Heydər Əliyev milli dəyərlərimizin öyrənilməsini, qorunub-saxlanılmasını, inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürür və göstərirdi ki, bunları qoruyub-saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Ulu öndər deyirdi ki, milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli dəyərlərin qorunmasının və müstəqil inkişafının təmin olunması məqsədi daşıyır.
Heç bir dövlət başçısı, heç bir siyasi lider milli ideologiyanın mühüm və əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması, onun həyata keçirilməsi sahəsində ulu öndərimiz Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməmişdir. Dahi rəhbər milli dəyərlər uğrunda mübarizənin önündə həmişə özü gedir və milli ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə səfərbər edirdi. Ulu öndər hətta rəsmi sərəncamlarla, xüsusi qərarlarla milli yaddaşın bərpasına, milli köklərə qayıdışın sürətləndirilməsinə istiqamət verirdi. Belə ki, Füzulinin 500 illik yubileyinin, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin böyük təntənə ilə keçirilməsi məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü idi.
Təbii ki, bütün bunlar – milli ideologiyamızın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycançılıq xətti bir tərəfdən Azərbaycanda vahid milli dövlətçiliyin formalaşmasını, milli yetkinləşmə və bütövləşməni nəzərdə tuturdusa, digər tərəfdən Azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini əsas götürürdü. Ulu öndər üçün ana dili Azərbaycançılıq ideologiyasının başlanğıc məqamı, təməl prinsipi, ən böyük milli dəyər idi. Məhz bu baxımdan dahi şəxsiyyət qeyd edirdi ki, xalqa milli dəyərləri aşılamaq üçün, ilk növbədə, ona dilini qaytarmaq və sevdirmək lazımdır: “Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, şeirlərimiz, mahnılarımız, incəsənətimiz, xalqımıza mənsub olan adət-ənənələrimizdir”.
Sevindirici haldır ki, ümummilli liderimizin bu sahədə müəyyənləşdirdiyi ənənələr müqəddəs bir miras kimi yenə də yaşadılır, qorunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində Azərbaycan bu gün lider ölkəyə çevrilmişdir. Azərbaycan mədəniyyətinin inkişafına, milli dəyərlərimizin yaşadılmasına dövlətimiz xüsusi qayğı göstərir. Ölkə başçısının sərəncamı ilə Azərbaycan klassik ədəbiyyatının yeni əlifba ilə nəşr edilib xalqa çatdırılması bu sərvətlərin qorunması naminə ən uğurlu addımlardan biridir.
Dövlət başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 fevral 2015-ci il tarixdə imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam milli-mədəni irsi qoruyub yaşatmağa və yeni nəsillərin Azərbaycançılıq ruhunda tərbiyə olunmasına xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 25 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir.
Dövlət siyasətində hər bir azərbaycanlının, hər şeydən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. “Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür. Bütün bunlar müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, Azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.
Müasir dövrdə şəxsiyyətin formalaşmasında milli dəyərlərin təsirini gücləndirmək işində keçmiş tarixi ənənələrə və milli dəyərlərə qayğı ilə yanaşmaq, eyni zamanda müasir dünyada gedən qloballaşma proseslərinin yaratdığı ümumbəşəri dəyərlərin müsbət tərəflərini əxz etmək çox vacib şərtdir. Bu reallığın düzgün qiymətləndirildiyi Naxçıvan Muxtar Respublikasında milli dəyərlərin qorunması və inkişafı daim diqqət mərkəzində saxlanılır. Azərbaycanın siyasi-iqtisadi və sosial inkişafına öz layiqli töhfələrini vermiş muxtar respublikamızda milli dəyərlərə böyük diqqət, qayğı və hörmət göstərilir. 1995-ci ildən muxtar respublikamızda milli dəyərlərimizin, milli tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin, adət-ənənələrimizin qorunması, zənginləşdirilməsi həmişə diqqət mərkəzində olmuşdur. Milli dəyərlərə hörmət və ehtiramla yanaşma, bu dəyərlərin elmi baxımdan öyrənilməsi, təbliğ edilməsi istiqamətində aparılan məqsədyönlü siyasət böyük nailiyyətlərin qazanılmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2012-ci ilin “Milli dəyərlər ili” elan olunması isə muxtar respublikamızda bu sahədə həyata keçirilən tədbirlərin daha intensiv xarakter almasına geniş imkanlar açmışdır.
Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı artıq bir neçə ildir ki, diyarımızda xalqımızın milli dəyərlərinin təbliği işinə çox ciddi töhfələr verməkdədir.
Doğma Naxçıvanımız neçə illərdir, böyük tikinti meydançasını xatırladır. Hər il diyarımızın müxtəlif ünvanlarında onlarla yeni obyektlər istifadəyə verilir. Qürurverici haldır ki, yeni inşa olunan, yaxud əsaslı şəkildə yenidən qurulan bütün sosial obyektlərdə, həyata keçirilən digər quruculuq tədbirlərində, ilk növbədə, milli arxitektura üslubuna üstünlük verilir. Bu da milli dəyərlərə sadiqlik, beş min ildən artıq şəhərsalma tarixi olan bu ulu, qədim diyarın dünənini yaşatmaq, bu gününü gələcəyə daşımaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün muxtar respublikamızda milli dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlər xalqımızın bu dəyərlərə sadiqliyinin, ulu öndərin müqəddəs irsinə dərin hörmətin təzahürü, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin mənəvi irsinin təbliği işinə də böyük töhfədir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Milli dəyərləri olmayan millət həqiqi millət, milli dəyərləri olmayan xalq həqiqi xalq ola bilməz. Bizim milli dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Biz öz milli dəyərlərimizlə fəxr edirik”.

Namiq MƏMMƏDOV
Azərbaycan Respublikasının Əməkdar müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR